Səfərin içində mövzunun adından daha çox çay var. Deməli çayzadə qrupunu qurduğumuz gündən, görüşlər, təbiət səfərləri etməyi də düşünürdük. Nəzərə alsaq ki, qrupun formalaşması karantin dövründə olub, ona görə təxminən 10 ay sonra ilk yürüşü etməyimiz məntiqlidir. Üstəlik müharibənin də hər sahəyə olduğu kimi, icmalara da təsiri var idi.
Turun programını hazırlamaq üçün martın 23-ü sınaq səfəri etdim. Hansı marşrutlar daha effektiv olar, nələri etsək insanlara daha çox xoş gələr deyə baş yorduq. Hirkan girib, xanbulandan çıxdım. Nəticədə hazırladığım programı saatbasaat bölüb paylaşdıq. 9 gün rəsmi tətil elan edilməsindən sonra hər kəsin rayonlarda olması, turumuzun tətilin son günündə olmasından (daha tez çatdırmadıq, amma vaz da keçmədik) dolayı çox adam gələcək kimi gözləntim yox idi. Elə 10 nəfərlik qrupla getdik.

Səhər saat 7 də tərəfdaşımız Gutenberg çay mağazasının Yasamal şöbəsində toplaşdıq. Burada toplaşmaqda məqsəd xarici çaylarla tanış olmaq, dadına baxmaq, daha sonra Lənkərana yerli çaylara baxmaqdan ibarət idi. Burdakı məlumat və çay dadı testindən sonra saat 8 də Lənkərana yola düşdük. Sürücümüzün Mətin “abi” olması isə mənə xeyli arxayınlıq verib. 3 ildir onunla müxtəlif istiqamətlərdə turlarda olmuşam. Ona görə, insanlarla münasibəti, işinə yanaşması çox xoşuma gəlir.
Saat 11 də Lənkəranın İstisu qəsəbəsinə çatdıq. Öncəki yazıda tanışlıq səfəri haqqında yazmışdım. Bu gün program bir az fərqli olacaqdı. Hava daha günəşli, yağışdan sonra parçalı buludlu, yer isə yumşaq palçıqlı idi. Plantasiyada bizi Lənkəran çayın sahibi Araz bəy qarşıladı. Öncəki yazıda onun da haqqında qısa məlumat vermişdim. Bu dəfə də plantasiyaların ilk salınması tarixindən bu yana, çayın əkinindən, becərilməsi hazırlanması, fərqləri, nə üçün məhz Lənkəranda olması və bir çox buna yaxın mövzuda bizə məlumat verdi. (bu məlumatları ayrıca blog şəklində yazacam.)
Plantasiyada fotosessiya etdikdən sonra yavaş-yavaş muzeyə doğru yol aldıq. Muzeydə ilk çay becərilməsi, regionun çay ənənəsi haqqında məlumat və şəkillərlə tanış olduqdan sonra, qonaqlar üçün nəzərdə tutulan 3 növ çayla çay süfrəsinə oturduq. Həm yürüş iştirakçıları üçün, həm də mənim üçün ən önəmli məqam bu idi deyə düşünürəm. Çünki həm üz-üzə rahat söhbət etdik, həm də ortaq bir dəyəri- çayı paylaşdıq. Bir bələdçi olaraq artıq əmin idim ki, yürüş iştirakçıları zövq alır. Gerisi daha gözəl olacaq. Çünki program onların tam da arzulayacağı şəkildə idi. Sırada yemək var.
Öncəki səfərimdə yemək üçün məkanlara da baxmışdım. Osaküçə kəndində çay kənarında istirahət mərkəzlərindən biri ilə danışdıq, bizə yerli menyu təklif etmişdilər. Həm də yerli insanların güvəndiyi bir yer idi. Ona görə seçim etməkdə çətinlik çəkmədim. Ayrıca mənzərəsi də çox gözəl idi. İstirahət mərkəzi çay kənarında olduğu üçün, oraya maşınlar üçün dəmir, insanlar üçün isə asma körpü var idi. Bu mənzərəni daha maraqlı edirdi. Ona görə yeməkdən sonra hardasa 40 dəqiqədə buralarda şəkillər çəkməyə xərclədik. Mən programda bütün bunları nəzərdə tutduğum üçün, özüm də mənə maraqlı gələn yerləri çəkməkdə idim.
Gələk yürüşün ən gözəl hissəsinə, Xanbulana. Keçən dəfə gələndə üstdən quş baxışı baxmışdım gölə. Bu dəfə qrupla sahilinə düşdük. Yağışdan sonra buludlarla boğuşan günəş, yazın gəldiyinə bizi inandırmağa çalışan təbiət, onların məhrəminə girdiyimizi musiqiləri ilə bizə bildirən quşların əhatəsində bir saatdan çox vaxt keçirdik. Gölü bu qədər yaxından ilk dəfə idi ki, görürdüm. Ona görə sadəcə gözümlə iştirakçılara nəzarət edərək ətrafdan zövq almağa çalışırdım. Bura ilk öncə su anbarı kimi salınmış, indi isə həm də turistik məkan olaraq fəaliyyət göstərirdi. Yağış çox yağdığı üçün suyun səviyyəsi xeyli qalxmışdı. Yürüş iştirakçıları da mənzərəyə valeh olmuş olmalılar ki, Bakıya qayıtmaq heç yadlarına düşmürdü.
Bura qədər gəlib, gölün sahilində çay içmədən getmək günah olardı. Seçimimizi səsi-sorağı Bakıya qədər gəlib çatan Baba-nənədən yana etdik. Burdakı çay süfrəsi arxasında isə iştirakçılar günü birlikdə keçirdiklərini hiss etdirirdi. Günün maraqlı və gülməli hadisələrini paylaşır, ortaq tanışlar tapır, həqiqətən dincəldiklərini vurğulayırdı. Mənə görə isə “görev tamam” idi. Bu anları yaşadımsa deməli hər şey yaxşı keçib. Mən də könül rahatlığı ilə axşam yata bilərəm.
Yağışdan bir sonrakı gün hava hər zaman çox gözəl olur. Səmada buludlar rəqs edir, bu taa gün batımına qədər davam edir. Bu gün də elə oldu. Yolda çəkdiyim şəkillər tam da ürəyimcə olmasa da, durduğumuz məkanlarda ilk iş gün batımını çəkmək oldu. Sonuncu dəfə bu mənzərəni yanvarda Qaraquş dağından izləmişdim. Yenidən gün batımına şahid olmaq, nostalji hisslər yaşatmaqla bərabər həm də gündən zövq aldığımı hiss etdirdi.
Hüzurlu bir şəkildə şəhərə çatdım. Artıq rahat bir şəkildə yata bilərəm. Çayzadələrin ilk çay yürüşü bax beləcə yekunlaşdı. Növbəti səfərlərdə çayı bərabər içək ☕














































Çox gözəldir, olmaq istədim… Şəkillər çox dadlı görünür 😀 yazıya söz ola bilməz
Bəyəntərəfindən bəyənildi 1 şəxs