Yasəmən

Şəhərdə gəzəndə insanları və onların məşğul olduqları şeyləri analiz etməyi sevirəm. Psixoloqluqdan gələn bir şey deyil. Əslində tərsi doğrudur. İnsanlara olan marağıma görə seçmişəm. 14 ildir ki, peşman deyiləm bu seçimdən.

Bu aralar ən çox diqqətimə dəyən mövsümi işlər görən insanlardır. Səyyar satıcılar və gülçülər. Səyyar satıcılar həmin günki tələblərə operativ reaksiya verir. Amma gülçülər özləri sanki yeni ehtiyac yaradır. Onların yaratdıqları yenilikləri də bəyənirəm əslində. 8 mart ərəfəsində ilk dəfə Bakı o qədər Tulpan görürdü. İndi isə hər yerdə yasəmən görürəm.

Yasəmən mənim üçün mistik sayıla biləcək güllərdəndir. Hər zaman rənginə və duruşuna heyran olmuşam. Di gəlki, dəriləndən 2 gün sonra solmağa məhkumdur. Qızılgül kimi özünü güldanlarda əksiltmir.

Uşaq vaxtı babamgilin həyətində qəribə bir ağac vardı. Yazda bənövşəyi güllər açar, babam onu xüsusi qoruyar, bizə də yaxın durmağa qoymazdı. Babam ümumiyyətlə hər şeyi qoruyurdu o öz yerində. Amma gülün xüsusi yeri olduğunu indi daha yaxşı anlayıram. Ağacəkməyə olan marağımı da deyəsən ona borcluyam. Çünki, hər yaz payız minimum 2 ağac əkdirirdi mənə həyətlərində.

Babam üçün xüsusi olduğumu düşünmüşəm uşaq vaxtı. Sonralar 93 də müharibədə itirdiyimiz dayıma oxşadığımla bağlı olduğunu da hiss edirdim. Digər nəvələrinə vermədiyi icazələr hər zaman mənim üçün əlçatan idi. Sadəcə Yasəmən ağacından başqa. Bilmirəm atasından yadigar idi, bilmirəm dayımın xatirəsi amma hər zaman ona xüsusi yanaşırdı.

Gülün mənim üçün mistikası da buradan gəlir. Amma Bakıda insanlar Yasəmənə dönüb də baxmırlar. Hamı yenə “101 roza” beynindədir. Bir-birimizlə yarışaraq fərqli olduğumuzu sübut etməyə çalışırıq. Özümüzü unuduruq. Ona görə nə Yasəmən görür gözümüz, nə Çobanyastığı nə də ki, Nərgiz.

Bəzən sevdiklərimizi babam kimi qorumalıyıq deyə düşünürəm. Amma babam da əzizlərinin bir qismini itirdikdən sonra bəlkə bu qədər sarılıb Yasəməninə. Bilmirəm. Amma bildiyim bir şey var. Sevdiklərimiz üçün çalışmaq. Qayğısına qalmaq. Bunun üçün də ilk öncə özümüzə baxmaq.

Mən kiməm? Hara gedirəm? Dəyərlərim nələrdir? Bu suallar ağır suallardır əslində. Amma bunların cavabı həyatı bizə daha yaşanır bir yer edir.

Yasəmən mövsümidir. Sevdiklərimiz də əbədi deyil. Mümkündürsə indi, əlinizdə olan imkanlarla sevdiyimizi çatdırmaq lazımdır. Biz də əbədi deyilik. Növbəti Yasəmən mövsümündə biz də olmaya bilərik. Gəlib də tapmaya bilərlər. Çatıb da görməyə bilərik. Dünya bu.

Mənim indi nə babam, nə Yasəmən ağacım var. Amma sevdiklərim üçün cəhd etməyə çalışmağa imkan verən fürsətlərim var. Nəfəs aldıqca bu fürsətlər mənimlədir. Sizinkilər də elə yanınızdadır. Yanınızda görməsəz ürəyinizin dərinliyinə baxın. Orda mütləq olacaqlar. Sizi gözləyirlər.

Bir şərh yazın