Xalaxı – 3060 metr yüksəklikdə buzlaq mənşəli göl

Ta uşaqlıqdan adını eşitdiyim, bölgədə bir növ əfsanəyə çevrilən bu göl haqqında dostum Toğrulla 3 il öncəki müzakirələrimizdən birində doğum günümüzü (ikimizdə eyni gündə doğulmuşuq) burada qeyd etməyi qərara aldıq. Həmin dövrdən fərqli səbəblər üzündən 3 doğum günümüzü ötürsək də bu il gedib görmək qismət oldu nəhayət.

Keçək səfərimizə. İlk gün:

Səhər tezdən saat altıda Yuxarı Çardaxlar kəndindən yola başladıq. Havanın buludlu olması, həm yağış yağması ehtimalı, həm də yolun və gölün dumanlı ola bilmə ehtimalıns görə bizi narahat edirdi. Ancaq meşəni qalxandan sonra hava yenidən açıldı. Saat 10 da Əlibəy Hidrometroloji stansiyasında idik. Buradan Zaqatala şəhəri, Tala, Muxax, Yuxarı Çardaxlar, Gözbarax və hətta kəndimiz Yeni Suvagil belə görünürdü.

Stansiya sovet dövründən qalmadır, nə işıq nə də mobil şəbəkə əlaqəsi var. İşçiləri ixtisara düşdüyündən, cəmi bir nəfər hidrometroloq gördük. Suyumuzu içib, nəfəsimizi dərdikdən sonra yolumuza davam elədik. Saat 2 dən sonra artıq Daşkəsən yaylaqlarında idik. Burada Yuxarı Çardaxlar, Muxax və Dağlı kəndlərindən olan fermerlərin qoyun yataqları var. Gölə getdiyimizi deyəndə bizə inanmasalar da, demək olar ki, bütün yataqlarda çaya dəvət edildik. Çətin şəraitlərinə baxmayaraq qonaqpərvərlikləri, etdikləri səmimi söhbətlər, gölə getmiş çobanların bu haqda ağız dolusu danışması, bununla bərabər marşurutun çətinliyini dönə-dönə diqqət mərkəzində tutmaları çox xoşuma gəldi. Qoyun yataqlarına girərkən itlərin sürülərlə olması, işimizi asanlaşdırdı. Yalnız son yataqda, 5 it birdən üstümüzə gəldi, Toğrulun təmkini, birlikdə yola davam etməyimiz sayəsində onları da rahatlıqla keçdik. İlk yatağa girəndən sonra bizimlə birgə yuxarıya doğru hərəkət edən duman axşama doğru getdikcə qatılaşırdı. Üçümüzdə ilk dəfə gəlməyimizə baxmayaraq xəritə ilə yola düz şəkildə davam elədik. Toğrulun bölgəni öncədən tədqiq etməsi, xəritələri detallı analizi sayəsində dumanda azmaqdan qurtulduq.

Hər yataqdan keçdikcə növbəti yataqdakı insanlar və yerləşmə yerləri barədə məlumatlar alırdıq. Gölə ən yaxın yatağın göl və yataq arasında quzuluq hissəsi olduğunu öyrənmişdik. Gördüyümüz bütün çobanlar gecəni orada keçirməyi, gölə səhər qalxmağı məsləhət görmüşdülər. İlk başda taksinin yanlış istiqamətdə saxlaması üzündən 70-80 dəqiqə aşağıda vaxt itirmişdik, gecənin düşməsinə isə az qalırdı, ona görə quzuluğa düşməyi qərara aldıq.

Bu zaman isə artıq bitmiş vəziyyətdə idim. Bir tərəfdən belimdəki yüküm, havanın kəskin soyuması, 3 metr uzağı görməyə imkan verməyən duman, üsyan edərcəsinə dirənən ayaqlarım artıq hər şeyi burax olduğun yerdə çök qal deyirdi. 27 km yol gəlmişdim, ancaq göldən əsər əlamət yox idi. Üstəlik duman, “göldədə belə olsa, bu qədər əziyyətimiz boşa gedər”, hər addımda tonlarla yük bağlanmış kimi hərəkət edən ayaqlarım, çantanın iplərindən sürtünən çiyinlərim “bütün bu qeyri-müəyyənliklərin axırı nə olacaq” sualı sayəsində bitmiş vəziyyətdə idim. Təbii ki, bitməmişdim, beynimin mənə oynadığı oyun idi sadəcə. Beynimin mənə qoyduğu sərhədlərdən çox kənara çıxdığım üçün məni cəzalandırdı. Quzuluğa çatan kimi duman, yağış tər qarışıq islanan paltarlarımı dəyişsəm də üşütməm keçmək bilmirdi. Yemək yeyib, bizi çox qonaqpərvərliklə qarşılayan çobanlarla söhbət etdikdən sonra çadırımıza getdik. Onlarla söhbət zamanı havadakı duman çəkilməsə də beynimdəki buludlar dağılırdı artıq. Çünki onlar artıq gölə çatdığımızı, səhər çox rahat orda ola biləcəyimizi bildirdilər (öncəkilər “borana düşəcəksiniz demişdi”)

