Honzoqor aşırımı, Zaqatala

Dünəndən bəri içimdən bir səs “bəlkə getməyəsən?” deyirdi. Ancaq həmişə bu vəsvəsənin əksini edib çox gözəl anlar yaşamışam. Bu dəfə də fərqli olmadı. Yəni daha möhtəşəm bir gün keçirdim.

Kiçik qrupla səyahət etməyin ən yaxşı tərəflərindən biri sürəti müəyyən etmək sənin öz əlindədir. Bu gün özüm daxil 4 nəfərlə birgə yola çıxdım. Keçən il iyun ayında eyni yağışlı gündə getmişdim buralara. Xalam oğlu Qurban, kürəkənim Sahil, 3 illik tələbəm Hüseynlə birgə getdik. Heç biri ilə indiyə qədər hikingdə bərabər olmamışdım. Keçən il getdiyimə görə yol yadımdadır.

Səhər 9 da evdən çıxdıq. Hardasa 9 40 da artıq Car kəndində idik. Ondan sonra piyada qalxacaqdıq. Hava keçən ilkindən daha soyuq və duman daha qatı idi. Ancaq çox rahat idim.

Daha sonra yola davam etdikcə, palçığın nə qədər çox olduğunu, havanın necə soyuq olduğunu, bununla bərabər ciyərlərimdə gedən oksigen bayramını hiss edə bilirdim. Dumanlı hava az tapılan bir dəyərdir. Çox istərdim ki, Yuxarıdan Zaqatalaya baxım. Ancaq yay boyu ona çox şansım olacaq. İndi anı dəyərləndirmək, xatirələri yeniləmək vaxtıdır.

Keçən il daha çox ağaclara heyran olsam da, bu il daha diqqətlə baxırdım hər şeyə. Quşların səsi, dumanın üzümüzə vurması, yol yoldaşlarımın zarafatları(əsas da Qurban bütün zarafatlarını sanki bura saxlamışdı) zövqümü oxşayırdı. Bunlarla bərabər çox gözəl bir şeyin də fərqinə vardım. Göbələklər. İlahi göbələklər bu qədərmi gözəl olq bilər. Hər addım da çalışdığım qədər çəkdim göbələkləri ona görə aşağıda sizin üçün ən qəşənglərini yerləşdirirəm.

Yuxarı qalxdıqca yol yoldaşlarımın gözündəki məmnunluğu, sözləri vasitəsilə qulaqlarımla da hiss edirdim. Çox yaxşı gedə bilirlər. Heç yoruldum deyən olmadı. Mən və Hüseyn oruc tutmuşduq. Onlar da yuxarı yaylağa çatana qədər yemək yemədən davam etdilər. Yuxarı qalxdıqca duman daha qatılaşdı. 3-4 metrdən insanları görmək olmurdu.

Bütün bunlarla bərabər bədənimdə olan tanış dəyişiklikləri hiss edirdim. Ayaqlar daha diqqətli davranır, qulaq quşların səsini tam hiss etməyə çalışır, ciyərlərim soyuq yaz oksigenini qanıma qarışdırmaqla bu duyğuları bütün bədənimdə eyni anda yaşanmasını təmin edirdi. Bəli, darıxmışam bu hisslər üçün. Təbiətin içində itib batmaq, onun bir parçası olmaq xoşuma gəlir. Üstəlik Ramazan ayında oruclu ikən bunları hiss edə bilmək bir başqa hüzur verir. Mən quşların səslərindən oxuyan quşun hansı olduğunu belə təxmin edə bilirdim. O qədər diqqətl dinləyirdim ki. Şəhərdə maşınlara məcburi qulaq asırıq, təbiətdə isə onun sakinlərinə qulaq asmaq onunla vəhdət olmaq üçün şərtdir. Bir düşünün quş sadəcə oxuyur, eyni zamanda bu çox gözəl ahəngli səsdir.

Yuxarı (aşırıma) çatanda artıq günəş daha isti idi, amma külək qısqanc şəkildə yenə onun bizi görməsinə mane oldu. Nəticədə aşırımla davam edib, qəbristanlığa qədər olan yolu getmədən geri dönməyi qərara aldıq. Yoldaşlarım yemək yeyəndə mən əynimi qalın geyinib yatdım. Çalışıram o anların dadını çıxarım. Açıq havada təkcə burnum çöldə idi. Bir tək burnum üşüyürdü. Amma bu mənim yuxuya getməyimə mane olmadı. Onlar yemək yedikdən sonra məni oyatdılar.

Geri qayıdanda yolu dumanlı olduğu üçün görmədik. Sonra marşurutumi qeyd etdiyim xəritəyə əsasən yolu tapdıq. Təxminən 3 saat yarıma çıxdığımız yolu, 2 saata aşağı düşdük.

Aşağıda artıq hava açılmış, duman yuxarı qalxmış, günəş çıxmışdı. Yolda Salama zəng etmişdim ki, bizi gətirib qoyduğu yerdən götürmək üçün gəlsin. 15 dəqiqə idiki bizi gözləyirdi. Maşına minib evə gəldik, namazımı qılıb yerimə uzandım. İndi özümə 2 saatlıq yuxu hədiyyə etməyin tam zamanıdır. Növbəti səfərlərdə görüşənək. Təbiətlə qalın.

Səfəri daha çox hiss etmək, ordakı səsləri eşitmək, səssizliyə şahid olmaq üçün videonu da sizinlə paylaşıram: https://youtu.be/_rmctwV_x0k

Honzoqor aşırımı, Zaqatala” üzərinə 16 şərh

  1. Abi Zaqata macəran mübarəkdi. O facebook səhifləri deyire, burda sizin reklamınız ola bilərdi, elə mən də deyirəm ki, burda mənim də şəklim ola bilərdi. Olmadı 😂

    Hə bir də elə bildim yazacaqsan ki, ordan düşəndə dumanda azdıq, amma olmadı 😂 oralarda pgs işləyir ?

    tərəfindən bəyənildi 1 şəxs

  2. Getməyi çox istədiyim Şamilovkanı oxuduqca qiyabi də olsa sizlə gəzmiş oldum, Murad. Şəkillər də o qədər canlı görünür ki 🙂 Gələn səfərlərin birində birgə gedərik. Bu arada sondakı “Təbiətlə qalın” çox incədir, çox sevdim.

    tərəfindən bəyənildi 1 şəxs

  3. Təbiətlə iç-içə olmağı o qədər gözəl təsvir eləmisən ki, sanki mən də ordakı havanı içimə çəkirəmmiş kimi hiss elədim. Çəkdiyin şəkillər arasında göbələklər favorim olduI)

    tərəfindən bəyənildi 1 şəxs

  4. çox ləzzət elədi. Şəkillər də qəşəng idi. Məqaləni oxuyanda canıma yüngül üşütmə düşdü. )) Əllərinə sağlıq. Sonda video da sürpriz oldu. Bu marşrutla mən də getmək istərdim. Kanalım üçün də yeni bir video mövzusu olardı.
    Bu blog səndə qəşəng alınır. Axarıncı olsun.

    tərəfindən bəyənildi 1 şəxs

Bir şərh yazın