Tufan var…

Axşamdır, hava hələ indi qaralır. Ən sevdiyim vaxtlardır. Hava dumanlı və çiskinlidir. Səhər yağıb, ara-sıra yağıb dayanır. Artıq 9 ildir Bakıdayam. Son iki qışdakı qədər sıx duman görməmişəm. Açığı məni sevindirir də. Aid olduğum yerləri xatırladır sanki.

Əvvəllər elə düşünürdüm ki, sadəcə qışı sevirəm. Əslində isə hər fəsildə fərqli bir şeyi sevirmişəm. Qışda soyuğu, yazda yağışı, yayda üzməyi, payız rəngləri. Çünki əvvəllər sadəcə düşünürdüm. Hiss etmirdim, ya da düşüncələrim buna imkan vermirdi.

Səməd Vurğun küçəsi ilə evə doğru gedirəm. Bu gün online işlədikdən sonra havamı dəyişməyə ehtiyacım olduğunu hiss elədim. Budur, indi 6 km yaxın yolu piyada gedirəm. Qulağımda Jeyhun Samedov deyir ki,

Çox soyuqdur hava, çox soyuqdur yar,

Əynini qalın geyin, çöldə Tufan var…

Düşünürəm, mən dumana sevinirəm. Amma musiqini də indiki hava ilə əlaqədar hesab edirəm.  Bunu niyə etdiyimlə bağlı heç bir fikrim yoxdur.

Sol tərəfimdə qalan Zabitlər parkının qarşısında insanlar qaynayır yenə. Mən Əjdərbəy məscidini keçmək üzrəyəm. Hər cümədə və burdan keçəndə gördüyüm Əllili yaşlarda olan Daun sindromlu dayı da həmişəki kimi darvazanın qabağındadır. Hava çox soyuqdur. Əllərim cibimdə, o isə yüngül idman gödəkcəsindədir. Deyirəm bəlkə, yaxında var qalın bir geyimi. Özü çıxarıb. Çünki ətrafdakı kafelərin birində oturanda da onu içəridə görmüşdüm. Hər kəs tanıyırmış onu. Çox qəribə formada ona beynimdə qalın paltar axtaranda əllərim cibimdə, özümdəkini vermək barədə heç düşünmədim.

Uzaqdan Tədris-Cərrahiyyə klinikasının binası görünür. Duman çox epik bir hava verir. Dağda olanda bir neçə dəfə sırf dumana görə yolumu azsam da, dumana olan münasibətim dəyişməyib. Duman sanki, var olanı gizlədir. Daha maraqlı edir. Atası ilə oyunda hansı əlində sevdiyi şeyin olduğunu tapmağa çalışan uşaq marağı bürüyür məni. Hansı ki,  içəndə hamıya zəng edən dayılar kimi belə olanda mən də ətrafımdakı hər kəsi axtarırdım. İndi axtarmıram. Indi nə axtarmaq istəyirəm, nə axtarılmaq.

İnsan özünü tapmağa başlayanda ətrafındakı səs-küydən daxilindəki sükunətə doğru addımlayır. Keçən dəfə Türk psixoterapevt Kamal Sayarın gözəl bir sözü ilə qarşılaşdım. “İnsanların xoşbəxt olması üçün azaltmağa, həyatlarından bir çox şeyi çıxarmağa ehtiyacı var.” Arada hiss edirəm ki, ehtiyacım olanlar yoxdur, ehtiyac sahibləri isə 4 tərəfimizdə. Hər kəs səndən nələrsə tələb edir. Etməsən sənə qoyduğu adları dəyişməklə hədələyirlər. Qınayırlar, günahlandırırlar, cəzalandırırlar. Amma özünə addımladığın anda bunlar sənə sadəcə gülməli gəlir. Gülməyin də gəlmir amma.

Beynimin düzüb-qoşmağı alıb apardı məni yenə. Gül kimi yaşadığım yolumdan qopardı. Hansı ki, hər addımda özümü, indiki Muradı hiss etmək istəyirəm. Jeyhun çöldəki havadan danışırdı. Içimdəki Tufandan isə nə sənin xəbərin var idi, nə də bir başqasının. Çünki mənim də az öncə xəbərim oldu.

Artıq Jeyhun da Tufanı bitirib,

Qorxuram bir gün öləm, yada qalan gözlərin.

Getmə, getmə gəl… Deyir.

Sağımda isə Rixard Zorge məni çox ciddi baxışlarla süzür. Mən isə hələlik, yaşıl yanan işığa doğru gedirəm. Əvvəl olsa qaçardım bəlkə də. İndi isə heç hara tələsmirəm. Tufanımı özümlə apardığımı bilir və qəbul edirəm.

Tufan var…” üzərinə bir şərh

Bir şərh yazın