Nə üçün ertələyirik? – Səbəb və həlli yolları

Səbəbləri:

Elə bir günümüz yoxdur ki, özümüzü danlamayaq, səhvlərimizi düşünməyək, nələrisə ertələməyək. Ancaq bu davranışlar bir yerdən sonra gündəlik həyatımızda etdiyimiz ən əsas davranışlardan birini çevrilir. Hər xırda şeyə görə özümüzü danlayır, ancaq etmədiyimiz yaxud da edə bilmədiyimiz işləri düşünür, yeni edəcəyimiz işləri də “əşi sonra edərəm”(ciddiyə almamaq), “nəyi yarıtmışam ki, bunu edim? yaxşısı budur heç nə etməyim”(özü haqqında uyğun olmayan mənfi rəy), “bu gün kefim yoxdur, sabah edərəm”(motivasiya əskikliyi), “indi daha vacib işlərim var, bunlar sonraya da qala bilər”, “bir işi edirəmsə gərək mükəmməl edim” (mükəmməliyyətçilik) deyərək kənara qoyduğunuz xeyli işlər yadınıza düşüb yəgin ki. İşin həm sevincli, həm də kədərli tərəfi odur ki, bu problem təkcə sizə xas bir məsələ deyil.

Günlük rutinləri olan insanların əksəriyyəti bu problemdən əziyyət çəkir. Ancaq psixologiyada bir məsələnin problem olaraq dəyərləndirilməsinin müəyyən kriteriyaları var. Bunlardan ilki həyat fəaliyyətimizə, şəxsi, iş və sosial sfreamıza mənfi təsir etdiyini hiss etməyimizdir. Məsələn təmizlik obsesiyaları hər birimizdə müəyyən qədər var, acaq bu bizim gündəlik həyatımıza mənfi təsir etmir, əksinə şəxsi gigiyenamıza ciddi nəzarət etməyimizə yardım edir. Yaxud da bir gün özümüzü üzgün hiss etməyimiz depresiyada olduğumuz anlamına gəlmir. Depresiyanın da müəyyən ölçü kriteriyaları var.

Yuxarıda verdiyim nümunələrdən bunların sadəcə misal olduğunu düşünə bilərsiniz. Ancaq, ertələmə davranışlarının həyatımıza mənfi təsiri sayəsində depresiyaya düşə bilərik. Özünü tənqid edən insan hər gün, keçdikcə öz mənfilərini daha çox qabardır, daha çox “onları yox etməliyəm” deyərək gününü onlara həsr edir, nəticədə təbii ki, heç nə əldə etmir. Bu da onun olan qalan motivasiyasını əlindən alır. “Mən tənbələm”, “Mən heç nəyi axıra qədər etmirəm”, “Onsuzda əlimdən bir iş gəlmir” kimi inanclarınıza gün keçdikcə daha çox inanmağa başlayırsınız. Bunun da nəticəsində uğursuzluqlarınızı gizlətmək, insanların uğurlarını görüb özünü üzgün hiss etməmək üçün münasibətlərdən qaçmağa başlayırsınız. Bundan əlavə bəzən özünüzə çay süzmək üçün belə halınızın olmadığını düşünəcək qədər yorğun hiss edirsiniz. Bu vəziyyətdə isə yeni bir iş görməkdən söhbət belə gedə bilməz.

Həlli yolları:

Qəbul et! Hər bir problemi həll etməyin ilkin mərhələsi içində olduğumuz vəziyyətin fərqində olmağımız və bu problemin bizdə var olduğunu qəbul etməyimiz lazımdır. “Məndə belə bir şey ola bilməz” “Mən bundan narahat olacaq adam deyiləm” kimi yalanlarla özümüzü aldatmayaq. Unutmayaq ki, qəbul etmədiyiniz heç nəyi dəyişdirə bilmərik.

Hərəkət et! Qısa axşam və ya səhər gəzintiləri enerjimizi bərpa etmək üçün gözəl başlanğıc ola bilər. Aktivləşən bədən sayəsində, işə fokuslanma şansımız da artır.

Bölünməyəcək zaman seç! Yəni, axşam yeməyinə 15 dəqiqə qalmış işə başlasaq, bu deməkdir ki, gördüyümüz iş yarım qalacaq. Ona görə heç bir şeyin bizi narahat etməyəcəyi bir zaman aralığı seçməyimiz şərtdir.

