Lion Fextvanger – Qəribə adamın müdrikliyi və ya Jan Jak Russonun ölməzliyi

Əsər XVIII əsr Fransa İnqilabı, həmin dövrdə arxa fonda baş verənlər və bütün bu olanlara Jan Jak Russonun təsirindən bəhs edir. Əsərin baş qəhrəmanı Jan Jakın əsərlərini oxumuş, ona aşırı rəğbət bəsləyən Ermonvil sahib, zadəgan Markizin oğlu Fernanddır. Russo hər nə qədər krallıq rejiminin istəməiyi şəxs olsa da, atası Fernandın sevimli müəllimini ömürlük malikanəsinə dəvət edir. Burad onun bəyənəcəyi təbiət mühiti yaradır; xüsusi göllər və ev tikir. Ana babası əsilzadə olsa da anasının fərqli bir elitadan evlənməsi ilə zadəganlar tərəfindən qəbul edilməyən, Fernandın sevgilsi Jilberta onun müəlliminə olan aşırı rəğbətindən narahatdır. Daha sonra zadəgan babasının onu varis elan etməsi ilə zadəganlığına qovuşan Jilbertanın, bu təbəqələşməyə qarşı olan Russo ilə ulduzları heç cür barışmır.

Filosofun gəlişi ilə Ermonvil kəndi bayram ab-havasına bürünür. Russo malikanəni gəzməsi ilə, Markizin orada qurduqlarını və təbiət peyzajını geniş təsvir edən müəllif daha sonra onunla bərabər gələn arvadı və qaynanasını da təsvir edir. Eyni zamanda Russonun onlarla münasibəti “uşaqların səsi başıma düşür” deyə onları uşaq evinə verdirməsi, taleyi ilə barışmış 20 yaş özündən cavan arvadını və onun əsərlərini satmaq üçün ölümünü gözləyən (Russo əsərlərini çap etdirməkdə bir o qədər maraqlı deyildi) qaynanasının xarakterini də filosofun həyat tərzi ilə birgə oxucuya çatdırır.

Arvadının malikanədə tanış olduğu məşuqu tərəfindən başı yarılaraq öldürülən Russonun ailəsi orada yaşamağa davam edir. Özünü də sevdiyi gölün ortasında qurulan adaya dəfn edirlər. Gələn məhkəmə tibbi ekspertizası da onun başının küt alətlə deyil, divarın tilinə dəyərək yarıldığı qənaətinə gəlir. Bütün bu hadisələrdən sonra, Fransa ordusunun ABŞ üçün köməyə göndərilmək üçün çağırılmasını fürsət bilən Fernand atasını və Jilbertanı dinləməyərək okeanın o tayına yola düşür. Jilberta da arzusunda olduğu həyatı yaşamaq üçün başqa bir zadəganla evlənir. Əsərin ilk hissəi burda bitir.

Əsərin ikinci hissəsi Fransa inqilabının ilk qığılcımlarının təsviri ilə başlayır. ABŞ-da ayağından yaralandığı üçün axsayan Fernand da Ermonvildən resbublikaçılara (Russo tərəfdarlarına) qoşulmaq üçün Parisə gəlir. Burada onlarla birlikdə həbs olunur və Bastiliya qalasında həbsə atılır. Onlar içində edam olunacaqlarını gözlədikləri Bastiliyaya sadə xalq hücum edir və onları azad edir. Kral qaçır. Yeni parlament qurulur. Daha sonra tarixi gedişata uyğun Maksimilan Robespyer yavaş-yavaş hər şeydə hakimiyyəti öz əlində cəmləşdirir və kralın edamına müvəffəq olur. Resbulikaçıların (sözdə Russo davamçılarının) vaxt keçdikcə despotlaşdıqlarını verdiyi qərar və davranışları ilə addım-addım izah edən müəllim hadisələrin canlı şahidi təsirini bağışlayır. Mərhum filosofunda nəşini sevmədiyi şəhərə- Parisə gətirib sevmədiyi bir insanın yanına dəfn edirlər. Digər tərəfdən qonşu krallıqlar da bu hərəkatın ölkələrinə sıçrayacağından ehtiyat və bəhanə edərək Fransa Respublikasına müharibə elan edirlər. Ancaq respublika verdiyi qərarlar sayəsində bu müharibədə sərhədlərini qoruyur. Ardınca keçmiş zadəgan olduğu üçün despot respublika tərəfindən yenidən həbs olunan Fernand bu dəfə bürokrat dostları sayəsində qurtulur və orduya gedir.

Nəyi bəyənmədim: Fikrimcə sonluğu verməyə tələsib, daha geniş təsvir və hadisələrin çoxluğu əsəri daha yadda qalan edə bilərdi.

Nəyi bəyəndim:

  • Müəllif canlı şahid kimi bütün dövrə hakimdir.
  • Təbiət təsviri, hisslərin açıqlanması çox gözəldir, nə aşırı, nə də az deyil, yerində hiss etdirir.
  • Russonun pərəstişkarı və ya ona antipatiyası olan adam kimi deyil, Şəxsiyyəti analiz etmiş obyektiv fikir sahibi tərəfindən yazılıb.

Kitabı oxumaq üçün 3 səbəb:

  • Tarixin rəqəmlərdən ibarət olmayan, içində çox saylı faktorların əsas rol oynadığını lazımınca göstərə bilən bir kitabla tanış olmuş olacqsınız
  • Keçmiş müəlliflərin sadəcə yaxşı tərəflərini mədh etdiyi pozitiv bioqrafiyalardan fərqli olaraq real şəxsiyyəti təqdim edir.
  • Bir insanın cəmiyyətə necə təsir edəcəyini, yeri gəldikdə kütləni idarəedənlərin bu təsiri öz xeyirləri üçün tamam fərqli məcralara necə daşıdıqlarını görə bilərsiniz.

Əsərdə bəzi yerlər sizə qopuq kimi gələ bilər. Ancaq mən bunu bilərəkdən elə göstərdim. Kitabı tam oxuyub bunları öyrənmək marağınızı çəkəcək deyə düşünürəm. xoş mütaliələr.

Bir şərh yazın