Diqqətdən kənarda qalan möcüzə – Hamamdərə, Cımcımax

Əvvəllər harasa gedəndə sakitcə təbiəti hiss etməyə çalışırdım. Ancaq son zamanlar təkcə hiss etmək deyil, məndə necə hiss etdiyimi ifadə etmək istəyi də yarandı. Artıq bu il demək olar getdiyim hər səfərin qeydlərini, hiss və başıma gələnləri sizlərlə paylaşıram. Bu hissləri ötürmək mənə gəzinti qədər xoşbəxtlik bəxş edir. İnsanlara hiss etdiklərimi hiss etdirmək möhtəşəm bir hissdir. Sözlərlə tam ifadə edə bilmirəm. Fikirlər uçur, sözlər isə piyada gedir.

Cəmi iki əsr öncəyə qədər, təbiətə, fərqli yerlərə gəzməyə gedənlər ya tarixçilər, ya da coğrafiyaçılar olurdu. İnsanların əksəriyyəti ciddi bir zərurət olmasa olduqları yerləri tərk etmirdilər. Ancaq ötən əsrin ikinci yarısında dünyanın nisbətən daha sakit bir mühitdə yaşamağa davam etməsi, passport sisteminindəki yeniliklər, texnoloji inkişaf (kamera, mülki uçuşlar) insanların səyahətə olan marağını artırdı. Günümüzdə isə səyahət etmək ən lüks əyləncə sayılır. Bu lüks axtarışı və özümüzdə olan natamamlıq kompleksi, özümüzə olan aşağı diqqətimizdən dolayı ölkəmizdə olan əksər tarixi abidələr, müalicəvi bulaqlar, şəlalələr, ucqar kəndlər, azsaylı xalqlar, yerli sənətkarlar diqqət mərkəzindən kənarda qalıb. Bunun da nəticəsində Azərbaycan tarixi abidələrin bəziləri baxımsızlıqdan istifadəyə yararsız hala düşüb, bir çoxu dağılıb, müəyyən hissəsinin isə hələ də qayğıya ehtiyacı var. Turizmin inkişafı həm də yerli turistlərin, bu işi təşkil edənlərin birbaşa səylərinə bağlı məsələdir. Hazırda davam edən karantin müddətində olan problemləri ən çox hiss edən də elə turizm sektorudur. Yuxarıda qeyd etdiyim hisslərimi paylaşmağımın digər bir səbəbi adətən getdiyim az bilinən yerləri tanıtmaq, eco və etnoturism sferaları üçün alternativlər təklif etməkdir.

Gələk səfərimizə. Öncəki gün soyuqladığım üçün heç halım yox idi. Hətta səfərdən də vazkeçmək niyyətində idim. Səfərə gedəcək dostlarım axşam ailəmi bayram ziyarətinə gəldi. Onlar artıq hazır idilər. Mən də qərarımı qətiləşdirdim. Səhər saat 6:30 da kəndimizdə köhnə kəndimizə gedən marşurutla (ural yük maşını, başqa xırda minik maşınları üçün yol əlverişli deyil) yola çıxdıq. Artıq 8:15 də Cimcimağın döngəsində idik. Bundan sonrakı yolu piyada gedəcəkdik. Kəndin özünə çatmamış səhər yeməyimizi yedik, həm enerjimizi bərpa etdik, həm də, yüklərimizi bir az yüngülləşdirdik. Dindi çayı (bu dərədən axan çayın adı) töküldüyü böyük çaydan fərqli olaraq çox sürətli yazırdı. Yatağı dar, və maililiyi digərlərindən çoxdur. Çay yatağının dar olması, dağların bir-birinə yaxınlığına görə gözəl görüntülər bəxş etsə də, hər bir-iki km-dən bir çayı keçməli olurduq. Bunun üçün gah yandakı təpəyə qalxır, gah şəkildəki kimi yıxılan ağacların üstündən keçir, gah dar olan yerlərindən hoppanır, gah da məcbur ayaqqabılarımızı soyunub içindən keçməli olurduq.

