Keçmişim – Bu gün

Qeydə aldığım fikirləri 12 – 15 avqust tarixlərinə köhnə kəndimiz olan Yuxarı Suvagildə yazmışam. Məzuniyyətə çıxan gündən kəndə Yeni Suvagilə getdim. Bir növ Bakıdan qaçırmışcasına getdim. 4 – 5 gün kənddə gəzdikdən, həyət işlərini qaydaya salndan sonra Yuxarı Suvagilə getməyə qərara aldım. Tək gedəcəkdim. Ərzaq da götürməli olduğuma görə piyada getmə şansım yox idi. Məcbur, marşurutla ( QAZ – 66) getdim. Həvəslə yol boyu ora çatacağım anları gözləyirdim. Əslində orda neyniyəcəyimi də bilmirdim, ancaq nəsə məni çəkirdi orda…

Tamamilə başqa aləmdə olduğumu hiss edirdim, neyniyəcəyimi unutmuşdum. Necə yəni, artıq heç bir məcburiyyətim yoxdur? Məcburiyyət deyəndə kiminsə əmrini nəzərdə tutmuram, yəni məsuliyyət daşıdığım tək varlıq özüm idim. Burda hər şey mənə tabedir. Daha doğrusu məndə daxil, hər şey təbiətin bir parçasıyıq. Bu fikir mənə nə qədər tanış olsa da, çoxdandır ki, yadımdan çıxmışdı. Burada qulaq batıran maşın səsləri, insan hay-küyləri, sıxlıq, internet, elektrik, mobil rabitə yoxdur. İnsanın ağlına  bir sual gəlir necə yəni yoxdur? Bir müddət keçəndən sonra öyrəşirsən.

Getdiyim ilk gün, ocaq başında çay dəmləyəndən sonra özümə yemək bişirdim. Çay həqiqətən çox fərqli dadırdı. Yeməkdən sonra biraz kitab oxumaq yerinə düşərdi, ancaq biraz oxuyandan sonra yuxum gəldi. Belə gözəl aurada, günəşdə bişəndən sonra pəncərədən vuran küləyin sərinliyi ilə yatmamaq günah olardı. Ayılandan sonra biraz ətrafı gəzdim, səhər olacaq yolçuluq üçün hazırlandım. Səhər tezdən yanımdakı evdə qalan bioloq İlyas müəllimin qonaqları ilə birlikdə şəlaləyə doğru yola çıxdıq. WP_20170813_11_18_03_Pro.jpg

Yol boyu göz oxşayan mənzərələr sanki önümüzə sərilmişdi. Belə gözəl yerlərin əlçatan olması və onları gəzmədiyimə görə özümü qınadım da. Ancaq artıq orda idim və edə biləcəyim şey gördüyüm, hiss etdiyim şeylərdən zövq almaq idi. Elə də etdim. Asan olmadı, bir də görürdün ki, gəldiyin yol uçub artıq. Orda gördüklərim, 15-20 metr hündürlükdən tökülən şəlalənin altında çimmək, təbiət qoynunda yemək nəyə desən dəyərdi. Axşama yaxın həzz dolu bir yorğunluqla qaldığımız yerə qayıtdıq. Növbəti gün isə tariximiz olan Yuxarı Suvagilin yerləşdiyi yerə qalxdıq. Köhnə ev qalıqları, adı olmayan qəbirlər insanı düşündürməyə bilməz. 70- 80 il öncə burada həyat qaynayırdı. İndi ancaq sadəcə uçuq, dağınıq daşlar qalıb. Müəyyən vaxt keçəndən sonra biz də bax beləcə yox olub gedəcəyik. Öncə kəndin əsas mərkəzi olan “Eray” meydanını ziyarət etdik.WP_20170814_12_32_54_Pro.jpg

Gördüyümüz bu idi. Sol küncdə görünən qaraltı isə, “qolçomaq” Saleh Yüzbaşının qəbridir. Hansı ki, 1937- ci ildə, kənd meydanında, camaatın gözü qarşısında bolşeviklər tərəfindən güllələnmiş, heç basdırılmamışdı. Sonra gecə ilə kənd camaatı  elə oradaca basdırmışdı. Daha sonra ordan köhnə kənd qəbristanlığını gəzdik. Çayın yuduğu yerlərdə bəzilərində yarımçıq skletler qalmışdı. Digər yarısını çay aparmışdı.WP_20170814_12_58_46_Pro.jpg

Sonra yenə çaylaqla qaldığımız yerə – Dikbiştalaya qayıtdıq. Qeyd edim ki, Yuxarı Suvagil ərazısını çay apardığı üçün, 1953 ildən, O vaxt kəndimizin kolxoz sədri olan Mina xanım Nəzirovanın təşəbbüsü və səyi ilə indi yaşadğımız əraziyə köçürülməyə başlanılmışdır. 80-90 evdən ibarət olan dağ kəndi, hazırda düzən ərazidə əhalisi 8000 ə yaxın olan kəndlə əvəzləndi. Ancaq kənd əhalisinin çoxusu dədə-baba torpaqlarımızı sadəcə eşidib, görməyiblər.

