Amin Maalouf – Səmərqənd

Səmərqənd dünyada  görmək istədiyim şəhərlərdən birincisidir. Bu şəhərə olan xüsusi simpatiyam, şəhərlə bağlı hər şeyi araşdırmağıma səbəb olub. Göy məscidləri, Mavəraənnəhrin paytaxtı olduğu dövründən hazırki Özbəkistan dövrünə qədər bir çox hadisə və tarixlər barədə məlumatlar öyrəndim. Əsərə olan marağım da bu sayədə oldu. Biraz araşdırandan sonra Kitabı oxumağa qərar verdim. Əsər o qədər maraqlıdır ki, hətta yolda oxuyanda belə diqqətim kitabdan yayınmırdı. Kitab iki hissədən ibarətdir, Səlcuqlular dövrü və Ömər Xəyyam, XX əsr və İranda Qacarların devrilməsi.

Ömər Xəyyamın sadəcə Rübailəri haqqında eşitmişdim. Şəxsiyyəti və yaradıcılığı barədə bildiyim bir şey yox idi kitaba qədər. Amma indi düşünürəm ki, ondan bizə gəlib çatan rübailəri mütləq oxuyum. Kitab Ömər Xəyyamın bidətçi olduğu üçün (səma cisimlərini araşdırırdı) Səmərqənd küçələrində daşqalaq edilməsi ilə başlayır. Səmərqənd şəriət məhkəməsinin hakimi tərəfindən qurtarılandan sonra şəhərə qonaq gələn baş vəzir Nizamülmülk ilə tanış edilir. Daha sonra Həsən Əli Sabbahın (Xaşxaşı, yaxud Assasin hərəkatının banisi) Ömər Xəyyamla tanış olmasından sonra kitab biraz daha maraqlı hal almağa başladı. Səlcuqlu dövləti, Nizamülmülk (Səlcuqlunun məşhur fars baş vəziri), İsfahanın, Nişapurun, Səmərqəndin geniş təsvirinə yer ayrılması insanı XI əsrin sonlarına aparır. Səlcuqlu sarayındakı çəkişmələri, sultanların öldürülməsi, sultanın xanımlarının birincilik davası və öz oğullarının şahzadə elan edilməsi üçün baş vurduğu oyunlar real həyat kimi gözümün qabağında canlandı. 1000 il öncə bizə də təsiri çox olan yaxın coğrafiyada yaşanan dini, siyasi, etnik zəmində dəyərləndirilən məsələlər bu gün də aktuallığını qorumaqdadır. Kitabda bəhs olunduğu qədərilə Rey və Kirman (indiki cənubi İran) əyalətlərində şiəlik yayılmışdı. Səlcuqlu və digər müsəlman dövlətləri sünni olduğuna görə Həsən Sabbah Səlcuqlu taxtını bir şəkildə ələ keçirib şiəliyi rəsmi din elan etmək istəyir. Bunu edə bilməyəcəyini görəndə yönünü seçdiyi şəhərlərə salır. Bu da alınmadıqda isə Misirə gedib (həmin dövr orada Şiə Fatimi dövləti var idi)  təlim alması, ardından gəlib dağlarda alınmaz sayılan Alamut qalasına yerləşməsi və burada Xaşxaşilər təriqətini qurmasından geniş söhbət açılır. Hazır ki dövrdə terror kimi sayılan halların ilk dəfə onun  əmri ilə edilməsinin şahidi oluruq. Əsas istəklərindən biri sevimli dostu , onu Nizamülmülklə də tanış edən Ömər Xəyyamı qalaya dəvət etmək, öz yanına çəkmək olan Həsən Sabbah bu istəyinə də çata bilmir. Səlcuqlu sarayında məsləhətçi olan Xəyyam bu işə razı olmadıqda Xaşxaşilər onun köməkçisini öldürür və illərlə yazdığı rübailər kitabını yarımçıq şəkildə oğurlayır. Xəyyam kitabı bitirmədiyi üçün, arxasına Sabbah tərfindən miniatürlər çəkilir. Həm də dostunun kitabını qalada qurduğu ümumi kitabxanaya vermir, öz otağında saxlayır. xaşxaşilərin dağılması, ardıınca isə Monqolların kitabxana ilə birlikdə qalanı yandırması ilə ilk hissə baa çatır.

