Böyük Qubada kiçik bir gəzinti

Bu gün səhər planladığım vaxtdan 2 saat gec durdum. Müəyyən səbəblərə görə yaxşı yata bilməmişdim. Ona görə bunu müəyyən qədər kompensasiya edib, elə çıxdım evdən. Keçən ilin fevralından sonra ilk dəfə avtovağzala gəldim. Bilet aldım. 20 dəqiqə sonra avtobusla yola çıxdıq.

Beşbarmaq dağı, Quba yolunun simvolu.

Adətim üzrə avtobusdan səhv yerdə düşdüm yenə. Toğrul və Asim gəlib maşınla məni götürdülər. Şəhərin içindən keçib Nügədi istiqamətində davam etdik. Nügədi tatların kompakt yaşadığı, Qubada öz ləhcələri ilə ad qazanmış kəndidir. Böyük olduğuna görə birinci və ikinciyə bölünüb. Burda bizə Nügədidən olan Elvin də qoşuldu. Birlikdə günorta yeməyini yedikdən sonra yolla davam etdik. Yemək əsnasında öyrəndiyim bir digər şey də yeməklərin adları eyni olsa da, bişirilmə tərzləri fərqli imiş.

Nügədiləri keçdikdən sonra sıra Afurcanındır. Kəndin özünə girmədik. Çünki kənardan görünən mənzərəsi çox daha gözəldir. Dağətəyində meşə içində tikilmiş kimi görünür. Bu kəndin adını həmişə Toğruldan eşidirdim. Gördüyümə görə çox sevindim. Şəlaləsini də görmək olurdu. Ancaq əhali suyundan istifadə etdiyi üçün, çox az su axır.

Afurcadan sonrakı dayanacağımız Qonaqkənd oldu. Quba çox böyük rayondur. Müstəqilliyin ilk illərində Qonaqkənd və Quba olaraq iki yerə ayrılması gündəmə gətirilmiş, ancaq qəbul edilməmişdir. Onu da qeyd edim ki, Qonaqkənd Qubanın Siyəzən və Şamaxı sərhədinə yaxın ərazisində yerləşir. Şəhər mərkəzindən 30-40 km aralıdır. Mənim üçün də Qonaqkəndin xüsusi əhəmiyyəti var. Səkkizinci sinif coğrafiya dərsində Qonaqkənd iqtisadi rayonu haqqında oxumuşdum. Yeganə qəsəbə idiki, adına iqtisadi rayon var idi. Bu cəhətdən ağlımda qalmışdı. Buranı görmək mənə əlçatmaz bir şey kimi gəlirdi. Ancaq bu gün gerçək olduğunu görəndə, bu anı xatırladım. Qəsəbə haqqında üzücü xəbərlərdən biri odur ki, bütün dağlıq ərazilərdə olduğu kimi buradan da ciddi köç müşahidə olunur. Əhalisi maldarlıqla məşğuldur. Geniş torpaqları ilə bilinir bu qəsəbə. Eyni zamanda Qubadan Şamaxıya çəkiləcək bir başa yolda elə bu gün Qonaqkəndə getdiyimiz yolun davamında inşa ediləcək. Bu da qəsəbənin iqtisadi inkişafı deməkdir.

Qonaqkəndin sonunda asfalt örtüyü bitdi. Ondan sonra Cimi kəndi gəlirdi. Ancaq biz geri dönməyə qərar verdik. Onu da qeyd edim ki, bu gün hiking yox, maşınla gəzirdik. Keçən il Xalaxı səfərimizdə Toğrulla Asim Zaqatalada qonağım olmuşdu. İndi mən Qubada qonağam. Onlar buraları dəfələrlə gəzməklərinə rəğmən mənimlə təzədən bütün bu yolu qət etdilər. Allah onlardan razı olsun.

Qayıdarkən dağların deşilib arasından yol salındığı yerdə dayandıq. İki dağın arasından keçən çay sahilindən olan bu yolda deyilənə görə öncələri iki maşın yanaşı keçə bilməzmiş. İndi isə dağlar yonulmuş, və geniş yol salınmışdır. Burada mağara da var imiş. Burada tikilən istirahət mərkəzi, mağaraya qədər pilləkənlə yol da inşa edib. Amma yenə də çox dikdir. İçəridə daha qaranlıq otaqların olduğunu da dedi Toğrul. Ancaq ayaqqabı və geyimlərimiz qaya dırmanışı üçün uyğun deyildi. Ona ilk girişlə kifayətlənməli olduq.

Bundan sonra isə gedəcəyimiz yer yenə Nügədidir. Çünki Çənlibel gölünü ən sona saxlamışdıq. Axşamüstü mənzərəsi və sakitliyini pozan qurbağa orkestri bir başqa gözəldir. Bura da ilk dəfə idi ki, gəlirdim. Öncələri ehtiyat su anbarı kimi yaradılan bu göl, hazırda təbii hala çevrilərək varlığını qoruyur. Bir xoşa gəlməz məqam odur ki, ətrafı tamamilə hasarlanıb, istirahət mərkəzləri tikilib. İnfrastruktur əladır, əyləncə və istirahət üçün hər cürə şərait var. Ancaq, ecoturizm üçün heç bir şans tanınmayıb. Məsələn göl kənarında çadırda kamp etmək istərdim. Meşə göllərində ən çox sevdiyim cəhət suyun təmiz olması ilə bərabər, meşənin rəngini alıb yaşıl görünməsidir.

Gəzintimizi burada yekunlaşdırdıq. Mən isə dostlarımın ev sahibliyindən məmnun və mütəşəkkir hisslər içindəyəm. Gərgin keçən iş mövsümünün ardından, 5 il işlədiyim iş yerini tərk etdim. Çoxdan qorxduğum Ielts imtahanını verdim. İstirahətə haqqım var deyə düşünürdüm. Budur, üstündən 3 gün keçib və mən istirahət planımın icrasına başlamışam. Növbəti 2 gün də Şimal zonasında olacam. Öncələri də səyahət edirdim. Fərqli rayona və uzun müddətli ilk dəfədir gəlirəm. Özümü əmanət etdiyim dostlarımın olmasına görə də ayrı xoşbəxtəm. Günümü bu hisslərlə bitirmək istəyirəm. Ancaq digər tərəfdən sabah gedəcəyim səfəri düşünmək məni həyəcanlandırır. Video üçün https://youtu.be/AXCG0mhUIc4 ziyarət edə bilərsiniz. Bu günlük bu qədər. Növbəti səfərlərdə görüşənək.

Böyük Qubada kiçik bir gəzinti” üzərinə 2 şərh

muradakifsoy üçün bir cavab yazın Cavabı ləğv et