TilSımlı Astara

Bu gün nəhayət çoxdandır, getmək istədiyim, səyahətsevərlərin hər həftəsonu şəkil və postlar paylaşdığı Astaranın Sım kəndinə getdik. Kəndi şəkillərdə görəndən bəri, gözümlə görmək, burada yaşayan insanlarla tanış olmaq artıq mənim üçün bir vacibiyyətə çevrilmişdi. Daha öncə cənub bölgəsinin fərqli rayonlarında olsam da, bu həm də mənim Astaraya ilk səfərim idi. Kəmərlərinizi bağlayın. Hazırsınızsa, getdik.

Həmişə olduğu kimi səhər 7 üçün toplanış etsək də bəzi yoldaşlar gecikmişdi. Əvvəllər belə olsa əsəbləşər, kefim pozulardı. Ancaq dünən heç vecimə deyildi. Əsas məsələ getdiyim yer və insanlar önəmlidir. Bu dəfə yenə addım.at komandası ilə getdik. İlk dəfə onlara donmuş Qrız şəlaləsində bələdçilik etmişdim. Bu dəfə tamam əks istiqamətə, cənuba gedirik. 22 nəfər olduğu üçün, 2 maşın getməli olduq. Gecə cəmi 4 saat yatmağıma baxmayaraq özümü çox enerjili hiss edirdim. İkinci maşın başçısı olaraq Səbuhi çox böyük kömək elədi. Gələn dəfə yəgin ki, mən olmadan hər şeyi təşkil edə bilər. Komanda olaraq çox yaxşı şəkildə təşkil olunduğumuzu düşünürəm.

Komandanın bir hissəsi

Yolüstü bizə qatılacaq olan cənublu yoldaşlarımızı da götürdükdən sonra artıq Astaraya giriş elədik. Bura Azərbaycanda gördüyüm ən gözəl yerlərdən ilk üçlükdədir desəm, şişirtmiş olmaram. İlk dəfə 2015 ci ildə gördüyüm cənubun qırmızı kərpicli evləri, mavi çərçivəli pəncərələri, mehriban insanları, fərqli meyvə bağları, dağlar və meşə ilə iç-içə olan yaşayış yerlərini burada daha gözəl və təbii şəkildə gördüm. Üstəlik Bakının bozluğundan sonra yazın gəldiyini artıq hiss edirdim. Bunun özü ayrı bir həyəcandır.

Getdiyimiz maşınlar kənd məktəbinə qədər gedə bildi. Ondan sonrasını piyada qalxacaqdıq. Mənim üçün xoş olsa da, yoldaşların bəziləri ilk yaxud ikinci yürüşə çıxırdılar. Üstəlik Cənublu dostumuz Cavidan gələndə bir böyük qazan aş və ləvəngi ilə gəlmişdi. Təbii ki, bunu tək daşıya bilmədiyi üçün bəylər öz aralarında növbəli şəkildə aparmalı oldular. Bu da onları nisbətən daha çox yordu. Mən isə arxada gəzməkdə çətinlik çəkənlərlə bərabər gəlirdim ki, nəsə olsa yanlarında olum, həm də dəstək verə bildiyimi düşünürəm. Çünki qayıdanda heç kim yardıma ehtiyac hiss etmədi. Qayıdanda yerləri görmək, gəzmək, xatirələrlə bərabər bunu hiss etməyin də məmnunluğunu hiss edirdim.

Gələk Kəndin TilSımına. Gördüyünüz kimi kənddə təbiət artıq oyanıb. Bu ağ mavi rəngdə rənglənmiş evləri, qırmızı kərpicli divarları daha da rəngarəng göstərir. Üstəlik quşların səsi, çiçək açmış ağaclara çörək dalınca gələn arıların vızıltısı, heyvanların öz aləmlərində sərbəst hərəkəti mənə uşaqlığımı xatırladır. Hal-hazırda doğulduğum kəndə getsəm də, çox həyətlər divarla gizlədilib, kənd böyüyüb, heyvanlar çox azdır demək olar ki, insanlar da öncəki kimi səmimi və canayaxın gəlmir. Burdakı insanlar isə tamam başqa aləmdir.

