Qalacıq Şəlaləsi- İsmayıllı

Səhəri təbiətdə açmaqdan gözəl tək bir şey var. Səhəri təbiətdə, çadırın içində açmaq. Dünən Duruca yürüşəndən sonra Vəndamda qurduğumuz campda çaya baxan tərəfdə gözümü açdım. Avqust ayında bu sərinlik hər zaman olmaz. Dan yeri tam ağarmadan fırtınadan öncəki səssizlik kimi, aydınlıqdan öncəki zil qaranlıq haldadır.

Sübh namazından sonra hava da işıqlanmağa başladı. Təbiət yürüşlərində çox zaman idarəçi olmaqdan həmişə gileylənmişəm yazılarımda. İndi idarəçio deyiləm. Sadəcə özbaşına olmağın rahatlığını yaşayıram. Səhər yeməyini yeyib İsmayıllıya doğru yola düşəcəyik.

Bu gün dünənə baxanda daha sakit hiss edirəm özümü. Dünən konkret şəhərdən gəlmə kimi aparırdım özümü. Hər yerdə foto çəkmək, çəkdirmək, şəlalələrdə çimmək kimi işlərlə məşğul idim. Bu gün isə öz aləmimdəyəm.

Daha çox təbiətə fokuslanmışam. Sanki adamlarla danışmaq da istəmirəm. “Bezzvuk”dayam bu gün. Amma yenə də qrupla gedirəm. Daha doğrusu Tamerlan mən və Bayram. Tamerlan hələ də Mirinin yolun bir hissəsini maşınla getməyini həzm edə bilməyib. Əlsində birlikdə yürüş edəcəkdik güya. Mənim də gülməyim gəlir. Amma göstərmirəm. göbələkləri çəkməklə məşğulam.

Əslində onlardan da arada geridə qalıram. Yağışdan sonra maraqlı göbələklər görürəm. İlk dəfə bu qədər fərqli göbələklər görürəm. Çəkmək maraqlıdır. Amma eyni zamanda təkcə göbələklərə ilişib də qalmaq istəmirəm. Üstəlik meşə çox səssiz və hüzurludur. Düzdür sıx olduğuna görə bir az da qaranlıqdır. Amma bu tərzdə daha çox xoşuma gəlir.

Çayın sahilinə çatanda bizi ötüb keçən maşınları gördüm. Deməli, çaydan sonra piyada davam edəcəyik. çayda Murad Fərəcov çimmək üçün göl düzəldirdi. Sakitcə keçdim ordan. Çayın digər sahilində artıq camp yeri qurulmuş, samovar və ocaq qalanmış,yerə həsir sərilmişdi. Dəli şeytan deyir, keç uzan burda. Dəli şeytan niyə ki? Biz içimizdəki uşağı deyəsən belə çağırırıq. Çox da xoş olardı. Amma şəlaləni də görmək istəyirəm.

Ocaq başında Osman müəllim, Həsən qardaşla nəsə xüsusi yemək hazırlığındadırlar. Yeməklə arasının yaxşı olduğu hər halından bəlli olan Anar qardaş da onlara kömək edir. Düşünürəm, Şəlaləyə nə qədər tez gedib-gəlsəm o qədər yaxşıdır. Amma ona da tək gedəsi oldum. Mən ətrafı analiz edib hər kəslə söhbət edənə qədər uşaqlar çıxıb gediblər. Qalanlar da zatən şəlaləyə getmirmiş. Ona görə də səhv yoldan getdim. Xəritəyə baxıb, yönü tapdıqdan sonra əziyyətlə daşların, ağacların arasından keçdim. Sən demə yol 10 metr soldan imiş.

Şəlaləyə çatana yaxın Tamerlanı gördüm. Artıq çatmışdı demək olar ki, mən aşağıdakı şəlaləyə bir az tamaşa edib yuxarı qalxdım. Ordakı şəlalə daha böyük idi. Bir saata qədər buralarda gəzdikdən sonra aşağı düşdük.

Artıq o həsirin üstündə yemək yeyib uzanmağa hazır idim. Amma öncə qəşəng bir çay istəyirəm. Avqust ayında nə çayı deməyin. keyif çayı. Belə xoş yorğunluğu ancaq çay rahatladar.

Sonrasında Osman müəllimlə Həsən qardaşın əllərindən sac və kotlet yedik. Mənim üçün səyahətin ən önəmli hissəsi gəzmək və yeməkdir. Bir dəfə Ramazan ayında hikingə gedəndə fərqinə vardım ki, indiyə qədər çantalarımın ağırlığının səbəbi ərzaq imiş. Ancaq yemək daşıyırmışam. İndi də eləyəm. Dəyişmək kimi bir fikrim də yoxdur.

Yemək də, yürüş də tamamdır. İndi qalır, asvalt yola çıxanda maşında mürgüləmək. Bununla da mən bu səyahətimi möhtəşəm adlandıra bilərəm. Əməyi keçən bütün qardaşlardan Allah razı olsun. Çox unudulmaz 2 gün oldu.

Bir şərh yazın