Son dövrlərdə insanların ağız dolusu “Mən mükəmməliyyətçiyəm” deyərək öyündüyü əslində isə problem olan mükəmməliyyətçilikdən danışmaq istəyirəm. Əlbəttə ki, ilk öncə mahiyyətini başa düşməyimiz lazımdır. Mükəmməliyyətçilik – insanın özündən həddindən yüksək gözləntilərinin olması və bu gözləntiləri həyata keçirmək üçün aşırı təşvişdə olması, yəni bunlarla bağlı aşırı özünü mühakimə vəziyyətində olmasıdır. Onu da qeyd edim ki, mükəmməliyyətçi insanların çox qəddar iç səsi olur. Başqalarına mülayim davransalar da, özlərinə qarşı çox amansızdırlar.

Səbəbləri:
- Mükəmməliyyətçi mühit – ailə, müəllim, dostlar və s. (Mənim oğlum bütün fənlərdən 5 almalıdır)
- Özgüvən əskikliyi (mükəmməl edə bilmirəmsə, deməli, bacarıqsızam )
- Uyğun olmayan özünü qiymətləndirmə səviyyəsi (mən hər şeyin ən yaxşısına layiqəm )
- Həyat və özü haqqında yanlış inanclar (Güclü insanlar hər şeyi mükəmməl edənlərdir)
Göstəriciləri:
- Səhv etdiyimizdə özümüzü aşırı yükləmək
- Ən xırda səhvdə dəyərsiz hiss etmək
- Bir neçə işi eyni anda etməyə çalışdığımız üçün yarımçıq işlər ordusu
- Bacardıqlarından çox bacarmadıqlarına fokuslanmaq
- Yetərincə yaxşı(sevimli, cazibəli, uğurlu) deyiləm
- Ən yaxşısını etməliyəm
- Ən yaxşısına çalışarkən zamanlama problem
- Ən yaxşısını etmək üçün davamlı ertələmə

Bizə nə verir?
- Real olmayan gözlənti (depressiya)
- Davamlı təşviş (mədə xəstəlikləri)
- Daim təzyiq altında hiss etmək (miqren, baş ağrıları)
- Özünü günahlandırmaq (özgüvən əskikliyi)
- Yetərsiz, çarəsiz hiss etmək (depressiya)
- Davamlı görəcəyin işlərə baxmaq (etdiklərim adi şeylərdir onsuzda)
- Tükənmişlik sindromu
Bəs yaxşı necə aradan qaldıra bilərik ?
- Özümə belə qaydalar qoyanda hansı mənfi nəticələr baş verir? (yorğunluq, günahlandırma, çarəsizlik)
- Hədəf və məqsədləri gözdən keçir (bəlkə heç bu məqsədi istəmirsən ?)
- Səhvlərini qəbul et (mən bir insanam və səhv etməyim çox normaldır.)
- Özünü olduğun kimi qəbul et ( Hər bir insan kimi, mənim də güclü və zəif tərəflərimin olması çox normaldır.)
- Bacarıqlarını və mənfi vərdişlərini bir yerə qeyd et (dəyişməyə bir vərdişlə başla)
- Kiçik işlərdən başla (
sabahdan hər gün 2 saat kitab oxuyacaməvəzinə hər gün 10 dəqiqə ilə başla - Özünü təqdir et(bu gün qonşumuza əşyaları daşımağa yardım etdiyim üçün özümü təqdir edirəm)
Unutmayaq ki, bu bir problemdir. Bizim gündəlik fəaliyyətinizə mənfi təsir edir. İnsanların hər zaman bizdən daha çoxunu gözlədiyinə olan yanlış inancımız sayəsində biz nə etdiyimiz işlərdən zövq ala bilirik, nə də edəcəklərimizə baxaraq həvəslənirik. Sadəcə hər şeyə malı-məli kimi baxırıq. Etməliyəm ona görə ki… lər bitmir. Nəticədə hər zövq ala biləcəyiniz şeylər də məcburiyyətə çevrilir. Ancaq onu da qeyd edim ki, dəyişiklikləri bir gündə hiss etməyə çalışmaq da mükəmməlliyyətçilikdir. Özünüzə vaxt verin. Bundan sonrakı həyatı daha xoşbəxt və hüzurlu yaşamağınız diləyi ilə.