Bu il oxuduğum və ciddi formada haqqında düşündüyüm əsərlər çoxdur. Çünki bu il bu günə qədər 81 kitab oxuyub dinləmişəm. Bəzən təkcə kitab oxumaq belə həyatla olan bağı təzələyə bilir insan üçün. Martin İden də düşündürən, fərqli-fərqli hisslər yaşadan kitablardan biridir.
Kitabın başında insan öz 20-li yaşlarını görür. Həvəsli, elm və mədəniyyət öyrənmək üçün yanıb-tutuşan bir gənc. Ancaq Martin bunu özü üçün yox, yüksək təbəqədən olan sevdiyi üçün edir. Bəlkə də, ilk səhvini burada etmişdi. Ancaq hedonizm, kitabdakı dövrdə indiki kimi mənasız dərəcədə həyatın hər anına yayılmamışdı. Ən azından Martin özündə bunu hiss etmirdi.
Əsərin irəliləyən dəsti-xəttində Martin öz bildiyində israr edən, çətin, anlaşılmaz və söz qəbul etməyən biri kimi görünür. Ancaq ətrafının ondan tamamilə dəstəyini çəkməsi və özü ilə tək qalması, bu dövrdə yaşadığı fırtınalar ona eyni zamanda həyatı da izah edir.
Müəllif qəhrəmanını həyatın hər sınağı ilə sınayır demək olar ki. Ancaq bu demək deyil ki, Martin hamısından çıxacaq gücü özündə hiss edir. Üstəlik bu qəhrəman nə qədər özündən və yazdıqlarından əmin olsa da, o da bir adəm övladıdır. Sevdiklərinin ona inanmasını, güvənməsini gözləyir.
Qadınlar üçün sevginin ifadə şəkli qayğı və diqqətdirsə, kişilər üçün bu təqdirdir. Təqdir edilməyən kişi, diqqət görməyən qadından daha tez sönür. Həyata olan marağı azalır, özü haqqında neqativ bir fikrə sahib olmağa başlayır. Bununla bərabər ətrafındakılarla da demək olar ki, sosial münasibətlərdə sadəcə normaları yerinə yetirməklə kifayətlənir. Bu da təbii ki, münasibətlərdə çıxılmaz vəziyyətlərə yol açır.
Müasir dövrdə qadınların ehtiyaclarının aşırı vurğulandığını və bununla bərabər kişilərin ehtiyaclarının gözardı edildiyi qənaətindəyəm. Kişilər və qadınlar düşmən yaxud rəqib deyil. Birinin ehtiyacını dilə gətirəndə digərini görməzdən gəlmək, inkar etmək sağlam yanaşma deyil. Münasibətlər iki tərəflidir. Hər iki tərəfin də gözləntiləri bəzən utopik ola bilər. Hər bir halda danışıb müzakirə etmək ortaq yol tapmaq ən faydalı olanıdır. Təbii ki, qarşı tərəf dinləyəcək yetkinlikdədirsə.
Baş qəhrəmanımız da, kişilər üçün olan ağır sosial rollar fonunda bu məsələdə sınanır. Ancaq Martinin reaksiyaları, kitabda nələr olduğunu sizə danışıb marağınızı itirmək istəmirəm. Eyni zamanda “maaşlı iş” tabusunun hələ çoxdan var olduğunu görmək məni təəccübləndirdi. Üstəlik Martinin bu mövzudakı dirənişini də kitabdakı hadisələri görəndə dərindən alqışlayacağınıza əminəm.
İnsan öz yarım qoyduğu şeyləri düşünmədən oxuya bilmir kitabı. Mən nələri və niyə yarım qoydum. Martindən daha ağır vəziyyətdə idim? Mənə nə mane olurdu onları davam etməyə? Sizdə cavablarınıza gülüb, bəhanə kimi gördünüz? Bir də kitabı oxuyanda yerin dibinə girəcəksiniz, mənim kimi.
Müəllifin sağlam bir xarakter yaratdığı qənaətindəyəm. Sağlam dediyim mental olaraq deyil. Oturuşmuş və xüsusi ola biləcək birini təsvir edə bilməsini nəzərdə tuturam. Dünya klassikləri arasında olmağa tam layiqdir. Üstəlik bu xarakter sevgi üçün hər əziyyətə dözə biləcək qədər də fədakardır. İnsani keyfiyyətlərin tamamı olmasa da, ətrafımızda Martin kimi adamların olmasını arzu edərik məncə.
Kitab çox axıcı gedir, bəzən Martin sizi əsəbləşdirir, sonra səninlə qürur duyuram deyirsiniz. Sonra yenə, yenə. Kitabı oxuyarkən özümə verdiyim ən əsas sual, “Görəsən mən eyni şeyləri yaşasam, necə reaksiya verərdim?” idi. Bəs siz? Mr. Edenə haqq verirsiniz?