Serenad – Ömer Zülfü Livaneli

“Bu dünyada sənə pislik etmək istəyən insanlar çıxacaq qarşına, amma unutma ki, yaxşılıq etmək istəyənlər də çıxacaq. Bəzi insanların ürəyi qaranlıq, bəzilərinki isə aydınlıqdır. Gecə ilə gündüz kimi! Dünyanın pisliklərlə dolu olduğunu düşünüb küsmə, hər kəsin yaxşı olduğunu düşünüb xəyal qırıqlığına uğrama! Özünü qoru.., insanlara qarşı özünü qoru!”

Bu sətirlər kitabda yazılan ən sevdiyim cümlələr ola bilər. Ancaq əsəri iki cümlə ilə ifadə etmək, həm Maxmiliana, həm Nadiaya, həm Livaneliyə hörmətsizlik olardı. Çünki əsərin dərinliyini göstərən aysberq olsa bu cümlələr onun görünən tərəfi olardı.

Əsəri öncədən bilsəm də, oxumaqda tərəddüd edirdim. Həm yazar, həm musiqiçi, həm siyasətçi olan birinin kitabını oxumaq qəribə gəlirdi. Açığını deyim, şişirdilmiş bir adam olduğunu düşünürdüm. Bəli, psixoloqlar da önmühakimə edir. Biz də beynimizdə bir çox şeyləri belə ilk qərarda kənara qoya bilirik. Ancaq mənim özümlə belə bir anlaşmam var ki, bəyənmirsənsə öyrənib biləndən sonra tənqid edəcəksən. Daha sonra dəyər verdiyim birinin kitabı oxuduğunu biləndən sonra kitaba şans vermək istədim. Çünki, rəyinə, kitabla rəftarına güvəndiyim insanlar hər zaman məndən nəyisə daha yaxşı bildiklərini görmüşəm. Bu dəfə də elə oldu. Önmühakiməm sadəcə formalaşmaqda olan qəliblərimin möhkəmlənməsi üçün idi. Hansı ki, yaş keçdikcə bu qəliblər insanın həyatını bir tərəfdən rahatlaşdırsa da, digər tərəfdən yeni şeylər öyrənməsinə, daha doğrusu yaşamasına mane olur.

Əsəri bitirəndən qarışıq hisslər içindəyəm. Bir tərəfdən İbn Xalduna rəhmət oxuyuram: “Coğrafiya qədərdir”. Ancaq Ömər Zülfü bəy həm də “Dövr qədərdir” deyir. Çünki əsərdə indiki dövrün Türkiyəsi və Almaniyası ilə 1930-ların eyni ölkələri müqayisə olunur. Tarix bizim üçün rəqəm və əhvalatlardan ibarət olsa da, insan hissləri və hekayələrinə çatanda onlarla empatiya qurmadan davam etmək mümkün deyil. Başlarda əsərə kənardan baxaraq oxumağa davam edirdim. Düşünürdüm ki, bu mənim idarə etdiyim bir şeydir. Bunda da yanıldım. Müəllfinin səhifələr keçdikcə, oxucunu içəri aldığını bitirəndə başa düşürəm. Maxmilian və Nadiyanın hekayəsinə qədər mən kənarda qala bildim. Ancaq Maxa “Axmaq”, “Gör qürur və kibir” insana nələr etdirir? deyə düşünəndə, artıq kənarda olmadığımı hiss elədim.

1930-lar deyəndə yəqinki, Nasist Almaniyasının da hekayənin mərkəzində olacağını təxmin edirsiniz. Anlamaqda çətinlik çəkəcəyiniz məsələ Türkiyə ilə əlaqəsidir. Bu əlaqə də, Almaniyadan qaçıb, Türkiyəyə sığınan yəhudi və alman elm adamları ilə qurulduğunu bilməyiniz körpü qurmanıza kömək edəcək. Yəhudilərin Almaniya, Avstriya və digər işğal edilmiş ölkələrdə çəkdikləri əziyyətlərin ələ aldığı yüzlərlə əsər var. Zülfü Livaneli əsərdə davamlı günümüzlə paralellik qurur. Mən də qurdum. Bu qədər əziyyət görmüş xalq, necə ola bilər ki, qadın, yaşlı, uşaq, xəstə demədən fələstinlilərin başına bomba yağdırır. Bunlar əziləndən əzənə hansı ara keçdilər. Üstəlik də yəhudilər tarix boyu avropadan və xristian ölkələrindən qovulub. Əsərdə də yəhudi paşaların olduğu bir Osmanlıdan söhbət açılır. bu məqamda Vikinglərin istila etdiyi İngiltərənin az qala bütün dünyanı istila etməsi yadıma düşdü. “Zülmü görən, bir daha görməmək üçün zülmə də baş vurar” sözünün sübutu müasir dövrdə yəhudilərdir. Ərəblərin də öz hekayələrini yazmağa başladığı dövrdə Hitlerə yenə haqq qazandıranlar olacaq yəqin ki. Heç bir siyasət məsum insanların həyatından dəyərli ola bilməz.

