Uşaqlıqdan bəri eşitdiyim, ancaq şəkil və videolarda gördüyüm, hər kəsin ağız dolusu danışdığı Şamilovka yaylaqlarını nəhayət bu gün gördüm. Uşaqlıqdan İmam Şamil haqqında eşitdiklərim, böyüyəndən sonra etdiyim araşdırmalar, onun adı verilən, gözümün qabağında olan bir yerə getmək mənim üçün xüsusi həyəcan verirdi Yol boyu da bu həyəcan mənimlə oldu. Hava yağışlı olsa da, yolumuza davam elədik. Başlanğıc olaraq Car kəndindən piyada qalxdıq. Onu da deyim, başlanğıcda yol çox dik qalxır, ancaq sonra yuxarıya doğru nisbətən maililəşir. Daimi yürüş edənlər üçün çətinlikdədir. Fevral ayından bu yana, məlum səbəblərdən, belə yürüşlərə gedə bilmədim. Bunun da nəticəsini qeyd etditim bu dik yolda hiss etdim. Üstəlik yağışın həm üzərimizə yağması, həm də torpağın sürüşkən olması vəziyyəti bir az da çətinləşdirirdi. Digər tərəfdən bu qədər müddət sonra nəhayət ki, səfərə çıxmağımdan dolayı uşaq kimi(yəni içdən) sevinirdim. 
Yuxarıya doğru duman gah azaldı, gah da artdı. Ancaq 30-40 dəqiqə gedəndən sonra yağış kəsildi. Daha sonra yolda maraqlı bir qəbirlə rastlaşdıq. Hekayəsi belədir ki, gözətçi olan şəxsin başı düşmən tərəfindən kəsilib, aşağıya doğru atılıb. O da qışqıraraq yuxarıdakılara xəbər verməyə çalışıb. Başın dayandığı yerdə isə üzərinə daş yığıb, elə ordaca saxlayıblar. Üzərində avarca yazılardan oxuduqlarımdan sadəcə adını başa düşdüm. 
Yola davam etdikcə, maililik nisbətən azalmaqda davam edir. Bu gün ərzində yoldan bizdən başqa heç kim keçməmişdi. Quşların səsləri, yağışın şırıltısı, 5 metr aralını belə görməyə imkan verməyən duman adamı həm həyəcanlandırır, həm biraz vahimələndirir. Hər zaman dağ yürüyüşünə çıxanda insanlar tərəfindən deyilən, “yıxıla bilərsən”, “qolun-qıçın sınacaq bir gün oralarda” kimi ifadələr yadıma düşdü. Açığı başqa şərtlərdə bu kimi şeylər heç ağlıma gəlmir. Amma bu dəfə şərait çətin olduğundan yəqin ki, bu ehtimalları da göz önündə saxlamalıydım. Bu düşüncələri xatırladacaq digər bir səbəb isə, yol boyu gördüyümüz qəbirlər və onlarla bağlı hekayələr idi. 
Səhər saat 6 da Suvagil kəndindən çıxdıq, artıq yeddiyə qalmış biz Car kəndində idik. Maşını Şıxəmirin tanışlarıgildə qoyub, piyada başladıq. Artıq saat 9 da biz Şamilovka (digər adları, Qonzoqor, Honzoqor) da idik. Bələdçimiz Şıxəmir 10 il bu yolu, atası ilə birgə gedib-gəlmişdi. Oturduğumuz yerdən açılan mənzərələri danışdı. Hansı ki, biz duman olduğu üçün yanımızdakıları güclə görürdük. Amma bu yürüşün dadını qaçırmaq üçün yetərli bir səbəb deyil. Bu kimi şeyləri düşünəcək olsaq, hər şeyi ertələməli olarıq. Anı dəyərləndirmək, imkan olduqca gəzmək, kəşf etmək lazımdır deyə düşünürəm. Burada özümüz üçün balaca bir piknik elədik. 
