Qütb ulduzu

Həyətdəyəm. Nənəmin həmişə altındakı oturacaqda oturduğu xurma ağacı olan yerdə. Doğulduğum, həyatımın ilk 17 ilini tam, sonrakı 13 ilini isə epizodik olaraq yaşadığım həyətdə. Keçən yaydan etibarən burda olmamışam. 30 yaşımdan öncə gəldiyimdə hər yer yaşıl və rəngarəng idi. İndi isə ağaclarla bərabər sanki evdə çılpaq və yaddır. Ya da mənə elə gəlir.

Hava çiskinlidir. Yağış yağır. Arada belə havalarda siqareti niyə tərgitdiyimi sorğulayıram. Çünki, “hollivud effekti” olaraq belə havalarda dərdli formada adamın siqaret çəkməyi gəlir. Bəziləri üçün bu marketdən “zdaç” əvəzinə qaytarılan nescafe ilə kitab şəklidir. Dağdan düşən bir Saxur üçün isə islanmaq və siqaret. Arada şəhərdə nə işim var deyə də soruşuram. Amma bunu da şəhərdən çıxanda soruşuram. Qayıdanda ordakılara dönürəm. 

Şəhərdə ulduzları görmək çox nadir hallarda mümkündür. Bu həftə ərzində şəhərdə də havalar yağışlı keçib deyə, binanın damına da çıxsam görə bilmədim. Bakıda hava küləkli olur. Bəlkə küləklər səyahət edəndə sıranı hansısa biri pozar, mən də aradan ulduzlardan qütb ulduzumu seçərəm. Hansı ki, bu həftə onu daha çox görmək istəyirəm. Istəməkdən çox da ehtiyacdır.

Uşaq vaxtı kəndən 5-6 km uzaqlıqdakı sahələrimizdən gələndə atamdan soruşmuşdum. O ulduz niyə o qədər gur işıq saçır deyə. Dedi ki, o qütb ulduzudur. Atam adını demişdi. Niyəsini deməmişdi. Mənim üçün isə onu sahiblənmək üçün adı yetdi.

Balaca şahzadənin “sevdiyiniz çiçək milyonlarca ulduzdan birində olsa belə, ulduzlara baxmaq xoşbəxtliyiniz üçün yetərlidir” sözünü xatırladım indi. Qütb ulduzu da mənə xəyalımdakı gülün, məqsədlərimin, arzularımın göydəki halıdır. Taa uşaqlıqdan hər zaman ona baxmaq. Xüsusi hüzur verir.

Yol boyu əslində başqa məşğuliyyətim də olmurdu. Hər kəsin “saman altdan su yeridən” dedikləri Muradın sakitcə göyə baxaraq getməsi, anam üçün də bir az istirahət idi. Aylı gecələrdə taxıl zəmilərinin, ağacların görüntüsü, küləkdə xışıldayan otlara baxa-baxa kəndin ayağına çatırdıq. Ondan sonra çayı keçmək başqa bir macəra, daha sonra yeni salınan xırda məhəlləli evlər, torpaq yoldan daşlı yola keçid. Evə çatanda daha çox hiss edilən yorğunluq. Və ev.

Sahədən qayıdarkən bu durduğum yerdə, köhnə dəmir oturacağın üstündə nənəm oturub bizi gözləyirdi. Qulaqları açıq qalacaq şəkildə başına örtdüyü tünd amma rəngli yaylığı, boynuna sarılanda həmişə əlimin dəydiyi kəhrəba boyunbağısı mənə evdə olduğumu xatırladırdı. Tam da bu yerdə.

Bir həftə öncə bir doğmam “ev hər zaman bir məkan deyil, düzdür?” sualını vermişdi. O gündən bəri bu sualı düşünürəm. Ümumiyyətlə bu həftə çox daha dərin düşünürəm. Məsələ təkcə bu sual deyil. Tam bir həftədir həyatımın tam başqa mərhələsində hiss edirəm özümü. Daha dərində, o çatmaq istədiyim dərinlikdə. Təbii ki, onun da öz əks göstəriciləri var. Əvvəllər yemək üçün darıxan bir adam olan mən, indi sadəcə yaşamaq üçün yeyirəm. Deyəsən yaşadığımı indi hiss edirəm.

Eyni zamanda yaşamağın uşaqca yalnız pozitiv duyğulardan ibarət olmadığını da hiss edirəm. Dərk etməyinə çoxdan etmişdim. Amma hiss etmək həyatımın bu dönəminə qismət imiş. Bir də hiss etməyin necə dəyərli olduğunu hiss edirəm. Təbii ki, heç bir dəyişiklik birdən-birə olmur. Buna səbəb olan, vəsilə olan, yardım edən insan və hadisələr olur.

