EH WAY/Gryzdahna – Gryz hiking

Hava artıq qaralıb, günün xoş yorğunluğu var üzərimdə. 15 km yürüş, qalxdığım yüksəkliklər, gördüyüm mənzərələr, bədənimin köhnə yorğunluğu, yol boyu daldığım düşüncələr hamısı üçün o qədər darıxmışdım ki. Hələ çəkə bildiyim fotolara görə də ayrıca sevinirəm. Bu sevinci anbaan necə yaşamışam özümə də maraqlıdır. Sizin üçün yazanda ilk öncə özüm üçün xatırlayıram. Sonra siz unutsanız belə, mən xatirələrimi həmişə sevinərək xatırlayıram. Botlarınızı geyinin, yürüş çubuqlarınızı da götürün getdik.

Səhər saat 6 da təyin olunmuş yerdə idim. Hava hələ qaranlıq, bir balaca da dumanlı idi. Sübh namazı qılmaq üçün yer tapdım. Namazdan sonra gördüm artıq hamı gəlib, yola çıxırıq.

Ənənəvi market alış-verişindən sonra yemək yedim, üstündən çay içdim. Ondan sonra çox qəşəng yuxum gəlir. Əslində mən uyğun olan hər yerdə yata bilərəm. Bu yuxu ayrı şirin olur da. Gecə də az yatmışdım. Təzə paltarla sabah tədbirə gedəcək uşaq kimi sevinirdim. Çoxdandır yürüş səfərlərinə getmirdim deyə, özümdən qopmuş kimi idim. Nəhayət artıq aid olduğum yerlərə, təbiətə gedirdim.

Anlayacağınız kimi qəşəng yatdım. Ayılanda yolun çox az hissəsi qalmışdı. Mənim yatmağım asan olsa da, oyanmağım uzun bir müddət alır. Bu az hissə olan yol, özümə gəlməyim üçün kifayət oldu. Qrızdəhnədən artıq yürüşə başlamağa hazır idik.

Yürüş başlayandan çalışdım öndə gedim. Belə daha səssiz və hüzurlu hiss edirəm yol boyu. Allahdan bu dəfə gəldiyim qrup çox xüsusi qrup idi. Həm mehriban insanlar, həm əsl dağ üçün yol yoldaşları idi. Mızıldanan, başqasının da əhvalını korlayan, tez yorulan heç kim yox idi. Hər kəs sadəcə prosesdən zövq alırdı. Ya da mənə elə gəlirdi. Hər bir halda Emini içimdən alqışladım. Belə gözəl qrup formalaşdırdığı üçün. Sonra sözlü də ifadə elədim. İndi buradan da təşəkkür edirəm. Həm möhtəşəm təşkilatçılığa görə, həm peşəkar idarəetməyə görə, həm də super şəkillərə görə.

Meşədən yuxarı qalxanda dağ özü çətin görünürdü. Amma yenə də həm yuxarıda, həm də aşağıda gördüyüm mənzərələrin keyfiyyəti getdikcə artırdı. Bu yolun tam aşağısından maşın yolu gedir. Demək olar ki, bir iki kanyon mənzərəsindən başqa heç nə yoxdur. Yuxarıda hər şey tam gözəlliyi ilə qarşımızda idi.

2 saat sonra artıq yürüşün çətin hissəsini bitirmişdik. Geriyə daha uzun və daha mənzərəli yol qalırdı. Əynimi dəyişib, yeməyimi yedim. Emin hər kəsə çay payladı. Uşaqlar hər kəs öz yeməyini paylaşdı. Çox xoş auraya insanların özündə olanları paylaşması da xüsusi gözəllik qatır.

Yemək və istirahət müddəti bitdiyinə görə artıq yolumuza davam edə bilərdik. Dekabr ayında təbiət yürüşündə arzu edəcəyiniz hər şey vardı. Günəşli hava, xəfif külək, maraqlı yol yoldaşları və möhtəşəm mənzərələr.

Ayaqlarım vəziyyəti başa düşsə də artıq gec idi. Bu gün onları xeyli yordum. Çox güman ki, səhər də onlar məndən əvəzini çıxacaqlar. Olsun. Bu ağrılarla bərabər öncəki günün möhtəşəmliyi də yada düşür.

Qrız kəndini bu qədər ətraflı gəzməmişdim. Kəndin ətrafında xeyli qəbrlər var imiş. Gəlmişkən Şaiqi də gördüm. Hər yerdə bir tanışın olması da ayrı xoşbəxtlikdir. İnsana qalan elə insanlardır. Qalan hər şey tez bir zamanda əldən çıxır. İnsanları da tez-tez itiririk. Amma xatirələri hər zaman bizimlədir.

Səyahət etməyin, yürüşün ən gözəl və bəyəndiyim tərəfi orda ana fokuslanmanın avtomatik olmasıdır. Telefon sadəcə foto üçün istifadə edirsən. Şəhərdə düşündüyün heç nə səni narahat etmir. Sadəcə bir sonrakı addımın təhlükəsizlik olmasına çalışırsan. Düşünürəm ki, şəhər həyatı insanı boğur. Deyə bilərsiniz ki, kənddən gəlmisən şəhəri bəyənmirsən deyə bunu səyahətlə düz-qoş edirsən. Xeyr əksinə, şəhərdə daimi yaşayan insanlar da eyni bu narahatlıqları hiss edir. Biz adəm övladları fitrət etibarilə bir yerdə çox qalmağa uyğun canlılar deyilik. Ona görə gəzmək şərtdir.

Axşamüstü artıq Qrızdan kanyona doğru düşdük. Orada maşın bizi gözləyirdi. Ayaqqabılarımı da dəyişib maşına oturdum. Farizin verdiyi apelsini heç belə dadlı apelsin yeməmiş kimi iştahla yedim. Sumkada enerji barlarından yeməyi düşündüm. Amma Emin dedi ki, gözəl qutab və samovar çayı bizi gözləyir. Əvvəlki yazıları oxuyanlar bilir. Mən yemək və çay söhbətlərinə hər zaman canı-könüldən qatılmağa hazır oluram. Dağda olması şərt deyil. Həm çay, həm qutablar həqiqətən dadlı idi. Eyni zamanda tur iştirakçıları ilə də stol arxasında söhbət şansımız oldu.

Maşına oturandan sonra samovardan doldurduğum termosu yeni tanış olduğum Mehmet abi, Fariz və özüm arasında böldüm. İndi isə qəşəng yatmaq olar desəm də, Farizin qoyduğu mahnılar hamısı zövqümcə oldu deyə, oturdum fotoları editlədim. Geriyə qalır evə çatıb duş almaq. Çay içib, çox gözəl gün idi deyərək yuxuya dalmaq. Siz də çatdız məncə. Bu günlük bu qədər. Gələn səfərlərdə görüşənədək.

Bir şərh yazın