Bu il başlayanda hədəflərim tamam başqa idi. Çoxlu gəzmək, Çayzadə, ecoturaz, addım.at da olan işləri davam edəcəyimi düşünürdüm. Ancaq ixtisasıma olan bağlılığım və hobbiləri işə çevirməyin verdiyi gərginlik nəticəsində bütün bunlardan imtina etdim. Sadəcə psixoloq kimliyimi saxladım iş sferasında. Əgər belə bir qərar vermişdimsə, fəaliyyətlərimi də bu yöndə artırmağım lazım idi. Etdim də. Yeni bir layihəyə başladım, yaşat düşərgəsi, psixoloqların yay məktəbi, görüşlər, Youtube videoları derken sistemi oturtmuşam artıq.
Bu işin bir əmması o oldu ki, bu müddətdə hobbilərimə daha az vaxt ayırdım. 80 gündür yürüşə çıxmırdım. Təbiətlə nəfəs alan adam üçün bu fəlakətdir əslində. Ancaq iki həftə şəhər kənarında olmağım, bunu nisbətən kompensasiya elədi. Həə, bu gün çox xüsusi keçib mənim üçün. Ona görə söhbətə ilin əvvəlindən başladım. 80 günün niyəsini özümə də, sizə də açıqlama ehtiyacı hiss elədim.
Səhər 6:45 də Şamaxinkada ola bilmək üçün 5:20 də durmağım bəs idi. Amma axşam yuxum gəlmirdi qətiyyən. Həm sevincli, həm də həyəcanlı idim. Sevincli idim ona görə ki, gəzməyə, görmədiyim yerə gedirəm və bələdçi mən deyiləm. Həyəcanlı idim ona görə ki, 80 gündür gəzməyə getmirdim. Səhər Şamaxinkaya çatanda demək olar ki, hamı orada idi. Avtobus bir az gec gəldi. 8-in yarısı çıxdıq yola.
Saat 11 də artıq maşından düşdük. Vəndamın başında idik. Digər maşının da gəlib çatması üçün bir az gözlədik. Daha sonra yola çıxdıq. Bələdçimiz Murad bildirdi ki, axırda gəlim. Hamı getsin sonra. Mənim üçün karın könlündəki oldu. Rahat vlog çəkə, fotolar çəkmək üçün rahat vaxtım olacaqdı. Tələsmədən davam edirdim.



Dağdakı ağaclara baxdıqca, artıq bəzilərində payız işarələri hiss olunurdu. Amma diqqətimi daha çox çəkən çayın bolsulu olması oldu. Avqust ayında çayda bu qədər su nadir tapılır. Yazda yağan qara görədir deyə düşünürəm. Baxdıqca, eşitdikcə adamın ürəyi sərinləyir.



Yarımsaata qədər gedəndən sonra, böyük çaylaqdan ayrılıb, içəri şəlaləyə doğru yol aldıq. Uşaqlar artıq yorulmuşdular. Əslində haqsız da deyilər. Hava çox isti idi. Amma sevindiyimdən isti filan vecimə deyildi. Üstəlik axırda getdiyim üçün giləmeyvə də yeyə bilirdim.




Saat 13:30 da artıq şəlalədə idik. Şəlalə də nə şəlalə düz 3 pilləli. Belə şəlalələr mənə daha əzəmətli gəlir. Çünki axdığı yeri görə bilmirsən konkret. Üstünə də çıxa bilmirsən. Təbiətin içində hiss etdiyin acizlik burada bir neçə qat daha çox hiss olunur. Amma bu dəfə bir az, fərqli davrandım. Şəlalənin yanında yuxarı çıxmaq üçün şərait var idi. Əllərimlə çıxmalı idim. Çoxdandır onsuzda qayaya dırmanmıram dedim. Cəhd elədim. Əsas diqqətimi çəkən ilk pillədən sonra göl olib olmaması idi. Çətin də olsa qalxdım. Baxdım daha bir pillə var idi. Balaca olduğu üçün görünmürdü. Durduğum yerdən fotosu bərbad düşürdü. Ona görə göz zövqünüzü korlamıram. Əsas şələləyə baxın siz.



Sonra düşüb, əynimi dəyişdim. İsti öz sözünü deyir. Belə olan halda xüsusi gün və yerdə növbəti xüsusi fəaliyyətimi elədim. Çayımı süzüb oturdum şəlalənin altında. Termosu ora qədər daşımağa dəyər deyə bir sual məncə yersizdir. Orda çay qədər zövq berən ikinci nəsə olacağını düşünmürəm.




Çaydan sonra, yavaş-yavaş toparlandıq. Yola düşdük. Yemək və samovar çayı bizi gözləyirdi. Ona görə uşaqlar həm tez çatmaq, həm qayıdış, həm də acdıqları üçün sürətli getdilər. Mən də arxada gəldim. Vlogum üçün videolar çəkdim. Uşaqlarla söhbət elədim. Bir də baxdıq çatmışıq.

İndi isə işin əyləncəli qismi var idi. Yemək hazır idi. Amma samovarı hələ indi qalayırdılar. Ona görə yemək yedikdən sonra özümə bir uer seçib çəkildim ora. Ayaqyalın gəzmək üçün də darıxmışdım. Elə də yatdım. Son dövrlərdə bu qədər həzz aldığım, dərin yatdığım və yuxudan doyduğumu xatırlamıram. Cəmi 1 saat yatdım. Amma elə bil hər şey dörd-dördlük oldu. Durdum gördüm samovar hazırdır. Çayımı da içdim. Indi hüzurlu şəkildə evə dönməyə hazıram. Namazımızı qılıb yola çıxdıq. Bunları da sizə avtobusda yazıram elə. Təşkilatçılıq üçün Murad Fərəcov qardaşıma təşəkkür edirəm. Bu günlük bu qədər. Növbəti səfərlərdə görüşənək.

Bloq üçün təşəkkürlər! Bunu Qazaxstanda şagirdlərimə Coğrafiya dərsində göstərmiş oldum. Çox bəyəndilər 🙂
BəyənBəyən
nə xoş mənə, təşəkkür edirəm, şərh üçün
BəyənBəyən