Daha öncə burda olmuş dostum Ülvi Aslanın göndərdiyi xəritə məlumatları ilə yoluma davam edirdim. Xəritədən əlavə mənə qayıdanda çay içmək üçün yer olaraq Elman dayının evini məsləhət görmüşdü. Həyatımda bu qədər içdən davranan, səmimi olduğu qədər işinin əhli olduğunu hiss etdirən bu adam mənim yaddaşımda artıq özünə çox gözəl bir yer elədi. Buna görə Ülviyə də ayrıca təşəkkür elədim. Hər zaman düşünürəm ki, yoldan önəmli olan, bərabər getdiyimiz, getdiyimiz yerdə gördüyümüz adamlardır. Səyahətin ən böyük qazancı da elə məhz insanlardıd mənə görə. Bu gün komanda yoldaşlarımı da daha yaxşı tanıdım, tanıdıqca onlara olan hörmətim artdı. Ən nəhayətində doğru yerdə olduğumu hiss elədim.

Yüklərin ağır olduğunu qeyd etmişdim. Elman dayıgilə çatsaqsa yoldaşlar yeməyi şəlalədə yeməkdə israr etdilər. Ona görə qərara aldıq ki, çayı qayıdanda içək. Şəlaləyə də evdən hardasa 600 m yol qalmışdı. Şəlalədə nə şəlalə! Suyu öncəki videolarda gördüyümdən nisbətən az olsa da, yenə bu möhtəşəmliyinə kölgə sala bilməzdi. Hündürlüyü təxmini 15-20 metr olardı. Ətrafındakı mənzərə isə əsrarəngiz. Ancaq şəlalənin əzəmətini qeyd etməyimə səbəb, səpələnmiş şəkildə axması və insanlara yaxına gəlmək üçün heç bir imkan tanımamasına görədir. Altında şəkil çəkdirmək üçün islanmağı gözə almağınız lazımdır.

Ətrafı bir az gəzdikdən sonra, hazır olan yeməkdən hər kəs öz payını alıb, bir kənara çəkildi. Şəlalədə aş yemək də maraqlı idi. Üstəlik hələ də isti idi. Daha sonra bizə pomidor-yumurta sözü verən Şamil müəllim öz ocağını qaladı. Yemək hazırlamaq üçün bütün avadanlıqları da özü ilə gətirmişdi. Bu müddətdə mən bir az da ətrafı gəzdim. Video çəkdim. Qayıdanda artıq yemək hazır idi. Aşı sevdiyim üçün yumurta bir az zəif gəlirdi. Ancaq zəhmətə dəyər vermək üçün dadına baxdım. Çox dadlı idi. Hayıf ki, yanında içmək üçün gətirdiyi kompot bankası süfrə hazırlanan anda müəllimin öz əlində sındı. Gələndəfə üçün artıq aşpazımız var.

Siz gəzmək üçün getmişdiniz ya yemək yeməyə? Dediyinizi hiss edirəm. Ancaq səyahət və yemək bir arada mənim üçün çox qiymətli ikilidir. Sınayın mütləq. Bundan sonra artıq bir az da gəzib, çay içmək olardı. Elman dayının samovarı artıq hazır idi. Elə həyətdəcə oturduq. Çayımı, içib namazımı qıldıqdan sonra qayıtmağa hazır idim.

Mənim üçün artıq Sımın Siması olan Elman dayıya təşəkkür edib üzüaşağı yola düşdük. İndi kənd daha gözəl görünürdü. Çünki baxmaq üçün arxaya dönmək məcburiyyətində deyildik. Əksinə qabağa getdikcə mənzərələri bir-bir keçirdik.

Nahamar kənd yolundan İpək yolu dedikləri əsas magistral yola çıxanda sakit şəkildə gedən maşın mənə bir az yata biləcəyimi deyirdi. Ona görə səhərin əksinə olaraq maşının nisbətən boş ön hissəsinə keçib gözümü yumdum. Açanda artıq hava qaralmışdı. Mən isə həm gəzmiş, həm istirahət etmiş şəkildə hüzurlu idim. Bu günlük bu qədər. Mənimlə gəldiyiniz üçün təşəkkür edirəm. Növbəti səfərlərdə görüşənək.

TilSımlı Astara” üzərinə 3 şərh

Bir şərh yazın