İkinci gün- Gölün bir addımlığında:

Səhər duman olduğu üçün çadırdan çıxmadıq, saat 10 a qədər yatdıq. Gecə üstümüzə gələn 5 itdən 2 də artıq bura gəlmişdi, ancaq nisbətən sakit idi.

Hazırlıqlarımızı bitirib, nisbətən seyrələn dumanda gedəcəyimiz yolu dəqiqləşdirib yola qoyulduq. Bu gün də ayaqlarım ağrıyırdı, ancaq ümidsizliklərimin yerini gölü görmək arzusu almışdı. Gölə qədər duman bizi müşayiət elədi. Təxminən 2 saat sonra qarşımızdakı sıldırımı qalxan Toğrulun bərkdən qışdırdığını gördüm. “Nə gördün?” sualına “GÖLLLL Görürəmm” deyə cavab verdi. hardasa 20 metr dalda idim. Həmin hissəni hansı sürətlə çıxmağım haqqında heç bir fikrim yoxdur. Gölü görəndə isə özümdən asılı olmayaraq bərkdən qışqırdım. Hər zaman dağçı dostlarım danışarkən zirvələrdəki hissləri izah etməyin mümkünsüzlüyünü deyirlər. Mən yenə cəhd edirəm: Bir tərəfdən gölü görmək, çəkdiyim əziyyətin ən ali mükafatı, digər tərəfdən bunu bacarmağın verdiyi məmnunluq, ətrafdakı heyranedici mənzərələrdən çaş-baş qalan gözlərim, bunu bacarmağın verdiyi fərəh hissi ilə gölə necə çatdığımı da xatırlamıram. Düşünəndəki, bir az sonra gölün suyuna toxuna biləcəm, nəfəsim kəsilirdi həyəcandan.

Gölün ətrafını gəzdik, çadır yeri seçib çadırımızı qurduq, yeməyimizi yedik, çay içdik. Bütün bunları fərəhlə edirdim. Bütöv bir günü burada keçirəcəyik bundan gözəl nə ola bilər. Gölün hər nöqtəsini gəzmək, ətrafdakı zirvələrə qalxmaq üçün belə vaxtımız var. Çaydan sonra özümə fərəhli bir yuxu hədiyyə elədim. Çobanların dediyi sərt havadan əsər əlamət yox idi. Əksinə bütün buludlar sıldırımı keçəndən sonra parçalanıb yox olurdu. Bunun özü də ayrı bir təbiət möcüzəsidir.

Xəritə ilə ətrafa baxandan sonra Samalit zirvəsinin göldən qərbdəki sərt dağ olduğunu dəqiqlədirdik. Bəli, növbəti hədəfimiz bu oldu. Bura qədər gəlib, vaxtımız varkən bura qalxmamaq ağılsızlıq olar. Dağ çox sərt qayalıqlardan ibarət idi. Bu həm də qalxdığım ən yüksək və ən uzun qaya dırmanışım oldu. İndiyə qədər 2400 metr yüksəyə qalxan Murad üçün 3060 metr yüksəkdəki göl və 3458 metr yüksəkdəki zirvə birdən-birə 2 səviyyə atlamaq deməkdir. Zirvəyə qalxarkən, yükümüz az, gölə çatmağımızın eyforiyası, sıldırımla davam edərkən günəşlə yer dəyişən dumanın ortaya çıxardığı gözəlliklər, dağların hər tərəfindən süzülən çaylar, solumuzda qalan, Dağıstan tərəfdəki kiçik göllər və marxallar ( əriməmiş qar yığını) adamın ruhunu oxşayır. Zirvədə bir saata yaxın dayandıq, ətrafa doyunca tamaşa elədik, gölün dəyişən gün işığı və dumanın hallarını heyranlıqla izlədik.

