Tarixin şahidi – Çıraqqala

Dünən maşınla gəzdiyimiz üçün, elə də ciddi yorğun deyildim. Ancaq ümumi günün yorğunluğu hiss olunurdu. Gecə Pirvahid kəndində Toğrulgildə qaldıq. Hava çox sərin idi. Çox qəşəng yatdım. Səhər duranda dincəldiyimi hiss elədim. Bu isə istiqamət Quba yox, Şabrandakı Çıraqqala idi. Çıraqqala IV-V əsrlərdə, yəni Sasanilər dövründə tikilən müdafiə qalasıdır. Minimum 16 əsrlik tarixi var. Dəniz səviyyəsindən 1232 metr yüksəklikdə yerləşir. Azərbaycanda ən çox sevdiyim məkanlardan biridir. Niyəsini blogun sonuna doğru siz də hiss edəcəksiniz. Hazırsınızsa kəmərinizi bağlayın. Yüksək yerlərdə gözünüzü yuma bilərsiniz.

Səhər 10 da Qalaaltı kəndinə çatdıq. Bakıdan gələcək olan tur iştirakçılarını gözləyərkən, sumkamı yüngülləşdirdim. Çox gözləmədən onlar da gəlib çatdı. 5 dəqiqə sonra yola başladıq. 2019 cu ildə aprel ayında gəlmişdim. Ağaclar çiçək açıb pöhrələnsə də qar yağmışdı. Hava da çox soyuq idi. O vaxtı köhnə qrupumuzla gəlmişdik. Bu dəfə isə, yeni adımızla #ecotouraz la gəlmişik.

Yol boyu quşları səsi, sərin meh müşayiəti ilə davam edirik. Toğrul qabaqda mən və Asim isə köməkçi bələdçilər olaraq orta və axırda gedirdik. Yürüş iştirakçıları demək olar ki, hamısı hiking təcrübəsi olan insanlar idi. Ona görə çox yaxşı snerji oldu. Üstəlik köhnə yürüş yoldaşlarımdan Zülfiyyəni, Sevinci görmək də çox xoş oldu.

2 saat sonra artıq qalada idik. Qalanın kənarından Şabrana, Siyəzənə möhtəşəm mənzərə açılır. İçindən keçib gəldiyimiz meşəyə yuxarıdan baxanda adamı vahimə bürüyür. Sıldırım qayalar isə yetəri qədər ciddi təhlükə mənbəyidir.

Bu dəfə qaladakı fərq təkcə mövsüm, qar deyildi. Qala təmir olunur. Dağılmaması adına bu addımı bəyənirəm. Ancaq əlavələr qala ətrafındakı ərazini daraldır. Ustalar isə deyəsən artıq qonaq qəbul etməyə öyrəşmişdilər.

Qala içi çox küləkli və tozlu olduğuna görə, eyni zamanda ustalara mane olmamaq üçün 30-40 dəqiqə buradakı mənzərələrə tamaşa etdikdən sonra nahar fasiləsi üçün nisbətən aşağı, meşənin içinə endik. Burda hər kəs yeməkdən sonra istirahətə çəkildi. Mən də çayımı içib, kölgədə soyuq olmasın deyə, günün altında yüngülvari mürgülədim.

Yemək fasiləsindən 1 saat sonra artıq aşağıdakı restoranın ətrafında idik. Mənim üçün bu günki yürüşün ən maraqlı hissəsi burada oldu. Yeni tanış olduğum Alidə və onun çox “cool” anası, yerlim Ənvər, Nəriman, Naibə ilə uzun söhbət etmək şansım oldu. Tanıyanlar bilir ki, yeni insanlarla tanış olmaq, onlarla söhbət etməkdən ötrü ürəyim gedir. Söhbət əsnasında da, nə qədər zövq aldığımı, necə həvəslə danışdığımı özüm də hiss edirdim. Və bunları hiss etmək özü də məni fərəhləndirir. Tam fərqindəlik içərisindəyəm. Bu gün də günün damğasını həm köhnə, həm yeni tanışlar vurdu. Özümü mental olaraq çox rahat hiss edirəm.

Dünənki səfərimin Blog və vlogunu da gecə ilə hazırlamışdım. Bu gün vlogu elə maşında hazırladım. Blogu isə Azərbaycanın ən hündür yaşayış məntəqəsində, Qalaxudat kəndindən(2130 metr) yazıram. Bu gün də Asimin qonağıyam. Sabah hava imkan versə, kənardan çox sevdiyim Qızılqaya (3720 metr) zirvəsinə çıxışımız olacaq. Çox hüzurlu bir ortam içərisindəyəm. Nəfəsimin səsini eşitməyimə, arada itlərin hürməsi mane olur. Çöldə üşüyür insan, içəridə, qalın qış yorğanı ilə yatacağıq. Bu günlük bu qədər. İnşallah sabah Qızılqayadan yazmaq diləyi ilə.

Tarixin şahidi – Çıraqqala” üzərinə 4 şərh

nargizsh üçün bir cavab yazın Cavabı ləğv et