Oda qeyd edim ki, dərə boyunda olan bütün kəndlərdə olmuşdum, bircə Cımcımax və ondan yuxarı da olan Kələldən başqa. Kəndə çatandan sonra içinə girmədən yolumuza davam etməyə qərar verdik. Yolda gördüyümüz kişidən gedəcəyimiz yeri tam dəqiqləşdirib yolumuza davam etdik. Hamımız ilk dəfə gəlirdik bu istiqamətə.

Dərə ilə yuxarı qalxdıqca çay yatağının dərin və dar olması sayəsində buraxdığı gözəl mənzərələr adamın gözünü oxşayır. Çayın təsir edə bilmədiyi sarmaşıqların çaya qədər sallanması, daşdan çıxan ağacların həyatlarını davam etmək mübarizəsi, dörd-beş il çayın həmin istiqamətdə daşmaması sayəsində əmələ gələn yaşıl çəmənlikləri görəndə adamın ağlı başından çıxır. Gün ərzində yolumuza baxıb bir tərəfdən sevinir, bir tərəfdən də şükr edirdim. Təbii ki, təzədən oralara getməyi də düşünürəm. Ancaq dünən tək fikrim ətrafımızda olan gözəlliklərin fərqində olmağa çalışmağım idi.

Bu səyahəti mənim üçün xüsusi edən ikinci bir səbəb isə ən köhnə, ən xüsusi dostlarımla bu yola çıxmağım idi. Elçinlə 11 il, Şıxəmirlə 8 ildir dostuq. Elçinlə kənd içində və xırda səfərlərdə bir yerdə olsaq da, belə uzun səfərlərimiz demək olar olmamışdı. Şıxəmirlə isə tez-tez belə səfərlərimiz olur. Üçlükdə etdiyimiz zarafatlar, tələbəlik dövründə başımıza gələn, maraqlı əhvalatları xatırlamaq, yenilərini etmək həqiqətən möhtəşəm hisslər bəxş edir mənə. Ətrafımızda olan yaxşı insanlara sahib çıxmağımız gərəkdir. Onlarla vaxt keçirmək, ünsiyyətdə olmaq, birlikdə xatirələr yaratmaq münasibətləri daha da dərinləşdirir. Dostlarımla etdiyim bu yürüş də mənə bunları təkrar xatırlatdı.

Kələlə (Ağdam-Kələl də deyilir) çatdığımızı uzaqdan görünən, çayın sol sahilindəki 2 ev, uzaqdan görünən it sayəsində hiss edirdik. Burda çayı keçmək üçün nə təpəni qalxmaq mümkün idi, nə də ki hoppanmaq. Məcbur olub ayaqqabılarımızı soyunduq. Bundan sonra artıq dərə yenə iki yerə ayrılırdı. Birində az amma şəffaf su, digərində isə çox və bulanıq su gəlirdi. Ağ olanın Hamamdərədən gəldiyini düşündük. Az sonra gördüyümüz komalar və ordakı insanlar da bunu təsdiq etdi

Blogun başında qeyd etdiyim diqqətdən kənarda qalan yerlərdən birinin məhz bura olduğunu işarə edəcəyimi hiss etmisiniz yəgin. Bu dərənin Hamamdərə adlandırılmasının səbəbi də bununla bağlıdır. Deməli burada olan daşın içindən süzülən su tərkibindəki fərqli maddələrin təsiri ilə yatağını kül rəngində bir maddə ilə doldurur. İnsanlar isə bunun müalicəvi əhəmiyyətini çoxdan bildikləri üçün, bura xüsusi çən və vannalar qoyub, həmin çəndəki su, bu komalarda yaşayan insanlar tərəfindən qızdırılır. Qonaqlar gəldikdə onların hazır isti şəkildə bu müalicəvi suda çimmələri üçün təqdim olunur. Biz yuxarı qalxanda özümüzlə odun aparmağımızı təklif etdilər. Ancaq biz çimmədik. Buradakı şərait sanitar normalardan çox-çox uzaq idi. Ümumiyyətlə yola başlayanda elə bir fikrimiz yox idi. Birinci şəklə diqqətlə baxsanız suyun dağdan necə süzüldüyünü, ikinci də yatağını necə həmin maddə ilə doldurduğunu, üçüncü də isə adi daşı fərqli rəngə boyadığını görəcəksiniz. Onu da deyim ki, tam çox acıdır və su sanki digər suya nisbətən yağlıdır.