Ən məhsuldar vaxtı seç! Bəzi insanlar səhər tezdən daha gümrahdırlar. Digər bir qrup axşam lapma işığında daha yaxşı çalışa bilir. Özümüzə uyğun ən məhsuldar vaxtı seçməyimiz lazımdır. Bunun üçün sınaq müddəti təyin edə bilər, fərqli vaxtlarda məhsuldarlığımızı dəyərləndirə bilərik.

Hər gün bir iş gör! İşə başlamadan “bu gün edəcək tək bir iş görmək şansım olsa hansı işi edərdim?” sualını verməklə vacib işimizi müəyyən edə və onu yerinə yetirə bilərik.

Parçalara böl! Düşündüyümüz hər bir iş bir günlük və bir saatlıq olmaya bilir. Ona görə işi xırda parçalara bölərək, bu parçaları bitirməklə, işi hissəli şəkildə bitirə bilərik.

Qısa fasilə ver: Bu sahədə olan araşdırmalar sayəsində Pomodoro adlı bir texnika ərsəyə gəlib. Məntiq budur ki, 25 dəqiqə çalışıb, 5 dəqiqə fasilə verməklə beynimizi rahatlada , bu rahatlama sayəsində növbəti 25 dəqiqə daha məhsuldar ola bilirik. Çox effektiv metod olduğunu da bildirməliyəm. Xüsusi mobil əlavələri də mövcuddur.

Özünə hədiyyə et! İşi xırda hissələrə bölmüşdük. Həmin xırda hissələri bitirdikcə özümüzə sevdiyimiz şeyləri hədiyyə edə bilərik. Məsələn 15 dəqiqə musiqi dinləmək, şirniyyat yemək, stolüstü tenis oynamaq kimi. Sevdiyimiz şeylər həm də bizim üçün mükafatdır. Mükafatını alan beyin, daha məmnun olur. Fəaliyyətin dəyərli olduğu qənaətinə gəlir. Bu sayədə yeni işə daha həvəslə davam edir.

Normal yat: Hər gün bir saatda qalxan beyin, yaxud yuxu norması qarşılanmayan beyin düzgün çalışa bilməz. Ona görə məhsuldar olduğumuz saatlara uyğun istirahət vaxtımızı da dəqiqləşdirməli, ona əməl etməliyik.

Niyəsini xatırla! Bu işi nə üçün etdiyimizi tez-tez xatırlamaq, dirəndiyimiz anlarda bizə güc verir. Dəyərlərimizə uyğun işlər görmək bizi hər zaman uğurlu edir.

Bitirdiklərini qeyd et! Yuxarıda “onsuzda heç nəyi doğru etmirəm” kimi fikirlərin bizi ruhdan saldığını bildirmişdim. Bu siyahı bu fikirlərə qarşı bizə qalxan olacaq. Çünki fikirin əksinə olaraq realda biz çox işlərin öhdəsindən gəldiyimizi görər, bu fikrin əsassız olduğuna inanarıq.

Nəticə olaraq hər anın fərqində olaraq yaşamağımız lazımdır. Bunun üçün bizə mane olan fikir və davranışları, bizə yardım edən yeni fikir və davranışlarla əvəz etməyin vaxtıdır. Unutmayaq ki, həyat anlardan ibarətdir. Biz ertələdikcə o anları, o anlardakı insanları, hissləri itirə bilərik. Nəyisə etmək istəyiriksə bu gün edək. Dünən keçib getdi, ordakı heç nəyi dəyişə bilmərik. Sabah da məlum deyil. Var olan bu gündür. Ona görə hisslərimizi bildirməyi, hədiyyə etməyi, sarılmağı, hobbilərimizə vaxt ayırmağı da bu gün etməliyik. Sabah bəlkə sarılacaq bir kimsə tapmarıq, ya da hobbimiz bizi məmnun etməyə bilər. Gec olmadan başlayaq, Hərəkətə keçməyin tam zamanıdır. Fərqində olduğunuz, hər anını doya-doya yaşayacağınız bir ömür keçirməniz diləyi ilə.

İstifadə olunmuş ədəbiyyat: Psychologytoday.com, epsikyatri.com

Nə üçün ertələyirik? – Səbəb və həlli yolları” üzərinə bir şərh

Ramid Seyfullayev üçün bir cavab yazın Cavabı ləğv et