Vərdişlərimiz necə dəyişir ?

Müasir dövrün insanı daim məşğuldur. Şəhərdə insanlara sual versək ki, ən böyük probleminiz nədir ? Çoxusundan eyni cavabı alarıq; “Vaxtımı idarə edə bilmirəm”. Ancaq işin maraqlı tərəfi isə vaxt hamımıza bərabər paylanır, yəni hər birimiz 24 saat vaxtımız var. Nə qədərində yatıb, nə qədərində işləmək bizim seçimimizdir. Uşaqlıqdan bu günə qədər davam edən seçimlərimiz sayəsində isə bir çox vərdişlərimiz formalaşıb.

Biz istəsək də, istəməsək də vərdişlərimizin bəziləri faydalı, bəziləri isə zərərli olur. Məsələn siqaret çəkmək, sosial mediada vaxt keçirmək kimi davranışları arzu etməsək də bu davranışların qısa müddətdə bizə verdiyi həzz sayəsində davranışlar bizdə asılılıq halına keçir. Artıq boş olanda, kefiniz olmayanda, həyatınızda nə isə yolunda getməyəndə bu anlıq həzzlərə baş vururuq. O qədər bunu təkrar edirik ki, artıq bundan da bezirik, ancaq etməyə davam edirik. Artıq bu həzzin özü bizə əzab verməyə başlayır.

Nə istəyirəm? Yaxşı bəs necə qurtula bilərik? İnsanlarla ünsiyyətdə olmağı sevən biri olaraq, fərqli-fərqli insanlarla söhbət etməyə çalışıram. Üsətlik peşəmə görə insanların şəxsi dünyasına tez-tez qonaq oluram. Nə istəyirsən sualına insanlar adətən “Filan şey olmasın”, “belə olmasın” kimi cavablar verirlər. Mən isə sualımı təkrar edirəm “Nə istəyirsən?” “Dedim axı” tipli cavablar alıram. Ancaq izah edirəm ki, istəmirəmlər nə istədiyimizi göstərmir. Məsələn “qaçma” demək, “düzgün gəz” demək deyil. Amma ağlımızda onu düşünüb danışırıq. Anlayacağımız ilk öncə nə istədiyimizə qərar verməyimiz lazımdır. Məslən mən 2 ay öncə hər gün kitab oxumaq kimi bir alışqanlıq qazanmağı hədəfləmişdim. Edəcəyim iş özümə aydın idi.

Nədən imtina etməliyəm? Yuraxıda hər birimizin gün ərzində tam məşğul olduğumuzu qeyd etmişdim. Sual yaranır ki, bəs yeni davranışı necə həyatımıza daxil edək? Çox insan bunu yuxu, dostlarla vaxt, əyləncə kimi fəaliyyətlərdən kəsərək etməyə çalışır. Aydındır ki, belə olan halda yeni davranışın tətbiqi bizi xoşbəxt etmək əvəzinə bir az daha qarışıq auraya salır. Nəticədə hər şey qarışır. Bunun üçün etməli olduğumuz iş sevmədiyimiz , yanlış hesab etdiyimiz davranışımızı dəyişməkdir. Məsələn mən sosial mediada çox vaxt keçirdiyimi hiss edirdim. Bunu limitlədim. Əvəzində isə kitab oxuma vərdiş tətbiq etməyə başladım.

Necə dəyişə bilərəm? Ancaq “Bu gündən qərar verdim, indidən sonra belə olacaq” deyərək hər hansı davranışı dəyişə bilmərik. Beynimiz köhnə alışqanlığa daha yatqın olduğu üçün (onu əzbərə bilir, əlavə enerji sərf etmir, üstəlik aydın olduğu üçün ondan qorxmur) köhnəni davam etdirməyə çalışır. Üstəlik adətən belə zamanlarda hər şeyin birdən formalaşacağını gözləyirik. Bu maksimalist gözlənti qarşılanmadıqda isə (ki, qarşılanması mümkün deyil) yenidən köhnəyə qayıda bilirik. Məsələn mən kitab oxumaq üçün qoyduğum vaxt mənə hədsiz sıxıcı gəlirdi. Halbuki çox maraqlı bir əsər seçmişdim. Altıncı sinifdə mənə iki yazan müəllimdən tutmuş, 2036-cı ildə nələr edəcəyimə qədər düşündüm. Buna görə də yeni davranışı nisbətən az həddə başlamaq, vərdişə çevrildikdən sonra isə vaxtı artırmaq daha məqsədəuyğundur.

Yoxla! Hər gün minimal həd qoysam da, yenə də istədiyim qədər diqqətimi toplaya bilmirdim. Bunun səbəbi isə kitab oxumaq üçün seçdiyim vaxtın yanlış olduğunu gördüm. Artıq gecə 45 dəqiqə yox, səhər 25, günortadan sonra 25 olmaqla iki hissəyə böldüm. bu vərdiş sayəsində artıq 45 gün ərzində üçüncü kitabı oxuyuram. Etdiklərimizin hər zaman fərqində olmağımız diləyi ilə.

Vərdişlərimiz necə dəyişir ?” üzərinə 4 şərh

  1. çox faydalı ve yerine düşen blog oldu✨ Neçe gündür kitab oxuya bilmemişdim başım çox qarışıq olur deye ama darıxırdm oxumag üçün bu postdan sonra 3sehife de olsa vaxt ayırıb oxuycm sonra da verdiş halına getirecem çox sağolun

    tərəfindən bəyənildi 1 şəxs

  2. Mən də kitab oxumağı uzuuun müddətdir ertələyirəm , hətta seçirəm kitabı ,artıq baslayacam oxumağa ,amma qeyd etdiyiniz kimi beynim nəyi necə istədiyinə alışdığı üçün alınmır . Tətbiq etməyə əlimdən gələni edəcəm. Faydalı yazılar və bloq üçün təşəkkürlər. Uzun müddət və oxucularının bol olması diləyilə..

    tərəfindən bəyənildi 1 şəxs

muradakifsoy üçün bir cavab yazın Cavabı ləğv et