Cümə namazından sonra işə qayıtdım. Nahar etdikdən sonra kitab oxumaq üçün fasiləm var bir az. Yanında çay da pis olmaz deyə düşünürəm.
Bu dəfə çayın dəmi hazır idi. Sadəcə süzdüm gəldim. İlahi necə möhtəşəm dadır. Ya əhvalım yerindədir, ya da çay çox qəşəngdir. Dadlı çay özü qəribə səslənə bilər. İkinci dəfə belə qəşəng ehtimalını nəzərə alıb təzədən çay süzməyə getdim. Çaydan boş idi. Doldurdum, qaynatdım. Təzədən içirəm. Amma o deyil. Bayaqkı çay bir başqa idi.
2024 girəndən çayı çox az içirəm. Fervalın ortalarından isə ümumiyyətlə yemək- içməklə bağlı sadəcə ehtiyacım olan anda istifadə edirəm. Zövq üçün çay yaxud yemək, kofe demək olar ki, istifadə etmirdim. Deyəcəksiz ki, sənin çay içməyindən, nə vaxtdan yemək içməkdəm kəsilməyindən bizə nə?
O an, bir az düşündüm. Həyatın digər sferalarında nə edirəm? Ümumiyyətlə günlük vərdişlərimi nəyə əsasən edirəm? Pavlov yenə qəbrində sevinir. Çünki hər şey üçün bir mükafatımız var. Bu mükafat bəzən həzz, bəzən isə acıdan qaçışdan ibarət olur. Ac ikən qarnını doyurmaq üçün bir şey yemək acıdan qaçmaqdır. Amma xüsusi bir restoranda masa sifariş edib, xüsusi yeməklər yeməyə getmək isə həzz üçündür.
Buradakı incə məqam isə, bunların hər ikisinin həddindən artıq təkrarlanması asılılığa çevrilə bilər. Yemək pozuntularının əksəriyyəti, fiziki yox emosional aclıqla bağlı olması buna ən gözəl örnək ola bilər. Bayaqdan yeyib-içməkdən danışıram. Sanki sizi bundan soyutmağa çalışıram. Xeyr! Sadəcə daha əhatəli şəkildə danışmağa ehtiyacım var bu barədə.
Bəzən insanlar düşünür ki, yazıları kimsə oxusun deyə yazıram. Bəli fikirlərimin tənqidi maraqlıdır. Ancaq yazmaq mənə daha yaxşı təsir edir. Yox bu asılılıq deyil. Çünki bir disiplinlə yazıram. Ona görə əhatəli yazmağı da ən çox özüm üçün edirəm.
Mənim ikinci çay üçün getməyim mükafatı təzədən istəməyim idi. Halbuki, bəzi şeylər elə həmin anda gözəldir. Gələcəkdə yaxud keçmişdə deyil. Hiss etdiklərimizdə, elə o an üçün xüsusidir. Sonrasında onu təzədən xatırlamaq bizə çox zaman acı verir. Ya əhvalat pisdir. Ya da yaxşı idi, amma o insan yaxud şərait yoxdur. Hər bir halda, andan qopduğumuz anda, hər şeyin dozasını qaçıra bilərik.
Ötən dəfə LinkedIndə suallarla bağlı post paylaşmışdım. Şərhlərdə bir nəfər çox gözəl sual vermişdi. Mən indi nəyi daha yaxşı edə bilərəm? Yəni indi hər şey bərbad ola bilər. Ancaq indi nəyisə yaxşı etmək şansım var. Bəzən bu yaxşı, sakitcə işinə fokuslanmaq ola bilər. Bəzən isə sevdiyin üçün hər hansı addımı atmağa davam etmək, bəzən isə məqsədin üçün var gücünlə işə davam etmək.
Hər bir halda ediləcək bir şeylər həmişə var. Ancaq insanın ən böyük çətinlikliyi duracağı nöqtəni tapa bilməməkdir. Limitlərini bilməmək, özünü az tanımaq, özünə aşırı inanmaq bu işə mane olan əsas faktorlardandır. Ən bərbadı isə özünü kimlərləsə müqayisə etməkdir.
Müqayisə insan üçün çox əhəmiyyətli bir alətdir. Amma performansımız üçün keçərlidir. Yəni kim məndən öndədir? Sualı əvəzinə mən nəyi yaxşı edirəm? Nədə zəifəm? Bunları qəbul etmək, sonrakı addımları isə ona uyğun atmaq lazımdır.
Düşünürəm ki, hər bir insanın duracağı nöqtə qəlbidir. Hazırda hiss etdiyini dərindən yaşamaq, o hissin və anın haqqını vermək, daha sonra özünə bir güzgü tutmaq. “Etdiyim şeylər dəyərlərimlə hansı ölçüdə örtüşür?” Bu sualda dura bilmiriksə, davamlı nələrsə ediriksə, deməli qaçırıq. Həll etmək əvəzinə etdiyimiz işlər bizim asılılığımıza çevrilir.
Sadəcə nə iləsə məşğul olmaq insanın özünü aldatmasının plazadakı adıdır. Belə olan halda bir müddətdən sonra tükənmişlik sindromu yaşamağınız qaçılmazdır. Bəlkə də artıq yaşayırsınız.
Ona görə, ikinci çayı süzmədən, başqa işlərə keçmədən bu saat, bu dəqiqə “mən hardayam?” sualına cavab tapın. İcazə verin boşluğu, üzüntünü, kədəri, sevinci, şükrü, həzzi, qüruru yaşasın qəlbiniz. “Adama bax, ikinci çayı xoşuna gəlmədi deyə, bizim yediyimizə-içdiyimizə qarışır.” da deyə bilərsiniz. Ancaq bu da bir qaçışdır. Beyin davamlı sizə qaçacaq yerlərdə yormağa davam edəcək…