Maxmilian da, yaşadığı hadisələrdən sonra anarxist fikirlərə qapılır. Ancaq bunlar fikir olaraq qalır. Çünki, elədiyi başıboşluğun cəzasını çəkmək üçün 87 il yaşamaq məcburiyyətində qalır. Allah heç kəsi bu qədər əziyyətlə bu qədər uzun yaşatmasın. Hərdən düşünürəm, qürurla kibir arasında çox incə pərdə var. Onu qorumasaq, həyatımızda özümüzü bağışlaya bilməyəcəyimiz və heç bir halda düzəldə bilməyəcəyimiz peşmanlıqlar ola bilər. Siz donaraq ölmək istəsəniz belə, kimsə sizi isidib əzabınızı bir neçə il daha uzada bilər.

Əsərin məhşurlaşmasındakı əsas məsələlərdən biri də baş rolun qadın olması və onun dilindən ifadə edilməsidir deyə düşünürəm. Türkiyə cəmiyyətində qadınların yaşadığı problemləri çox gözəl şəkildə ifadə etdiyini düşünürəm. Yazarın əks cinsdən olması buna mane olmaq əvəzinə, prosesi kənardan izləmə şansı ilə daha yaxşı gördüyü qənaətindəyəm. Hamısını yazıb, blogumun məqsəd və hədəfini yayındırmaq, sizi də əlavə yormaq istəmirəm. Zatən bloqun sonunda kitabı oxumağı düşünməyəcəksinizsə, mənim danışmağımın da bir mənası yoxdur.

Amerikadan Gələn Professor Vagnerin baş qəhramanımız Maya Durana olan qalıcı təsiri, insanın neçə yaşında olursa olsun, dəyişikliklərə məruz qaldığını və hətta bunun həyatın bir parçası olduğu qənaətindəyəm. Mayanın özü demiş böyümə prosesini əsərin başı və sonunda aydın görmək mümkündür. Önmühakimələri darmadağın olan tək mən deyiləm əslində. Maya da bir çox məsələdə çox qatı olsa da, sonradan nifrət etdiklərini anladığı səviyyəyə gəlir. Bunun müəllifin qələminin ustalığı olduğunu düşünürəm. Hekayəsinə qoyduğu xarakteri yetişdirmək hər yazarın bacardığı işlərdən deyil.

Ayrıca ilk abzasda qeyd olunan sözləri Mayaya deyən erməni nənəsinin də baş qəhramanız üzərində ciddi təsiri var. Nənələrin həyat hekayələri vasitəsilə əslində Türkiyənin də nasistlər kimi geniş miqyaslı olmasa da, həm türklər həm də ölkədə yaşayan digər millətlərə qarşı törətdikləri qətliamlar ifadə edilir. Kitabın hekayələri hər tərəfli zəngindir. Əsərdə Mayanın nənəsi də professor Vagner də hakiməyyətləri bağışlamadan, onları lənətləyərək o dünyaya yola düşür. Mən isə bütün bunların günahkarının dövlətlər olduğunu bilsəm də, fərdlərin də gücünə və şəxsi davranışlarından məsul olduğuna inanıram. Çünki professor Vagner qürurunu yox, sevgisini düşünsəydi, tək özünün deyil, sevdiyi xanımın da həyatı çox möhtəşəm olacaqdı. O isə, qüruru seçdi. Ona görə mən hələ də professoru bağışlamamışam. Ümid edirəm siz bağışlayarsınız…

Bir şərh yazın