Bazar günüdür, hava yenə istidir. Çölə çıxılacaq kimi deyil. Üstəlik evdə də nəsə etməyim də gəlmir. Belə olanda bütün Adəm övladları kimi mən də başımı qatmağa çalışıram. Ancaq bəzi vaxtlarda bu sadəcə keçici bir vasitədən uzağa getmir. Amma digər tərəfdən psixoloq olaraq bilirəm ki, əhvalıma təsir edən ağlıma gələn düşüncələr və bunlara inanan beynimdən başqası deyil.
Hər bir psixoloqun psixoterapiya apara bilməsi üçün təkcə diplomu yetərli deyil. Xüsusi olaraq seçdiyi, araşdırmadan keçmiş bir terapiya istiqaməti üzrə təlim alması lazımdır. Pozitiv, geştalt, qəbul və qərarlılıq, koqnitiv davranış kimi terapiya istiqamətləri buna misal ola bilər. Mənim mənsubu olduğum terapiya istiqaməti də Koqnitiv davranış terapiyasıdır. Ötən əsrin 60-cı illərindən etibarən Aaron Beck və Albert Ellis tərəfindən sistemləşdirilmişdir. İndi durduq yerə mənim bu məlumata niyə ehtiyacım var idi? Deyə bilərsiniz. Ancaq həm fikrimi tamamlamaq üçün, həm də psixoloqa müraciət edəndə hansı terapiya istiqaməti üzrə çalışacağını sizə bildirmək kimi bir vəzifəsi var. Həə, davam edək. Bu Koqnitiv davranış terapiyası isə başlanğıc olaraq indiki ana fokuslanır. Yəni indiki vəziyyətinizdəki problemlərdən yola çıxaraq keçmişə doğru irəliləyir. Onu da qeyd edim ki, Koqnitiv davranış terapiyası dünyada ən çox güvənilən və ən çox nəticə verən psixoterapiya metodudur.
İndiki andan keçmişə necə gedə bilərik ki? Dediyinizi eşitməsəm də, bilirəm ki, belə bir sual çıxır ortaya. Koqnitiv davranış terapiyası indiki emosional və məntiqi vəziyyəti qiymətləndirmək üçün çox sadə görünən amma, bir o qədər də çətin olan bir sual verir. İndi ağlımdan nə keçir? Mən blogu yazmamışdan qabaq mövzunu qoysam da, evdə dəxilsiz işlərlə məşğul idim. Gah balkona çıxır. Gah sosial mediada Mark Zuckerbergin həyatımızı ona həsr etməyimiz üçün qurduğu çeşidli platformaların içində itib-batırdım. Nəhayət düşünməyə və istehsal etməyə məcbur olacağım işdən qaçırdım. Bir tərəfdən oyuncaq mağazasına girəndə hər şeyi istəyirəm deyə ağlayan uşaq kimi davranan beynimiz, digər tərəfdən isə bütün həyatını dövlətin hansısa balaca idarəsində “Game of thrones”dakı ssenarilərdən betərlərini yaşamış ağsaqqal, aqressiv və bütün dünyanı özünə borclu hiss edən bir dayı kimi həvəssizdir. Belə olan halda bəyin oğurlanması filmində Muxtar Maniyev tərəfindən şillənən Siyavuş Aslandan daha təəccüblə baxdıran bu sual, həyatımızda baş verənləri analiz etməyimiz üçün möhtəşəm başlanğıc vəd edir. Ancaq bu sualdan sonra ağlınıza gələnləri yenə gerçək olaraq qəbul etməyə davam etsəniz, çox gümanki, blogu oxuduğunuz günün axşamı bu sualı artıq unutmuş olacaqsız.
Yəni yenə eyni şeyləri etməyə, eyni şəkildə uğursuzluqlar və əhval dəyişiklikləri yaşamağa davam edəcəksiz. Çünki beyninizin işləyir şəklinə nəzarət etmədiyiniz müddətdə, o hər zaman inkişaf etmək üçün yox, sağ qalmaq üçün çalışacaq. Ancaq ətrafımızda bir başa fiziki sağlamlığımıza təhlükə olacaq elə də ciddi bir şey yoxdur. Beyin isə 90 min ildir belə işləyir. Ona görə olma ehtimalı olan təhlükələrlə üz-üzə gələ biləcəyini şeyləri qiymətləndirir. Bu da sizi təşvişli və stressli biri edir. Daha sonra isə qollarınızı açmış, romantik şəkildə tükənmişlik sindromunu həyatınıza daxil edirsiniz. Burada diqqət əskikliyi, həvəssizlik, enerji azlığı, hövsləsizlik, yuxu və yemək rejimində problemlər, məhsuldarlığın azalması kimi faktorlar da sizinlə həyatınızı paylaşır.
Bütün beynimin tənbəlliklərinə, anormal istəklərinə rəğmən blogu yazdım. İndi ağlımdan keçir ki, nə yaxşı ki yazdım. Bacarmağın həzzini yavaş-yavaş hiss edirəm. Hələ siz oxuduqdan sonra mənə geridönüş edəndə ümumiyyətlə çox “cool” am havaların girəcəm. (bir neçə saniyəlik) Çünki biz insanlar iş gördüyümüz qədər varıq. Dəyərlərimiz üçün addımlar atdığımız qədər özgüvənli, onlara sadiq qaldığımız qədər məmnun, beyin və bədən balansımızı qoruduğumuz qədər sağlamıq. Bunun üçün isə ilk öncə onların işləyişini öyrənməyimiz lazımdır. Bunun üçün fantastik şeylər olmasını gözlədiyimiz müddətdə ofsaydda top gözləyən futbolçu kimi bir şey olacağıq. Nəsə edirik, amma heç bir işə yaramır.
İndi siz deyin, ağlınızdan nə keçir? Qorxmayın mənə yazmağınızı istəmirəm. Amma özünüzə yazsaz pis olmaz.
Salam.Məqalənin giriş hissəsində qeyd etdiyiniz kimi hava hədsiz istidir və hər hansı işi görmək üçün əlverişli deyil,lakin bu məni narahat etmir.Çünki müxtəlif məqalələr oxumaq və mütəxəssislərin dəyərli məsləhətlərini dinləmək şansım yaranır.Keçmiş haqda düşünmədən, ancaq irəli.
BəyənBəyən