Həmin vaxt eşitdiyimiz qoyun mələşmələri, itlərin hürməsi bizə doğru yaxınlaşan bir sürünün olduğuna işarə verirdi. Ancaq yuxarıdakı şəkildən də gördüyünüz kimi, biz heç nə görmürdük. Yeməyimizi bitirib, yolumuza davam elədik. Ancaq qoyun səsləri nə qədər arxamızca eşidilsə də dumandan görə bilmirdik. Biraz keçəndən sonra duman nisbətən aşağı çəkildi, və aşağıdakı şəkilə diqqətlə baxsanız, sürünün açığa çıxdığını görə bilərsiniz. 
Bundan sonra artıq gördüyünüz kimi subalp çəmənlikləri var. Ağac və bitki örtüyü yoxdur. Sadəcə xüsusi otlar bitir. Onlar da yağış yağmadığı üçün saralmağa doğru gedir. Yəqin ki, bu yağışlardan sonra nisbətən təbiət canlanacaq. Yaylaq yağış yağması çobanlar üçün nə qədər arzuolunmaz bir hal olsa da, yem üçün xüsusi əhəmiyyəti var. Buna görə, son illər yağışın az yağması bu vəziyyəti tərsinə dəyişib. 
Bu yerdən sonra isə artıq marşurutun sonuna doğru yaxınlaşırdıq. Burada olan “Ziyarətgahlar” adlanan ərazidə növbəti piknikimizi etmədən öncə burada hasarlanmış qəbristanlıqda gəzdik. Rəvayətə görə bu qəbirlər, Car-Balakən camaatlığə dövründən qalmadır. Belə ki, bu qəbirlər aşağılara gələn işğalçı qoşunlardan (Rusiya, Nadir şah Əfşar) müdafiə olunmaq üçün, nisbətən çətin şəraitdə olan bu yaylaqlara köçən insanlara məxsusdur. Xüsusi olaraq digər qəbirlərdən seçilərək hasarlanmış bir qəbrin üstündəki tarixlərdə bu rəvayətin doğruluq payını artırır.
Buradan artıq növbəti yaylaqçı binəsi (ferması) görünürdü. İtlər 20-30 metr yaxınımıza qədər gəlsələr də, heç bir reaksiya vermədilər. Görünür fərqli insanlar görməyə öyrəşmişdilər. Qoyunların səsi, üstümüzü islandan çisgin, təpənin başında dalaşan keçilərin müşayiətilə növbəti piknikimizi bitirib geri yola düşdük. Qayıdarkən, gülü açmış olsa da, qoxusu hər tərəfə yayılan kəklikotu yığmaq üçün biraz ara verdik. Bir çayzadə olaraq, bu mənim üçün çox özəl bir qazancdır. Əsasən dağlıq ərazilərdə yetişən bu bitki, ölkəmizdə ən məşhur olan çay əlavəsidir. 
Aşağıya doğru düşmək nə qədər çətin olsa da, dırmanmadan sürətli olur hər zaman. Bu zaman yenə oxuyan quşlar, küləyin aşırdığı, günəşə çatmaq üçün bir-birilə yarışa girərək göylərə qalxan ağacları görəndə “möhtəşəmmm” deməmək mümkün deyil. Meşənin insansız bu təbii halı mənə çox xoş təsir bağışladı. Eyni meşə düzəndə olsa, nəyinki yıxılan ağaclar, heç hündürə qalxan ağacları belə tapmaq mümkünsüz olacaqdı. Burada isə maşınla daşıma mümkün olmadığından, dağ relyefinin verdiyi üstün imkanlar, meşəni daha da gözəlləşdirir.
Qalxdığımız ən hündür nöqtələr 1900-2000 metr arasında dəyişir. Bələdçisiz getmək tövsiyə olunmur. Yürüş məsafəsi 15-16 km (Car kəndindən). Günün sonunda mənə qalan deyib-gülməyimiz, evdə yeyəndə çoxda fərqinə varmasaq da, orda iştahla yediyimiz yemək, otururcasına palçığın içinə yıxılmağım birdə yuxarıda qeyd etdiklərim oldu. Bu səyahətdə mənimlə birgə olduğunuz üçün təşəkkür edirəm.
Şəkillər yenə göz oxsayir, əlinə sağlıq 🙂
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Təşəkkür edirəm 🤗
BəyənBəyən