Bəlkə bitdim, təzədən…

Qəbrimi bulud sulasın,
Bəlkə bitdim təzədən.
Bir tək-tənha qurd ulasın,
Bir şikəst quş ağlasın.

Qəbrimi lap dərin qazın,
Bir səs-səmir gəlməsin.
Kim ağlasa, xısın-xısın,
Yavaş-yavaş ağlasın.

Bu misraları,Kamran Bilalov ciddi bir rok stilində qulaqlıqla bir başa beynimə qışqırır. Çox sevdiyim mahnıdır o öz yerində. Amma bu gün sanki xüsusi bir şey hiss edirəm.

Hal-hazırda Dədə Qorqud parkındayam. Geştalt terapiyanın üçüncü modulunun son günüdür. Saat 6-ya işləyir. Gün batmaqdadır. külək də yoxdur. Rahatca ətrafdakı şeylərin göldəki əksini görmək mümkündür. İki gün öncə buradan keçəndə də su hərəkətsiz idi. Çox maraqlı bir kadr çəkmişdim. İndi o qədər xoşuma gələn kadrlar olmasa da yenə də xatirə olaraq saxladım.

Bir tərəfdən də mahnının sözlərini analiz edirəm. İndiki halda kiminsə gəlib qəbrimdə ağlaması ölmüş olacaq mənə heç bir faydası yoxdur deyə düşünürəm. Dəyəri bu qədər cılız şəkildə istəmək, özünəhörmətsizlikdir. Bir haldakı, var olduğun bu dünyada haqq etdiyin, yaxud hiss etdikləri dəyəri verməyiblər. Öldükdən sonra bunun heç bir faydası yoxdur. Ölmüş axirət dünyasında, qalanlar da öz həyatlarında yas travmasını kompensasiyası ilə mə.ğul olacaqlar.

Digərlərini beləcə qırağa qoyduq. Amma adam özünə də sual vermədən dayana bilmir. Bu saat, burada ölsəm? Nə hiss edərəm? Yaxud 24 saat vaxt versələr ölümdən qabaq, nələri düşünər?, Nələri etməyə çalışardım? Sonra o möhtəşəm sual gəlir? Bunları etmək üçün ölüm tarixini bilməyin lazımdır? Yox əlbəttə ki, ancaq sanki dünyanın qulpunu tutub oturacaqmışam kimi davranıram. Ertələyirəm, uzun müddətli planlar qururam. İşə, dərsə qaçıram. Bəzən hobbilərimi və istirahətimi təxirə salıram. Nə vaxta qədər?

Bu gün, terapiyadan çıxmasam bəlkə də ötüb keçərdim bu musiqidən. Ancaq indi beynimə mismar kimi çaxıldı. Düşünmədən, hiss etmədən keçə bilmədim. Geştalt mənə hər zaman uzaq bir şey kimi gəlirdi. Keçən ilə qədər. Niyə elə uzaq hiss etdiyimi indi anlayıram. Geştaltın əsası insanın özü ilə məşğul olması, emosiya və daxili dünyası ilə harmoniyada olması ilə bağlıdır. Mən isə, hər zaman məntiqlə davranan bir robot kimi aparmışam özümü. Ən azından özümə qarşı. Bu 3 günlük terapiya sessiyaları, öncəki modul, oxuduqlarım, hamısı musiqi ilə sanki üstümə qışqırır. Sözçü olaraq da Kamran Bilalovu seçiblər. Ramiz Rövşən də onların mətnini hazırlayıb.

Yolu keçəndə fərqinə vardım ki, artıq musiqi dəyişib. Hüseyn Abdullayevin “Həyat davam edir” kompazisiyası oxuyur. Bu musiqini hədsiz çox sevirəm. Həyatımda xüsusi yeri belə var. İndiki mövzumuz o deyil. İndi də musiqinin adına ilişdim. Sanki öncəki musiqinin əksini deyir. Yaşadığımı, həyatın davam etdiyini, hiss edə bildiyimi xatırladır axı. Az qala ölməmişəm ki, deyə qışqırmaq istəyirəm. Həqiqətən, tam da Geştaltdakı kimi “Burada və indi” yaşamaq. Nə keçmişdə, nə də gələcəkdə ilişib qalmadan indidə yaşamaq.

Geriyə qalır, özümə qazdığım qəbirdən çxımaq. Torpağın üstündə bəlkə də yaz gəlib, bəlkə də yağış yağır, yaxud da yağışdan sonra gün çıxıb. Ən sevdiyim havalardan. Bəlkə heç kim ağlamır üstdə. Bəlkə mən çox ciddiyə almışam dəyərimi, etdiklərimi. Bəlkə mən də, digər sağ olan insanlar kimi həyatımı, hisslərimi, arzu və istəklərimi, hobbilərimə fokuslanım. Yoxsa qəbirdən çıxmağın nə mənası?

Bir şərh yazın