Çox möhtəşəm ay var. Hər zaman belə parlaq görünmür ay. Bəzi yerlərdə şəhər işıqlarını belə basdırır. Ay, mənə qütb ulduzumu da xatırladır. Əslində heç vaxt unutmuram. Amma ayda da sanki əksini görürəm. Bəlkə də mən yansıdıram. Hər bir halda aya xüsusi maraq və sevgim var.
Ancaq bu gecənin mövzusu ay deyil. Ay qədər dəyərli, bir o qədər də diqqətdən kənarda qalmış uşaqlıq xatirələrimdən süzülən bir səs. Hansı ki, yay boyunca gecələr bu anlar mənim üçün hüzuru təmsil edirdi. Gecələrin artıq mənim olduğunu xatırladır.
Keçən ilə qədər yayı sevmədiyimi düşünürdüm. Əslində, nəyi sevib, nəyi sevmədiyimi də konkret bilmirmişəm kimi gəlir indi. Çünki mən yay axşamlarını, həmin vaxt top oynamağı, ordan boynumda palçıq qatları ilə bir başa duşa göndərildiyimi xatırlayıram.
Yayda həm də qəşəng kitab oxumaq olur. Maraqlı yerlər gəzirsən. Təbiətin rəngarəngliyini hiss edirsən. Di gəl ki, mən tutdurmuşdum ki, yaydan zəhləm gedir. Bəs niyə? Deyə sual verməsəz də mən cavab verim. Əslində yazını da özüm və bir neçə yaxınım üçün yazıram. Çünki, gün işığına çox baxa bilmirəm. Yayda qara eynəksiz gəzdiyim yerlərin sayı bir əlin barmaqlarını keçməz.
İndi bu saat sevdiklərimi xatırlayıram. İndiyə qədər sevirəm deyib də özümü yola verdiyimi görürəm. Bunlar artıq əvvəlki kimi incitmir. Əksinə görməyə başladığım üçün sevirəm. Sevdiklərimi də görür və hiss edirəm. Bunların dəyərini bu yola verişdən sonra daha yaxşı hiss edirəm. Allah bəlkə də, indi qarşıma çıxardıqlarını, həyatıma girənləri daha yaxşı dəyərləndirə bilməyim üçün öncəki təcrübəsiz muradı, tərbiyə etmək üçün verib. Bəlkə də, sadəcə imtahandır. Bilmirəm.
Bildiyim tək şey var. Yuxarıda qeyd etdiyim qütb ulduzum, ona hər gün artan sevgim və bağlılığım, həyatıma olan baxışım və onları istəyən Murad.
Bir də Muradın unutduğu, amma indi xatırladığı və çox sevdiyi çəyirtkə səsi. Çox qəribə, yaxud bunun da başı xarab oldu deyə bilərsiniz. Amma bu səs mənə, gecəni, uşaqlığı, hüzuru və sevdiklərimi xatırladır. Buna görə dinlədiyim əsnada içimdəkiləri, içəridə saxlamaq günah olardı. Yetəri qədər günahkarıq, bir də bu olmasın.
Çəyirtkələri incitməyin, onların sizə də mütləq deyəcək nələrisə olacaq. Bir də, pəncərədən baxa bilirsinizsə, ay sizi görmək üçün səbrsizliklə gözləyir. Çox gözlətməyin. Mən də qütb ulduzuma tamaşa edirəm…