Niyaldağ (2063m) yürüşü – Tağlabiyan, İsmayıllı

Səhər saat 6-dır. Budilnik çalıb, oyanmamışam. Yaxşı ki, axşamdan bələdçimiz Eminə demişdim. Mənə zəng elədi. Zəngin səsinə oyandım. Axşam gec yatdığım üçün, üstəlik çətin oyanmaq kimi problemimi də göz önündə tutanda, belə olması normaldır. Çantam hazır idi zatən. Əşyalarımı yoxlayıb çıxdım.

Evdən yaxın olduğu üçün piyada getdim. Köhnə bələdçi təcrübəmə əsaslanaraq bilirdim ki, 6:30 toplanışdırsa, maşın 7 də çıxacaq. Ona görə həm yuxudan tam ayılmaq üçün, həm də xoş olduğu üçün piyada getdim. İlk dəfə idi, yeməyə heç nə götürməmişdim. Yoldan alacaqdım. Çantam çox yüngül idi. Keçən ilki Ramazan ayındakı yürüşümdə yaşadığım fərqindəlikdən sonra çantanı ancaq yeməklə doldurmuram. Dəyişmək üçün paltarlar, polar jaket, külək keçirməz gödəkcə, termos, əlcək papaq, bandana və poverbank kimi şeylər var idi çantada.

Çatanda gördüm ki, artıq hamı gəlib. Əslində çox da deyilik. Bələdçi ilə bərabər cəmi 6 nəfər. Düşündüm yolda marketdən yemək də alım, yeyim sonra yataram. Qəşəng yuxum gəlirdi. Üstəlik sürücünün yanında oturmaq kimi bir rahatlığım var. Yemək aldım, yedim, amma yol daha maraqlı gəlirdi. Üstəlik duman, bir azdan çıxacaq olan günəş, yolun hələ uzun olması, üstəlik yeməkdən sonra yuxumun qaçması Şamaxıya qədər oyaq getməyimə səbəb oldu.

Basqaldan Tağlabiyan istiqamətində hərəkət edərkən artıq yuxum gəlməyə başladı. Bir az əsəbləşdim əslində özümə. Mümkün qədər gözümü yumdum. Amma çox az qalmışdı. 5 dəqiqə sonra çatdıq zatən. Niyaldağ bir silsilə olsa da, biz bu gün silsilənim adını götürdüyü dağa qalxacağıq. Zirvə 2063 metr dəniz səviyyəsindən hündürdə yerləşir.

Bakıdan çoxdandır çıxmıram. Hardasa sentyabrdan bəri. Bir az qəribə, eyni zamanda sevincli şəkildə ətrafımı gözdən keçirdim. Eminlə məsləhətləşdim, üzərimdə olan qalın gödəkcə götürüm ya qalsın deyə. O dedi ki, götür yuxarıda soyuq olacaq. Gəzdirmək narahat olduğu üçün öz bildiyimi elədim. Peşman da olmadım.

Sərt olmasa da soyuq külək əsirdi. Havanın qışı yaşatmağa çalışması, zəif günəş şüaları, buludlar, gün dəyməyən yerlərdəki qar qalıntıları, əslində təbiətin yenə öz ritmində olduğunu göstərir. Dünyada öz ritmindən uzaq qalan canlılar yəqin ki, bizik. Yesir olmuşuq şəhər həyatında.

Bu düşüncələrlə yolumuza davam elədik. Az sonra kənddən çıxdıq. Meşə yoluna girdik. Yol boyunca Emin qəşəng fotolarımı çəkdi. Ümumiyyətlə bələdçi olaraq mənim üçün Toğrul və Emin ən yüksək səviyyədədirlər. İnsanlarla kommunikasiyaları, turu idarəetmələrinə hər zaman heyran olmuşam. Eminlə tanış etdiyi üçün Toğrula da təşəkkür edirəm.

Yer buz bağlayıb, bu deməkdir ki, palçıq yoxdur. Qayıdanda isə günəş buzu əridəcəyi üçün ayaqqabılarımız palçıq vannası qəbul etmək məcburiyyətində qalacaq. Olsun. Bu gün hər şeyə hazır hiss edirəm.

