Gecə az yatsam da, rahat oyandım. Səhər tezdən günlük alış-verişimizi edib yola çıxdıq. Mən bir az gec çatmışdım maşına. Baxdım ki, İlqar tam öndə mənə də yanında yer saxlayıb.
Mənim səyahətdə sevdiyim bəzi vərdişlərim var. Adətə də çevrilmiş ola bilər. Marketdən isti börek tərzi yeməklər alıram. Sonra yola çıxandan sonra onları yeyirəm. Daha sonra isə təzədən 1 saat qədər yatıram. Ondan sonra mən maraqlı bir günə tam hazır oluram.

Bu dəfə də ənənəyə sadiq qalaraq eyni vərdişlərimi həyata keçirdim. İlqarla bərabər əlbəttə ki. Sonra qəşəng yuxum gəldi. Beşbarmağa qədər bir dəfə, daha sonra yenə Qusara qədər də yatdım.
Yolda bələdçimiz Eminlə hava haqqında danışırdıq. Açığı Emin daha optimist idi. Amma mən yağışı bəlkə çox istədiyimdən, leysan tərzi bir hava gözləyirdim. Elə gözlədiyim kimi də oldu.


Lazada hər kəsin ilk getdiyi yer Qoşa şəlalədir. Mən dəfələrlə getdiyimə və oradakı insan çoxluğunu görüb kənarda gözləməyə qərar verdim. Açığı çay da istəyirdim. Ancaq tez qayıtsalar çayla qrupu gecikdirmək istəmədim. Tərslikdən onlar da gec gəldilər. Biz çaya qərar verəndə isə aşağı düşmüşdülər.
Lazada sevdiyim şeylər çoxdur. Evlərin aralı olması, turizmə açıq olmaqları, dağların arasında olması, bir tərəfdən Qızılqaya, digər tərəfdən Şahdağın görünməsi, şəlalələri, təbii gözəllikləri, qonaqpərvər insanları hər zaman bu kəndi mənim üçün xüsusi edib. Ruhumun dərinliklərində bura aid bir bağ hiss edirəm.
Kənddə gördüyüm Bakıdan gələn böyük qrupların əksəriyyəti yağışdan bezmişə oxşayırdı. Ancaq mən utanmasam oyanardım ki, nə yaxşı yağış yağır. Üstəlik bu gün sanki havamda idim. İstədiyim tərzdə fotolar çəkə bilirəm.





Kəndin Kuzun istiqamətində olan cığırına çatdıqda demək olar ki, tamamilə islanmışdım. Yaxşı ki, dəyişik paltar götürmüşdüm. Ancaq indi dəyişməyin mənası yoxdur. Çünki, daha bir islaq paltarım olacaqdı.
Cığırla kanyona düşdükcə, yay boyunca yağan yağış sayəsində yamyaşıl qalan meşəyə baxıb nə yaxşı ki gəldim deyirdim. Dağlarda yaşılı görmək mənə xüsusi zövü verir.



Əlbəttə yol boyu foto çəkməyə davam edirdim. Kuzuna qalxan yolda çox möhtəşəm mənzərə açılır. İçimdə dua edirdim ki, ora qədər hava açılsın, gün batımı çəkə bilim. Duam qəbul oldu. Amma gün batımı üçün tez idi. Arxamızca qatı bir duman və yağış gəlirdi. Baxmayaraq ki, indi üzərimizə yağmırdı.
Kuzuna qalxan istiqamətdə yemək fasiləsi verdik. İlqarın gətirdiyi çayı içəndə, əslində çayı hələ də nə qədər çox sevdiyimi düşündüm. Allah İlqardan razı olsun.



Yemək fasiləsindən sonra isə, yavaş-yavaş Kuzuna doğru düşdük. Meşənin içində çox sərin və xüsusi bir havada kəndi gördüyümüz açıqlığa çatdıq. Buradan həm arxamızda qalan mənzərələri, həm Yeğri-Kek yolunu, həm də Kuzunu tam görürdük. Burada foto çəkdirdikdən sonra yolumuza davam etdik.

Kəndə çatanda artıq hava günəşli idi. Şahnabat çayının səsi birtərəfdən, havada arada görünüb yox olan buludlar digər tərəfdən, kəndin heç indiyə qədər fikir vermədiyim rəngli evləri başqa tərəfdən ruhumu oxşadı. Artıq qəşəng samovar çayına hazır idim.
Çayı çox qəşəng dəmləmişdilər. Köhnə nəlbəkilərin nostaljisi ilə, neçə dəfə içdiyimi də xatırlamıram. Bir saat qədər orada qaldıqdan sonra maşına doğru yola düşdük.




Qayıdanda lazımsız fotoları silib, qalanlarını editləyib, ya musiqi dinləyirəm, ya da yatıram. Bu dəfə heç birini etmək içimdən gəlmədi. Fotoları sildim. Qalanları da editləmədim. Sadəcə olduğu kimi sizinlə paylaşıram.
Günümü çox içdən, rahat və sakit keçirdim. Ruhumun ehtiyaclarını qarşılamış kimi hiss edirəm. Yağış, təbiət, yaşıllıq, səssizlik, hərəkət, bitkilər. İnsanın aid olduğu yer buradır. Sonumuz da elə oradır. Son olmadan siz də gedin, bir tanış olun. Təbiət doğma amma yeni tanışları yaxşı qarşılayır. Gələn səfərlərdə görüşənədək.