Yuxudan ayılmışam, baxıram hələ Qobustandayıq. Bir az əsəbləşdim. Çünki, gecə yatmamışdım. İndi də yaxşı yata bilməsəm, tur boyunca narahat olacam. Sağıma baxdım, İlqar da kapuşonu başına keçirib yuxudadır. Bir az telefonda qurdalandım, təzədən yuxum gəlməyə başladı. Bir də ayıldım ki, Mücü kəndindəyik. Kəndə qədər yatdığıma görə ayrıca sevinirəm.
Ətrafda hər yer ağ-appaqdır. Nəhayət qar görürəm. Martın 1-i, bəli martın biri. Ancaq bu həm də marşrutu çətinləşdirən amildir. Mən qoçaq da tozluq gətirməmişəm. Hesablamağa çalışdım, zirvəyə qədər ayağım su olmasa əla olacaq. Daha çox ümid etdim buna.



Yol boyunca hər şeyin ağ olmasına uşaq kimi sevinirəm. Normalda gedəcəyim yerin xəritəsinə, yoluna, öncədən gedənlərin treklərinə də(xüsusi programlar vasitəsilə həm mən getdiyim yolları qeyd edir, başqalarına kömək oluram, həm də onların getdiklərinə baxaraq yolumu tapa bilirəm) baxmamışam. Bu dəfəki səfərim bir az Bakıdan qaçış kimi oldu. Öncədən də bu marşrutu getmişdim. İlqar göndərən kimi qəbul etdim. Yanvar, fevral aylarında şəhərdən çıxa bilmədiyim üçün çox narahat idim. Sanki havam çatmırdı. Digər tərəfdən də, Babəkə arxayınam. O hər detalı düşünüb, təhlil edir. Hər hansı narahatlığa ehtiyac yoxdur.
Meşədən çıxana qədər bir az çətin gedirdim. Üstümdəki qalın geyimləri çıxardıqca daha rahat oldum. Digər tərəfdən oruc olmağım da bir az təsir edir. Şəhərdə gündəlik iş qrafikimdə çox da çətin gəlmir. Burada isə yüksəklik artdıqca nəfəs almaq çətinləşir. Bunun üçün də tez-tez su içmək lazımdır. Madam ki, burdayam, deməli öhdəsindən də gələcəm.




Açıqlığa çıxanda həm hava nisbətən daha aydın idi, həm də yamacın dikliyi aşağıdakı kimi sərt deyildi. Ancaq burada qar daha qalın idi. Üstəlik duman da daha qatı. Aşağıda çiçək açan zoğalla qarın davası gedirdi. Zoğal mənim vaxtımdır deyib üsyan edir, qar isə nə olar bir az daha qalım deyə əl-ayağa düşüb. 2 ay sonra buranın yamyaşıl olacağını düşünəndə Sübhanallah dedim. Bizə adi gələn şeylər, əslində necə də möhtəşəm bir nizam içindədirlər.

Yolda Pakistanlı iştirakçılardan birinə tərcüməçilik etmə qəflətinə düşdüm. İngiliscə başa düşdüyünü gördükcə daha çox özünü yerə atdı. Sən demə ilk dəfə təbiət səfərinə gedirmiş. Onunla qalmaq hər tərəfli ona da, mənə də, qrupa da ziyan olduğunu düşünüb bələdçiyə əmanət elədim. Biz isə İlqarla yolumuza və söhbətimizə davam etdik.
Zirvəyə çatana yaxın çox möhtəşəm sərt qayalıq var. Həvəslə İlqara da göstərmək istəyirdim. Onun geoloq olması, Təbiətin minillilklərinə qədər bilməsi ayrıca xoşuma gəlir. Dünya görüşlərimizin də ortaq olması, yol boyunca səssiz anlaşa biləcəyimiz yoldaşa çevirir hər ikimizi.