Meşənin içindən gedəcəyimiz yolu çox rahat şəkildə görürdük. Qabaqda getməyin yaxşı tərəfi odur ki, video və ya foto çəkəndə heç kim sənə mane olmur. Üstəlik beynin, təbiət və ürəyin bir harmoniyada olur. Son dəfə nə vaxt hiss etmişəm bilmirəm. Burada nəfəsimin səsini eşidir, necə nəfəs aldığımı hiss edirəm. Geştalt Psixologiyada deyilən, bu anda olmağın ən dərin variantını yaşayıram. Bütün ruhum, bədənim və beynim, Niyaldağ silsiləsinin önündə ona baxaraq tam burada olduğumu hiss edir.

Dağın ətəyinə çatana qədər cəmi 2 dəfə fasilə elədik. Birində oturub qəşəng yemək yedim. Az götürəcəm deməklə deyile. Belə yolda yeməyin də ayrı ləzzəti var. İnsan əlinin altında olan şeylərin çoxluğu ilə necə də şükürsüz olduğunu hiss edir. Üstəlik şəkər detoksunda olduğum üçün, marketdəki çox şeylərə sadəcə baxmaqla kifayətləndim. Meyvələr də burada daha dadlı gəlir adama. İndi deyəcəksiz ki, o qədər tərifləyirsən ki, adam getmək istəyir. Ancaq axşam gələndə ayaqlarınız sizinlə bərabər mənə də söyə bilər. Ona görə iki dəfə düşünün.

İndi növbədə ziqzaqlarla dağa dırmaşmaq var. Burada buz olsaydı, biz xizək kimi uçacaqdıq. Yol çox dikdir. Üstəlik torpaq da çox sürüşkəndir. Ancaq arada arxaya çevrilib baxanda möhtəşəm mənzərə açılır. Yuxarı qalxdıqca mənzərə daha geniş ərazini əhatə edir. Adam saatlarla burda oturub izləmək istəyir. Sonra arxanca gələnlərin çatdığını görürsən və onlara şəklini çəkdirib yoluna davam edirsən.

Sürüşkən yerdən sonra otluq hissə ilə davam elədik. Dağın ən xüsusi tərəflərindən biri, gedəcəyiniz yer sizə çox yaxın görünür. Ancaq getdikcə sanki uzaqlaşır. Bəzən heç çatmayacaq kimi hiss edirsən. Bəzi yerlərdə ziqzaq əvəzinə dikinə qalxdım. Bunun yanlış olduğunu bilirəm. Amma xoşuma da gəlir.

Külək burada daha çox narahat edir. Gün işığı da var. Ancaq külək getdiyimiz istiqamət üzrə bizə mane olur. Müəyyən qədər sağa yönəldim ki, solumuzdakı açıq tərəfdən gələn küləkdən yayınım. Alındı da.

Artıq zirvənin dəmir konstruksiyasını görürəm. Yanında balaca bir marxal da var. Qar təzədir, donub qalıb sadəcə. Arxamca 22 yaşlı adaşım gəlir. Xam görünməyinə baxmayaraq çox yaxşı gəzir.

Zirvədə fotolarımızı çəkəndən sonra mən yığılan daş yığının yanında özümə yer düzəltdim. Özümü verdim ora, arxamda Babadağ, aşağıda kəndlər və meşələr, başımın üstündə günəş, yanımda buludlar. Bir sözlə əntiqə bir mənzərə gözümün qabağındadır. 10 dəqiqə sonra digərləri də gəldi çatdı.

Mənim termosum balacadır, içində qalan çay da soyumuşdu. Sağolsun Emin hazırlıqlı gəlib. Zirvədə çay içmək kefindən məhrum olmadım. Bir saata yaxın burada oturduq. Şəkillərimizi də çəkib, burada olduğumuzu aləmə car çəkdiyimizə görə, missiya tamamlandı deməkdir. Üstəlik bayaqdan olmayan külək bir balaca özünü xatırlatmaq istəyir. Ona görə indi dala baxmadan aşağı düşmək vaxtıdır.