Çadırımıza çatanda hava artıq qaralmışdı. 3 saata yaxın gah ulduzların altında gölə baxaraq, gah da çadırın içində çay içərək söhbət elədik. Gün ərzində etdiklərimizin verdiyi rahatlıq və məmnunluqla günü bitirdik.

Üçüncü gün: Arzuladığın yerdə oyanmaq- Səhər altıda çadırı içəridən açanda gün yenicə doğurdu, gündüz soyuq olan göldən buxar qalxırdı. Bu arada göl haqqında vacib məlumatları verməyi özümə borc bilirəm. Göl Dağıstan sərhədinə yaxın ərazidə yerləşir, buzlaq mənşəlidir, 2 metr dayaz sahildən sonra bir başa dərinləşir. Sahil xəttinin uzunluğu 1380 metr, ən uzun hissəsi təxminən 650-700 metr, ən enli hissəsi isə təxminən 170-180 metrdir. Gün ərzində suyu oradan içdik. Gün doğumunun gölün üstündə əksinin müşayiəti ilə səhər yeməyimizi yedik. Çadırın girişini açan kimi 3 ildir arzuladığın yerdə yuxudan oyandığımda hansı hisslər keçirdiyimi tam izah edə bilmirəm

Hazırlıqlarımızı bitirib, 9 da yola çıxdıq. Hava öncəki 2 günə nisbətən daha aydın idi. 1 saat sonra bizimlə eyni gündə gəlsələr də 2 gün qoyun yatağında havadan narahat şəkildə qalmalı olan fotoqrafları gördük. Onlar atlarla gəlirdilər. Öncədən tanış olduğumuz üçün bir az dayanıb başımıza gələn macəraları sorğu-sual elədilər. Artıq duman bizimlə aşağı düşürdü və qarşımızda bir növ şou göstərirdi.

Məntiqi olaraq, aşağıya doğru daha sürətlə gəldik. Həm hədəfimizə çatmış, həm hava aydın idi. Ona görə yataqlardan ancaq birində dayandıq. Təbii ki, özlərinin dəvəti ilə, çay içib göl şəkillərini onlara da göstərdikdən sonra (inana bilmirdilər) yolumuza davam etdik. Artıq saat 4 də Əlibəy stansiyasında idik. Burada 40 dəqiqəyə yaxın dincəldik. Həm yağış damcılayırdı, həm də enerjimizi yeniləməyimiz lazım idi. Asimlə eyni peşə sahibi olan stansiyada çalışan Rəşad bizi çaya dəvət etdi, tək keçən günündən, buradakı çətinliklərdən ürək dolusu danışdı. Biz gələnə qədər tək olduğu üçün çay içmək belə yadına düşməmişdi.

2 saat sonra isə artıq yamyaşıl Yuxarı Çardaqların meşələrini keçib çaya düşmüşdük. Gedərkən xəritədə itirdiyimi yolu düz şəkildə düşdü. Meşəyə insan ayağının az dəyməsi çox hiss olunur. Təzə ağacların kəsilməsi bir yana, qurumuş ağaclar da təbii şəkildə çürüyürdü.

Bu yürüşdə nə öyrəndim?

İnsanlar qorxularının sərhədləri daxilində yaşayırlar, bunu gölə gedərkən bizi bundan çəkindirməyə çalışan insanların timsalında aydın gördük. Halbuki özləri də heyranlıqla şəkillərə baxırdılar.

Bədən enerjini xərcləməkdə düşündüyümüzdən də çox simicdir. Ona bunun dəyərli bir şeylə qayıdacağını göstərmək lazımdır. Böyük hədəflər, böyük zəhmət tələb edir.

Biz çox az şükr edirik. Adi çayın necə dəyərli ola biləcəyini, gecə çox rahat olsa da yuxumuz gəlmir deyə lənətlədiyimiz rahat yatağı arzulayacağını, istənilən vaxt dayanma və istirahət etmə sərbəstliyini arzulayanda insan aşağıda nələrə sahib olduğunu və ən pisi bunların heç fərqində olmadığını dərk edir.

3 gün ərzində 68 km yol qət etdik, yayda qış yaşadıq, qalxdığımız ən yüksək nöqtə 3458 metr oldu. Bununla da ilk 3000 minlik zirvəmə çatmış oldum. Hər dəfə yadıma düşəndə fərəhlənirəm. Növbəti səfərlərdə görüşənədək.

Xalaxı – 3060 metr yüksəklikdə buzlaq mənşəli göl” üzərinə 5 şərh

Bir şərh yazın