Çoxdandır, səyahətdən yazmıram. Əslində gedirəm yenə. Ancaq emosiyalarımı ötürmək bəzi vaxtlarda çətin gəlir. Bəlkə də istəmirəm. Burada yeni sayt üçün beynimdə bəzi fikirlərin olmasının da payı var. Ancaq hər bir halda məncə yazmaq mənə yaxşı gələn bir şeydir.
Bu dəfəki səfərim Qəbələnin Duruca kəndinə və oradan şələləyədir. Ötən dəfə getdiyim Tokiəxil şələləsindən sonra yenidən şəlalə yürüşü standartmış kimi gəldi. Amma bu hiss uzun sürmədi. Çünki Böyük Qafqazın xüsusi aurası tezliklə məni doğma bir yerdə olduğuma əmin etdi.



Səhər 6-da Bakıdan çıxdıq. Şamaxıda səhər yeməyi fasiləsindən sonra taa Duruca kəndinə qədər davam etdik. Orda lazım olan əşyaları çantama doldurdum. Qalanları da maşında qaldı. Qrupumuzda olan qardaşlarla bu yolu paylaşmaq xüsusi maraq hissini də bərabərində gətirmişdi.
Yol boyunca Elvüsal müəllimin, Anarın, Adilin bir-birindən maraqlı söhbətləri hər addımda doğru yerdə olduğumu özümə sübut edirdi. Aralarında ən balaca olduğuma görə, əsasən dinləməyi seçirəm belə nüanslarda. Nə qədər dağ dərə gəzsəm də, dünya görmüş adamların söhbətləri mənə görə daha maraqlıdır. Heç vaxt bu dinləməyimdən peşman da olmamışam.
Digər maşınlarda olan qardaşlar da gəlib çatmışdı. Ona görə hamı birlikdə yürüşə başlaya bilərik. Belə yürüşlərdə həmişə arxaya qalıram. Təbiəti həm hiss edir, həm də rahat foto və video çəkirəm. Üstəlik sürətimə də arxayınam deyə, nə qədər geri qalsam da gedib onlara çata bilirəm.
Şəlaləyə yürüş fikrinin Osman müəllimdən gəldiyini kəndə çatanda öyrəndim. Bir Qəbələli üçün əla seçimdir deyə düşünürəm. Təbiəti hər tərəfli bizə göstərir. Mənə görə orta asanlıqda sayılacaq marşrutdur. Çay yatağının dar olması yürüşü daha maraqlı edir.





Üstəlik bu gün paltar da götürmüşdüm. Şəlalədə çimmək üçün. Yaxşı ki, də götürmüşdüm. Buradakı şəlalə çox gur və bərk axır. Adamı sanki su ilə döyürlər. Ancaq yayın istisində buz kimi suda çimmək xüsusi həzz verir. Şəlalədən sonra kiçik hovuz tərzi bir yer də tapdıq. Sinəmə qədər suya qərq olurdum. Çox içində qalsam böyrəklərimi orda qoyardım gərək. Ancaq qəşəng sərinlədim. Çıxan kimi də paltarlarımı dəyişdim ki, xəstələnməyim.
Qayıdışda artıq qəşəng yatmaq istəyirdim. Amma yatmadım. Çünki bu axşam Vəndam da camp quracaq və gecəni orada keçirəcəyik. Çadırları qurmaq, çay və yemək hazırlamaq. Hər biri üçün hər kəsin çalışması lazımdır.
Çadırları Murad Fərəcovla aramızda böldük. Digərləri də digər işlərlə məşğul idi. Eyni zamanda adamları çadırlara yerləşdirmə işi də hardansa mənim üstümdə qaldı. Xoruldayanlarla bərk yatanları bir çadıra yerləşdirmək 28 mayda piyada keçidi olmayan yerdən yol keçməkdən daha çətindir. Nə isə hər kəsi razı salıb mən də çadırıma yerləşdim.
İndi gecənin ən gözəl vaxtıdır. Ocaqda bişən yemək, samovar çayı və Allahın anıldığı xüsusi söhbətlər. İnsan özünə döndükcə Allaha yaxınlaşdığını, Allahı xatırladıqca da insan olduğunu hiss edir.
İcma mənim üçün hər zaman dəyərli bir yerə sahibdir. Psixoloq olduğum üçün ölkədə xeyli sayda psixoloq tanıyıram. Bu da yeniliklərdən xəbərdar olmağıma şərait yaradır. Təbiəti və yürüşü sevirəm. Ona görə əksər tur rəhbərlərini və dağçıları tanıyıram. Aralarından yaxın dostlarım var. Eləcə də futbol və digər maraq sahələrimdən olan çevrələrim hər zaman məni bir neçə addım qabağa atıb.
Ancaq Allahı xatırladan dostlar bir başqadır. Burada, təbiətdə, insanın aciz olduğu yerlərdə Allahı xatırlamaq və təfəkkür etmək çox xüsusi bir nemətdir. Ölmədən yaşanılmalı, yaşayanların da mənim kimi, çox ciddi cəhdlə təkrar yaşamaq istəyəcəkləri günlərdəndir. Allahı xatırladan dost nə gözəl dostdur.


Sabah Qalacıq şəlaləsinə gedəcəyik. Gözlərim çox xüşulu formada yorğundur. Şükürlə dolu qəlbim isə, tempini yenidən yaxaladığına görə hüzurludur. Allah amanında. Salam aleykum.