Düşəndə də yenə qabaqda tək düşdüm. Çox daha sürətlə getdiyimi hiss edirəm. Arada durub gözləyirəm. Eminin gözündən itməyim. Bələdçiniz nə deyirsə, sözlərinə qəti şəkildə əməl etmək lazımdır. Bu birinci növbədə sizin evə tək parça və sağlam çatmağınız üçündür. Kefiniz çox şey istəyə bilər. Dağda bunların heç bir əhəmiyyəti yoxdur. Qış olduğu üçün heyvanlar daha az qida tapır. Ona görə canavar sürüsü üçün qonaqlıq səbəbi ola bilərsiniz.

Aşağıya doğru düşəndə, qalxanda gözümə kəsdirdiyim bəzi yerlərdə yenə foto çəkdirdim. Həqiqətən qəşəng yerlər seçmişəm. Kadrı görmək ayrı, onu çəkmək ayrı, o kadrın içində olmaq ayrı xoşuma gəlir.

Meşənin içində gözlədiyimdən daha az palçıq vardı. Daha rahat hərəkət edirəm. Bir az qabağa gedib sonra yenə göz məsafəsində arxadakıları görəndə yoluma davam edirəm. Arada cığırları səhv salıb, uzun yola düşdüm. Emin anında hiss elədi, arxadan çağırdı. Elə eyni yolla davam etdim. Kəndin başında görüşdük.

İndi kənd evində peçin kənarında yarıyuxulu çay içməyə hazıram. Ayaqlarım qəşəng şeylər ərz edir beynimə. Olsun. Əsas məsələ sağlam olmaqdır. Ağrılar gəlib keçicidir.

Ev sahibi çox xoş qarşıladı. Divanda içəridə oturdum. Neçə stəkan çay içmişəm xatırlamıram. Qəşəng itburnu mürəbbəsi var idi. İndiyə qədər harda dadına baxmışdım bilmirəm. Bu ikinci oldu. Bu dəfə yadımda qaldı. Sonra isti kürə çörəyi ilə pendir gətirdilər. Yox-yox deyib artistlik eləsək də çörəyin yarısı 5 dəqiqəyə yox oldu.

Zirvələrdən, dağların və təbiətin vəziyyətindən danışdıq bir az. Bizim də qeybətimiz belə şeylərdir. Hər ehtimala qarşı, əlavə aldığım ton balığı salatı ilə toyuqlu dürüm çantamda mənə göz-qaş edir. Maşında bir az acıb sonra yeyərəm deyə düşünürəm.

Gün batımında artıq yola çıxdıq. Basqaldan şose yola çıxanda çox möhtəşəm gün batımı gördük. Hətta maşını saxlayıb baxdıq. Sonra yolumuza davam elədik. Bir az mürgüləyim deyirdim. Bir də baxdım Xocasənə çatmışıq. Düz 2 saat daş kimi yatmışam. Çox əla hiss edirəm. İndi qalır bu yazını tamamlamaq və yatmaq. Ancaq belə günlərdə yatanda günün sehri də gedir. Ona görə yuxum gəlmir. Üstəlik 2 saat yatmışam. İnsan da üz də yaxşı şeydir.

Bu dəfə çox danışdım. Çünki, tur boyunca susmuşam. Bunlar hamısı hiss etdiklərimdir. Ümid edirəm başınızı şişirmədim. Olsa da eybi yoxdur. Hər gün onsuzda şişir. Bu dəfə günahlandıracaq adresiniz var. Başınızı şişirən şeylərə baxsaz özünüzə əsəbləşəcəksiniz. Mənə əsəbləşmək daha asandır.

Sizə də söz atdığıma görə dincələ bilərəm. Bu dəfəki səfərim burada yekunlaşır. Növbəti səfərlərdə görüşənədək. Siz gəlməsəz mın yenə gedəcəm. Baxın da. Daha çox da özünüzə baxın. Yaxşı yaxud pis fərqi yoxdur. Ancaq mütləq özünüzə baxın.

Möhtəşəm təşkilatçılıq, fotolar və çay üçün Hiking Adventures Azerbaijan rəhbəri Eminə xüsusi təşəkkür edirəm.

Niyaldağ (2063m) yürüşü – Tağlabiyan, İsmayıllı” üzərinə bir şərh

Bir şərh yazın