Zirvəyə çatanda yenə də qrupdan kənardayıq. Sanki “bu adamlardan Bakıda da var. Burda da niyə bu qədər danışırlar” tərzində düşüncələr keçir beynimdən. İnsan səsi də yorur insanı. Halbuki 2-3 saatlıq yolumu itirsəm bu dumanda, insan səsi eşidəndə illər sonra çempion olan Fənərbaxça azarkeşi kimi sevinəcəm. İnsan həqiqətən çox nankordur. Öncə insanları, sonra özümü də qınadığıma görə bu günlük Azərbaycanlılıq normativimi tamamlamış oldum. Qrupla olan fotonu heç istəmədim. Bircə Babək və İlqarla olan fotolar maraqlıdır açıqcası. Onları da görürsünüz. “1800 metrdə nə bayraq tutmusan?” sualını Vallah özüm də verirəm. Orda qaza gəldim. Sonra da fotonu bəyəndim. Məcbur baxacaqsınız. Edəcəyiniz başqa şey yoxdur.



İndi qayıtmaq vaxtıdır. Bayaq ayaqları bir-birinə qarışan Pakistanlı qardaşımız cüyür olub aşağıya doğru şütüyür. Onları da keçdikdən sonra Babəkdən icazə alıb, bir az daha sürətlə getdik. 30-lu yaşlarda adamlar Kimdənsə icazə alır deyə düşünməyin. “Yakarım sizi” Dağda Kral, bələdçidir. O nə deyirsə odur. Sözünün qarşısına söz qoymaq olmaz. Çünki onlar bütün təhlükəsizlik tədbirlərindən də cavabdehdirlər. Keçmiş bələdçi olaraq buna hörmət etmək, yeri gələndə dəstək olmaq çox xoşdur.
İlqara dedim ki, aşağıya çatdığımızı bilmək üçün suya çatmağımız yetərlidir. Dərənin içi ilə çox az yolumuz qalacaq. İlk dəfə gələndə Sulut kəndindən gəlmişdim. Mücü kəndindən olan marşrut daha gözəl və çətindir. Bəlkə də çətin olduğu üçün gözəl də gəldi.



Kəndə çatanda çox gözəl bir gün batımı bizi qarşıladı. İlqara dedim ki, bu gün hər şey çox möhtəşəm gedir. Bu günəş yuxarıda olanda çıxsaydı, qar palçıq olacaq, havada isti olacağına görə tərləyəcəkdik. İndi kəndə çatanda isə, dağlar, buludlar, qar və günəş çox möhtəşəm ambians yaradır. Bir müddət fasilə verib sadəcə gördüklərimizə tamaşa elədik.



Bəli, ayaqqabılarım zirvəyə çatmadan su olmuşdu. Bilin görək mən qoçaq başqa nə gətirməmişəm. Bəli, tamamilə düzdür. Dəyişək ayaqqabı da gətirməmişəm. Corablarımı dəyişib, bir müddət ayaqlarımı köynəyinə büküb oturdum. Ayaqlarım isindi. İlqar özünün ikinci ayaqqabılarını mənə verdi. Evə də onlarla gəldim. Yəni hər hansı problem dünyanın axırı demək deyil. Bir şəkildə həll olunur. Amma yekəbaşlıq da etmək olmaz. Şəxsən mən gələn dəfə gedəndə bütün təchizatı tamamlayıb gedəcəm. Dərs oldu.

Belə sizinlə danışırmış kimi davrandığım əslində özümlə danışdığım bir bloqun da sonuna gəldik. Linkə keçid edib, sona qədər oxuyan barmaq və gözləriniz var olsun. Digər bədən əzalarınızla bağlı heç bir arzum yoxdur. Onların da var olmasını istəyirsinizsə, siz də arada təbiətə çıxın. Kim bilir növbəti turda sizinlə söhbət etməmək üçün qabağa keçdim bəlkə. Növbəti səfərlərdə görüşənədək.