Daha sonra Dikbiştalaya yaxın hazırda insanların yay aylarında daha çox yaşadığı Hendə getdik. Bir iki evdə çay içməyə dəvət etdilər. İnsanlar burada sadəcə təbiətlə təmas halındadırlar. Elektrik motoru olan da, axşam tv yə baxırdı vəssalam. WP_20170814_17_49_30_Pro.jpg

Növbəti gün dönmək fikrində idim və elə də etdim. Günorta 12:30 da piyada yola düşdüm. Yol boyu ancaq çayı keçəndə fasilə etdik, 17:40 da artıq evdə idim. 38 km yolu piyada, çaylaq ərazidən kəndə düşdüm. Gəzintimi ancaq belə gözəl yekunlaşdıra bilərdim. Həddindən artıq yorğun olsam da içimdən bir səs özümə “Afərin” deyirdi.WP_20170815_14_56_42_Pro.jpg

Bu gəzintimin görünən tərəfi idi. Görünməyən tərəfi isə düşüncələrimdir. Getdiyim gün bir müddət boşluğa düşdüm sanki. Edilə biləcək tək şey istirahət idi. Hələ də inana bilmirdim. Yorğun və verimli bir ildən sonra artıq istirahətdə olmaq qəribə gəldi. Fikirləşirəm ki, insanlar işləmək sözünün lap ağını çıxarıblar. Nə qədər çalışsam da, həmişə istirahət və əyləncəmə vaxt ayırmışam. Məni ayaqda saxlayan da bu olduğunu düşünürəm. Yaz-qış demədən çalışan insanlar, qazandıqlarını çox vaxt ya dəmir-dümürə ya da başqaları üçün xərcləyirlər. Həyata, imkanlara limitsiz kimi yanaşırlar. Ancaq tək başına qalanda insan yenidən dərk edir ki, o sosial olmaqla bərabər həm də, bioloji varlıqdır. Onun da başlanğıcı olduğu kimi, bir sonu hökmən vardır. Nə qazandığı maddiyyat, nə udduğu “eqo müharibələri” zərrə qədər də sonunu gecikdirməyəcək. Təbiət bizə sonsuz imkanlar da bəxş edir. Burada heç bir canlı ac qalmır, biri o birinin sahib olduğunu əlindən almağa çalışmır. Çünki təbiətdə hamıya yetəcək qədər qida ehtiyatı var. İnsanlar isə, udduqları oksigeni onlara ötürən ağacları kəsib, arasından külək keçməyən hündür binalar tikirlər. Bu insanların eqolarını bir yerə toplasaq aya belə qalxa bilərik. Özü üçün deyil də, başqalarından üstün olmaqdır bizi qayğılandıran. Bu isə bizi sevmədiyimiz işlərdə işləməyimizə, sevmədiyimiz insanlara gülümsməyimizə beləcə də ömrümüzün xərclənməsinə səbəb olur. Oysa hər kəs özü üçün yaşasa, normal sosial münasibətlər içərisində olsa, səmimi davransa nə gözəl olardı.

Burada olanda məni düşündürən digər bir məsələ isə, gördüyüm uçuq evlər və adsız qəbirlər oldu. Özümü düşündüm 40-50 il, bəlkə də daha tez yoxam. Nə dəyişəcək dedim? Kim itirəcək? Heçnə dəyişməyəcək, itirən isə yalnız özüm olacam. Həyat mənə verilmiş olan bir fürsət olaraq dəyərləndirirəm. O fürsət ki, mən sevdiklərimlə yaşayacağım, sevdiyim işləri görməyim, sevdiyim yerlərdə olmağım üçün verilən bir fürsət! Bunu görməmək qeyri-mümkündür. Növbəti dörd gün ərzində qalan məzuniyyət vaxtımı da ailəmlə keçirdikdən sonra Bakıya, bol enerji ilə, yeni hədəflərə doğru daha qətiyyətli addımlarla geri döndüm. Oxuduğunuz üçün təşəkkürlər.

Keçmişim – Bu gün” üzərinə 2 şərh

  1. Murad bey,yazinizi oxudum ve men de xeyalen hemen günlere qayitdim. Chox sag olun ki, górdüklerinizi obrazli shekilde qeyde almisiniz. Chünki bu da yashanilan heyatin bir parchasi idi. Ne yaxshi ki,hemin an heder getmeyib,yadda qalan olub!

    Bəyən

Bir şərh yazın