Qızılqaya dağı – zirvə yürüşü

Axşam Asimlə onların kəndinə Qalaxudata gəldik. Bu kənd Azərbaycanda ən yüksəkdə olan yaşayış məntəqələrindən biridir.( 2206 m) Çox qonaqpərvər ailə tərəfindən qarşılandım. Evin dizaynı, kəndin yerləşmə yeri, insanlarla söhbət, Çıraqqala yorğunluğu, sabah çıxacağım Zirvənin həyəcanı deyərkən bir baxdım gecə saat 12 dir. Amma günün səfəri haqqında olan təəssüratlarımı blogda qeyd edib elə yatdım.

Yata bilməməyin digər bir səbəbi isə Qızılqayaya olan xüsusi sevgimdir. 6 ildir ki, arzusunda olduğum zirvəyə sabah çıxacam. Bunun özü belə insanı həyəcanlandırmağa bəs edir. Üstəlik zirvəyə çatacağımız vaxtda orda yağış göstərir. Bu da təşvişimin kvadrata yüksəlməsi deməkdir. Bakıda yatmaq üçün yay rejiminə keçsəm də, burda axşam dəstəmaz olanda evə qaça-qaça girdim. O qədər soyuq idi yəni. Qış yorğanı ilə yatmağı həmişə sevmişəm. İndi bu gecə məni sevindirən digər bir səbəb də elə bu idi. Bütün möhtəşəm səfərlərimdən öncə, öz enerjisini qorumaq üçün məni ən bərbad ssenarilərlə qorxudan beynim də susmaq bilmirdi “Bəsdir də cümə günü 5 kənd gəzmisən, bu gün Çıraqqalaya çıxmısan. İndi də Qalaxudatdasan ətrafı gəz bəsindir”, “Həqiqətən yağış yağsa nə edəcəksən? Uyğun paltarın da yoxdur”, “Bəlkə yarı yolda qayıtmalı oldun? Biabır olmamamaq üçün heç başlamayasan bəlkə?” kimi fikirlər də istər-istəməz insanı gərir. Bunlarla mübarizə aparmağın yolu, o qorxduğumuz işi etməkdir. Çünki, bəzən biz özümü yaxşı şeylər yaşamağa layiq görmürük.

Gecə 1 birdə yatıb səhər 5 də oyanmaq fiziki olaraq mümkün deyil. Üstəlik 2 gündür komfort zonamdan kənarda hərəkət edirdim. Səhər 6:30 da oyandım. Yemək yeyib, hazırlaşıb 7:30 da yola başladıq.

Kəndin üstündəki otlaqlardan yuxarıya doğru yol aldıq. Asim bu yolları neçə dəfə gedib gəldiyi üçün əzbər bilirdi. Mən isə həyatımda ilk dəfə bu istiqamətə gəzirdim. Hava qatı dumanlıdır. Bəzən günəş özü ilə bərabər, buludların altında qalan zirvələri göstərirdi. Dünənki səfərdən qalan əzələ ağrısı, bilinməzliyin gətirdiyi vahimə kimi faktorları da diqqət almaqla, özümü yaxşı hiss edirdim. Bura yaz təzə gəlib. Hər yan gül-çiçəkdir. Bu həm də, ilk 3700 metr yüksəklikdə zirvə çıxışım olacaqdı. Öncəki zirvə çıxışlarımdan ən hündürü, keçən avqustda Samalit (3548 m) olmuşdu.

2 saat sonra yemək fasiləsi üçün çox gözəl mənzərəsi olan bir yerdə dayandıq. Yuxarı qalxdıqca adamın ayağının altında qalan buludlar, gözümlə paralelə gələn zirvələri görəndə fərəhlənir, özümlə qürur duyurdum. Burada istirahət də etdikdən sonra yolumuza davam etdik.

Yuxarı qalxdıqca duman qatılaşır, hava soyuyur, ara-sıra bir-birini səsləyən Qafqaz ularının də səsi kəsilmişdi. Amma külək öz şousuna davam edirdi. Bizi gah günəşi göstərməklə sevindirir, gah da göstərdiyi mənzərələrlə həyəcanlandırırdı. Artıq yol da daha sərt yerlərdən keçirdi. Asim də çalışdığı qədər yolu qısaltmağa, ona görə qayalıqlara dikinə qalxmağa çalışırdı. Mən də təbii ki, bələdçinin arxasınca yoluma davam edirdim. Fiziki olaraq tam rahat idim. Tək narahatlığım yağış yağması idi.

2 saat da getdikdən sonra çay fasiləsi üçün dayandıq. İyun ayında buzlaq görmək, yanında oturub çay içmək mənə çox qəribə gəlirdi. Amma bütün bunların da gerçək olduğunun fərqində idim.

Heyrətləndirən digər bir gerçəklik isə küləyin təkcə buludlar vasitəsilə göstərdiyi səma şousu idi. Sübhanallah! Ətrafımız necə gözəl mənzərələrlə doludur. Sadəcə olaraq biz gözümüzü bağlamışıq. İnsan bu qədər ani dəyişən gözəllikləri görəndə təəccüblənmədən qala bilmir.

Arabir xəritə və programlarda hara çatdığımıza, neçə metr yüksəklikdə olduğumuza, hədəfə çatmağımıza nə qədər qaldığımıza baxırdıq. Artıq çata biləcəyimə əmin idim. Getdikcə həyəcan artırdı. Hündürlük artdıqca nəfəs almaq nisbətən çətinləşirdi. Təbii ki, bu davam etmək üçün əngəl olmadı.