Bu həftə ərzində sorğuladığım şeyləri həyatımın hansısa hissəsində sorğuladığımı xatırlamıram. Bəlkə də, indi yox 1 il öncə olsa bu qədər dərin düşünməz, hiss etməzdim. Beynimdə musiqilər, kitablar, insanlar, düşüncələr əsas mövzu olmaq üçün çarpışır. Təndirə tərəf dönəndə Şövkət Ələkbərova yüksək səslə

“deyildim mən sənə mail,

sən etdin əqlimi zail”

oxudu beynimdə. Ardından burnuma düşən yağış damlasından sonra yuxarı baxdım. Onda da Cecilia Krull

“If i stay with you,

If i choosing wrong,

I don’t care” musiqili fonu davam etdirdi.

Deyəcəksiz Muradı da belə itirdik. Yox əsla. Hələki başınızı qarışdırmağa davam edəcəm. Təkcə mənim başım niyə qarışsın ki. Sizi də ortaq edim.

İnsan yaşadıqlarını hiss etdikcə anladıqca, özünü daha yaxşı başa düşür. Həyatındakı insanların davranışlarına qəzəblənmək də var. Təşəkkür etmək də. Küsmək də var, yaxşı ki sən dedin demək də. Ümumiyyətlə küsən biri deyiləm. Küsmək nomramı uşaq vaxtı doldurmuşam. Sevdiklərimdən inciyə də bilmirəm. Bəlkə də inciyirəm. Amma bunu bir sarılma ya bir müzakirə ilə unuda bilirəm. Əsas məsələ qarşındakının sənə dəyər verdiyini hiss etməkdir. Yenə Balaca şahzadənin tülküsü yadıma düşdü. “əlbəttə bir-birimizi incidəcəyik”. Çox realist yanaşmadır. Təəssüf ki, bizə elə gəlir ki, sevdiklərimiz bizə həmişə sevgiləri ərmağan etməklə mükəlləfdir. Onlar bizə hər şeyi doğru çatdırmaqla da mükəlləfdirlər. Amma elə olanda inciyiriksə, böyüməmişik deməkki.

Böyüməmiş insan isə, nə sevgini anlayır, nə hörməti, nə də qayğını. Qəsdim uşaqlar bunu başa düşmür demək deyil. Onlar anlayır. Yaşı keçib uşaq qalanlar anlamır. Bu bir həftədə mən də fərqli bir böyümə hiss edirəm. Hər şeydə Allahın uyğun gördüyü kimi olsun deyə bilirəm. O təslimiyyəti hiss edə bilirəm. Amma bu qurban təslimiyyəti deyil. Əlimi qulağımın dibinə qoyub həyatımın dəyişəcəyini gözləmirəm. Bu təslimiyyət həm də bir məsuliyyəti özündə gətirir. Allahın işinə qarışmaq olmaz bəli. Amma qulu olaraq etməli olduğum, həyatım üçün atmalı olduğum addımlar da var axı. Böyümək həm də onları üstlənməkdir.

Böyüməyə vəsilə olan hər kəs mənim üçün dəyərlidir. Bəziləri yanımdadır. Bəziləri uzaqda, bəziləri həyatımda, bəziləri yoxdurlar. Hər zaman da elə olmağa davam edəcək. Önəmli olan onlarla olmaq üçün mənim nə etməyimdir. Yerimdə sayıram yoxsa onlara çatmaq üçün çalışıram. Arzularım, istəklərim üçün hər gün nəsə etmirsənsə, o elə arzu olaraq qalacaq. Bunu o qədər ürəkdən hiss edir və çalışıram ki. 30 yaş artıq gecdiri kim deyibsə yanılır. Ən gözəl yaşlardandır hələki.

Yağış daha da gücləndi. Artıq əllərim də üşüyür. Nə qütb ulduzumu görürəm, nə oturacağı. Nənəm də yoxdur, xurma ağacı da. Mən də bir gün olmayacam. Bəlkə kimsə düşünməyəcək. Amma ona qədər qütb ulduzuma baxmağa, görməyə davam edəcəm. Ona baxanda düşündüyüm xəyallarım üçün də olmayacağım günə qədər çalışmağa davam edəcəm. Bəlkə onda evimi tapdım. Bəlkə də ev həqiqətən məkan deyil.

Bir şərh yazın