Bir də bu balaca suyun tam yanında axan, dərədən süzülən bütün suların toplandığı bir şəlalə var. Şəlalə çox hündür olmasa da (hardasa 7-10m) suyu boldur. Yatağındakı böyük ağac kötüklərini görəndə hiss edirsən ki, yağış yağanda burdakı su hər şeyi qabağına qatıb aparır. Şəlaləni tapmağımız, hədəfimiz çatmağımız və ağacların içində suyun verdiyi sərinlikdən hiss etdiyimiz məmnunluqla biraz istirahət etdik.

Ardınca çox sərt olsa da Şıxəmirlə Şəlalənin biraz daha üstünə qalxdıq. Yol boyu gözümüzü oxşayan sarmaşıqlar burda islaq daşlardan ayağımız sürüşəndə təhlükəsizlik kəməri oldu. Buradan xeyli yuxarıdan aşağıua doğru şəlalənin axmasına baxdım. Orda olan bir-iki kötüyü axan suya atdım, sadəcə onları necə udub apardıqlarını izləmək üçün. Yuxarıdan baxmaq mənzərə haqqında tablonu tamamlayır. Davam etkdicə kanyona adamı içinə çəkir. Burdakı kanyonda xüsusi bir gizlilik, nadirlik var. Hər iki tərəfdə sarmaşıqlar, ağac kölgələri və dərinliyinə görə nisbətən qaranlıq olması kanyona xüsusi bir aura verirdi.

Kanyon getdikcə daha sərt qayalıqlarla və daha qaranlıqlaşırdı. Çox içəri getmək üçün vaxtımız yox idi. Çünki saat 6 da uraldan düşdüyümüz yerdə olmalı idik. Aşağı şəlalənin töküldüyü yerə düşdük. Hər kəs sumkasında olanları ortaya qoydu. Böyük daşın üstündə, bir tərəfdə şəlalənın şırıltısı və sərinliyi, digər tərəfdə buludlarla yer dəyişdirən günəş altında yeməyimizi yedik. Biraz da uzanıb istirahət etdikdən sonra növbə ilə şəlalədə şəkil çəkdirdik. Elçinlə Şıxəmir həm də çimdilər şəlalədə. Mən və Cuma isə sadəcə balaqlarımızı qatlayıb girdik. Çimməyi düşünmədiyim üçün lazımi ləvazimatları götürməmişdim. Suya ilk ayağımı qoyanda sanki buza qoyuram. Və çöldə qalan hissə ilə, suyun altında qalan hissənin birləşməsində sanki bıçaqla ayağımı kəsirlər. Suda xeyli dayandım. Bədənimi yudum, bir-birimizlə zarafatlaşdıq. Hamı tir-tir titrəyirdi. Amma yayın ortasında titrəmə insana ləzzət edir. Günəşin istisini zərərsizləşdirmişdik. İnsan təbiəti belədir, yayda qış, qışda yay arzulayırıq. Amma yayda qışı hiss etmək də gözəl təsir edir.