Saat ikinin yarısına yaxın Zirvəyə çatdıq. Külək yenə buludlarla şahmat oynayır, günəş ara-bir özünü göstərirdi. Yağışdan əsər əlamət yox idi. Zirvə yerini uzaqdan görəndə o qədər sevindim ki, ora necə çatdığımı belə xatırlamıram. 6 ildir arzusunda olduğum, Azərbaycanda ən çox sevdiyim və getmək istədiyim Qızılqayanın zirvəsindəyəm. Bəli 3726 metr yüksəklikdəyəm. Bu mənim üçün ilkdir. Artıq dörd minlik zirvələr haqqında düşünməyə haqqım var. Eyni zamanda Qızılqaya mənim Tufan Dağçılıq Klubunun üzvü olaraq çıxdığım ilk zirvə oldu.

Şəkillərimizi çəkmədən qabaq çayımızı dəmlədik ki, ona qədər dəm alsın. Termos səfərlərdə ən çox işimə gələn əşyalardandır. Yeməksiz qalmaq olar, çaysız yox. Mənim bir çayzadə olmağım da burda rol oynayır bu ayrı. Ancaq təsəvvür edin ki, bu qədər yüksəklikdə ətrafınızda qar əriməyən yerlər var. Küləkdən gözünüzü aça bilmirsiniz, əlləriniz donub, boğazınız quruyub, burnunuz bumbuz. Belə olan halda isti çay içmək dünyanın ən gözəl nemətidir.

Qayıdarkən daha sürətli idik. Bircə dəfə çay fasiləsi üçün dayandıq. Yorulduğumu hiss edirdim. Ona görə uzanın gözümü yumdum. Yuxuya getməsəm də, dincəldiyimi hiss elədim.

3 saat sonra artıq kənddə idik. Fasilələrlə 6 saat yarıma çıxdığımız yolu 3 saata geri gəldik. Artıq aşağıda da duman yuxarıdakı qədər qatı idi. Göz gözü görmürdü. Mən isə yolun bitdiyinin verdiyi istirahətlə bərabər, bacarmağın da qürurunu yaşayıram. Əl üzümü yuyarkən bədənimin yandığını da hiss elədim. Günəş yoxdur deyə, günəş kremindən istifadə etmədim. Amma külək yandırmışdı. Bu da bir xatirədir. Çətinlikləri, çatışmazlıqları ilə bərabər Asimin möhtəşəm bələdçiliyini qeyd etməsəm olmaz. Həm yol təklifləri, həm yolda olan münasibəti ilə ona olan hörmətim daha da çox artdı. Bu həm də 2 nəfərlə çıxdığım ilk zirvə yürüşü oldu. Axşam yemək yeyib kənddən düşdük Qubaya, şəhərə. Cekdən başlayaraq yağan yağış Qımılqazma və Qəçrəş kəndlərində çox şiddətli idi. Mən isə yorğun və məmnun şəkildə maşında mürgüləyirəm. Sırada Bakıya dönüş var. Möhtəşəm 3 günü, çox gözəl hisslərlə bitirirəm. Mental olaraq istirahət etdiyimi hiss edirəm. Beynim təmizlənib sanki. Bütün bu 3 gün ərzində möhtəşəm qonaqpərvərlik üçün Toğrul və Asimə dərin təşəkkür edirəm. Məni keçən il Asim kimi dəyərli bir insanla tanış etdiyi üçün Toğrula xüsusi təşəkkür edirəm. Ətrafınızda gözəl insanlara yer edin. Daha sonra onlar sizin həyatınızı çox gözəl yerə çevirəcək. Növbəti səfərlərdə görüşənək. Hər zaman zirvələrdə hiss etməyiniz diləyi ilə.sə

Video format üçün: https://youtu.be/us3p_0-BhqI

Qızılqaya dağı – zirvə yürüşü” üzərinə 4 şərh

  1. Yenə ordaki muhitdəyəm hissi verən yazı. Ümumiyyətlə yazı şəklin o qədər səmimi və rahatdirki. Bu arada sarı rəng sənə əla yaraşır,hələ təbiətlə uyğunluğu möhtəşəmdir. O iç səsinlə olan tedirgin danışıqların bir çox şeyi xatirlatdi. Ən əsas o səsə qulaq verməyib addım atmağına əhsən! Bu zirvələrə çıxıb aldığın zövq möhtəşəmdir. Şəkillər isə o qədər Həsənov alinibki yazı ilə harmanlananda orda imis hissi verir. Səyahətlərin bol olsun🙏🤩

    tərəfindən bəyənildi 1 şəxs

  2. Hmm, deməli Qızılqaya çoxdankı arzun imiş, mənim arzum olmadan gerçəkləşdi bu zirvəyə çıxmaq ))) Təbrik edirəm səni də, 4000-liklərdən gəlsin səsin. Həyəcanını hiss etdim, oxşar hisslər yaşamışam, get-gəl arasında qalırsan, amma peşman olmamaq üçün də gedirsən ^_^ . Biz gedəndə Xınalıq kəndindən qalxmışdıq, siz Qalaxudatdan qalxmısız, o yol da maraqlı olar yəqin. Uğurlar, yeni bol səyahətlər . Smaylik yoxdu komp.da, qoya bilmədim ))).

    tərəfindən bəyənildi 1 şəxs

sonasalman üçün bir cavab yazın Cavabı ləğv et