İkinci hissədə əslən fransız olan Amerikalı oğlan (müəllifin özü ) haqqında söhbət açılır. Onun rübaiyyata olan marağına görə başına gələn hadisələr, Şərqlə Qərbin aşkar fərqlilikləri açıq sezilir. Həmin dövrdə İrana səyahəti, Şahzadə Şirinlə olan sevgi münasibətləri, İranda Qacarların devrilməsi prosesləri, qəhrəmanımızın bundakı rolundan geniş bəhs edilir. İndi də olduğu kimi keçən əsrin əvvələrində də İngiltərə və Rusiyanın İranı sömürdüyünü hər tərəfli görə bilirik. Müəllif burada imkan tapıb Amerikan İmperializminə də xüsusi yer verib. Maraqlananlar əsərdə daha geniş bunu görə bilər.

      Gələk əsas məsələyə; kitabdan nə anladığıma. Əsərdə şərq-qərb tərənnümü çox gözəl verilib. Hərəsinin üstün və mənfi cəhətləri də göstərilib. Ancaq İran dövlət maliyyəsinin tək bir amerikalının ümidinə qalması və onun sayəsində dirçəlməsi Tom Kruzun “Sonuncu Samuray” filmində olduğu kimi Amerikan imperializminin tərənnümündən başqa bir şey deyil. Digər bir məsələ şərqlilərin qapalı və küyəgedən olduqlarını göstərir. Kitabın itməsi mənə çox pis təsir elədi. Əsas məsələ isə biz şərqlilər, əlimizdə olanların dəyərini bilmirik. Amerikalı bu kitabı görmək üçün ta okeanın o tayından gəlir, təyyarə də yoxdur, gəmi və torpaq yollarda min cür əziyyətə qatlaşır. Amma bizlər burdan bura maraqlanmırıq. Qeyd etdiyi XX əsr İranını da bu sayədə görür. Kitab artıq sevdiyim əsərlər siyahısındadır. və bir müddət sonra yenə oxuyacam İnşallah.

      Nəyi bəyənmədim: Hər şeyin qədrini qərblilər daha yaxşı bilir, qərblilər daha yaxşı idarə edəndir. Bunu da göstərmək üçün sömürgə olan əks arqument kimi istifadə olunub.

      Nəyi bəyəndim: Təsvirlər çox gözəl verilib, insan çox axıcı şəkildə heç qopmadan onu beynində canlandıra bilir. Əsərdə verilənlər tarixlə də uyğundur. Təbrizin İran inqilabında dönüş nöqtəsi olması və buna xüsusi yer ayrılması.

     Kitabı oxumaq üçün 3 səbəb:

  1. Tarix və ədəbiyyat arasında çox gözəl əlaqə qurulub. Sevməsəniz belə tarixlə maraqlanmağınıza səbəb olacaq.
  2. Əlimizdə nələr var və nələri öz əlimizin içindən buraxmışıq bir daha fərqinə varacaqsınız.
  3. İran və orta Asiya ölkələrinin diqqətdən kənarda qalan gözəlliklərini görəcəksiniz. Bəlkə də karantindən sonra oralara səyahət belə planlayacaqsınız.

Kitab haqqında bloglarım sadəcə oxuduqlarımı həm öz yaddaşımda daha yaxşı saxlamaq, həm də isanların bu kitablar barədə müəyyən fikir sahibi olmasını təmin etmək üçündür. Xoş mütaliələr.

Amin Maalouf – Səmərqənd” üzərinə 4 şərh

  1. Birinci hissə bitdikdə arada qoyulan böyük boşluq, bir anlıq qalan hissənin başqa yazıya saxlandığı fikrinin yaratdığı təəssüf hissi(kinonun maraqlı yerində bitməsi zamanı baş verən şey) və sonrasında “İkinci hissə” yazısını görməyin yaratdığı sevinc

    tərəfindən bəyənildi 1 şəxs

  2. Maraqlı kitaba bənzəyir. Şərq mədəniyyəti mənim üçün hər zaman maraqlıdı. Zatən mədəniyyətin köküdə şərqdən gəlir. Amerikalı yazarın obyektiv yazmağı nə qədər demokratik mühitdə yaşadığını göstərir )))

    tərəfindən bəyənildi 1 şəxs

sonasalman üçün bir cavab yazın Cavabı ləğv et