Əynimizi dəyişib, bədənimizi qurudub çantalarımızı yığdıq. Saat 1 də artıq yola çıxmışdıq. Qayıdanda yolumuz nisbətən rahat keçdi. Dörd saat yarıma gəldiyimiz yolu üç saata geri döndük. Yolda yenə ən böyük problemimiz və eyni zamanda əyləncəmiz çayı keçmək oldu. Hər dəfə birimiz sudan hoppananda çaya düşürdük. Cımcımaxa çatmağa az qalmış yenə təpəyə qalxaraq çayı keçməli olduq. Burda suyun süzüldüyü və yağış yağdığı üçün islaq olan hissə vardı. Keçməyə cəhd etsəm də sürüşdüm. Əlimdəki ağacdan yapışıb aşağıya qədər necə daha düz sürüşə bilərəm deyə düşündüm. Elə ilk dəfədən daşlara dəyib üzüüstə düşdüm. Amma sürüşməyə davam edirdim. Artıq sol ayağımın dizdən aşağı tam çapıldığını hiss edirdim. “Aşağıya cəsədi çatar” deyə düşündüm. Çünki bu uçurum harada 20 m hündür və hardasa 70-80 dərəcə maili idi. Dənizdə boğulan saman çöpündən yapışar deyərlər. Ağacımı möhkəm bu yerə batırıb özümü saxlaya bildim. Amma sağ ayağım hər an sürüşə bilərdi. Burada yenə sarmaşıqlara yapışdım. Amma bu yer yumşaq olduğu üçün onlarda qopub əlimdə qaldı. Üçüncü cəhddə getmək istədiyim tərəfdən sallanan quru, nazik ağac budağından tutdum. Digər əlimdəki ağacı bir az daha yaxına və bərk yerə basdım. Ordan ağacın digər sağlam budaqlarından tuta bildim. Bunun sayəsində özümü uçurumdan gəldiyim yerə təkrar ata bildim. Nisbətən dik olsa da ağaclardan tutaraq aşağı endim. Yenə də son anda qurulmuşdu çox şükür.

Cımcımaxa da girib yola elə davam etməyə razılaşdıq. Kəndin arxa yolundan içinə doğru girdik. İçindən keçən balaca arxı da keçəndən sonra əsas küçəyə çıxdıq. Əsas küçə deyəndə bəlkə ağlınıza şose, asfaltı olan bir yer gəldi yəgin. Amma hər yağış yağanda suyu bu yolla süzülən bir yerdir. İnsanlar hər yağışdan sonra yolu təmir edirlər. Kənddə hər üç-dörd qapıdan birində ural maşını dayanmışdı. Burda yaşamaq üçün belə maşın mütləqdir. Əsas küçə ilə düşüb kənddən çıxdıq. İnsanlar çox çalışqan olduğu hiss olunurdu. Arxadan girdiyimiz üçün bağlarını bostanlarını, çəpərlərini tam gördük. Hamısı çox səliqəli, təmiz idi. Kəndin girişində oturub nəfəsimizi dərdik. Yol boyu gedəndə də gələndə də böyürtkən yedik. Həm tamı gözəl, həm də aşağıda olandan daha iri idi.

Yarımsaata artıq tələb olunan yerdə(Şeytanqalada) idik. Artıq yorğunluq hiss olunurdu. Burada çay yatağı da nisbətən geniş idi. Günəş də qarşıdan üstümüzə vururdu. Çatan kimi namazımızı qılıb, özümüzü istirahətə verdik. Çünki maşın gəlməyinə hələ 2 saat vardı. Çayda islanan ayaqqabılarımı çıxarıb günəş və külək vuran yerə qoydum. Maşın gələnə yaxın geyindim. Tam quru idi.

Maşın gələndə yola çıxdıq. Səhər kinə nisbətən daha az adam var idi. Əvəzində isə yerdə çobanların evlərinə apardıqları qoyun və keçilər var idi. Maşında özümüzə yer edib yola qoyulduq. Axşam 19:30 da mən yorğun, xoşbəxt, qürurlu və şükran şəkildə evə gəldim. Hər səfərimdə dediyim bu dəfə çox əla yürüş oldu sözünü yenə özümə dedim. Allahıma bu günü yaşatdığı üçün şükr, dostlarıma günümü gözəlləşdirdiyi üçün təşəkkür edirəm. İnşallah növbəti səfərlərdə görüşənədək. #özümdənbaşlayıram #özdünyanıtanı

Diqqətdən kənarda qalan möcüzə – Hamamdərə, Cımcımax” üzərinə 2 şərh

  1. Mənzərələr o qədər gözəldir ki, insanın içini fərəhləndirir. Getmədiyim yerləri Sizin təsviriniz sayəsində qiyabi görmüş oldum. Təşəkkür edirəm. Səyahətləriniz davamlı olsun.

    tərəfindən bəyənildi 1 şəxs

Zulfiyya Sadıqova üçün bir cavab yazın Cavabı ləğv et