Saat bilmirəm neçədir. Amma onu bilirəm ki, iftardan sonradır. İlahiyyat məscidinin həyətində oturub yatsı namazının azanını gözləyirəm. Bu əsnada həyətdə samovar iyi burnuma vurdu. Məndən bir az aralıda çay dəmlənib, hər kəsi çağırırdılar. Mən də çayımı alıb, bir küncdə oturmuşam.
Sanki buludların üzərindəyəm. Sonuncu dəfə nə zaman belə hiss etmişəm bilmirəm. Bura əslində dostlarla gəlmişəm. Mamed və Mirsadiq çantalarını maşına qoymaq üçün gediblər. Tamerlan da gec gəldiyi üçün iftardan sonra axşam namazını qılmaq üçün məscidə qalxdı. Yəni hər şey sanki burda tək oturmağım üçün oldu.
Həyatımda bəlkə də ilk dəfə bu qədər dərin bir hüzur hiss edirəm. Hardan necə gəldi bilmirəm. Problemlər, narahatlıqlar, fiziki və zehni yorğunluq. Heç biri aktual deyil. Sadəcə olduğum anın içindəyəm. Əlimdəki çaya baxıram. Soyumasını gözləyirəm. Çayı götürəndə təklif olunan meyvə qurusunu yeyirəm. İlahi indiyə qədər sanki ilk dəfə belə dadlı meyvə yeyirəm. Mənə nə olub, bu nədir?
Yanımda oturanlardan biri yaxınlaşdı. Yenidən meyvə qurusu təklif elədi. Dedim “var, Allah razı olsun.” Sonra sağ tərəfdən biri yaxınlaşdı. Artıq çayımı qurtumlayıram. Soruşdu ki, “siz Murad Akifsoysunuz?” dedim bəli. Bir anlıq suizənn elədim. Fikirləşdim,ikinci sualı olacaq ki, “sizə bir sual verə bilərəm?” çox şükür elə olmadı. Dedi, “Facebookdan yazılarımı oxuyuram, Allah razı olsun sizdən” mən də təşəkkür elədim. Söhbət bitdi.
Deyə bilərsiniz ki, “bir-iki yazı yazmısan deyə özünü bir şey zənn edirsən.” Siz də mənim haqqımda suizənn etmiş olarsınız. Suallardan heç vaxt qaçmıram. Sadəcə iftardan sonra, bu xüsusi anı kiminsə pozmağını heç istəməzdim. İftar demişkən, bu gün dostlarla fərqli bir məkanda iftar üçün sözləşmişdik. Amma, məsciddən çıxanda hazır iftar süfrəsində tapdım özümü. Dostlarla bərabər. Həyatımda ilk dəfə belə bir yerdə iftar edirəm. Bir tərəfdən maraqlı gəlib həmişə. Digər tərəfdən də hər zaman qaçmışam bundan. Çünki ehtiyacı olanlar hər zaman var. Ancaq dəvət edən adam zəif nöqtəmizdən vurdu. “İsraf olacaq yoxsa.”
Neçə gündür, orda keçirdiyim hisslərin adını qoymağa çalışıram. Dini terminlərlə bunun adı xüşu olardı. Amma müasir ədəbiyyatda bu hüzura yaxındır. Amma xüşu daha dərin bir anlayışdır. Hüzurlu istənilən halda hiss edə bilərsən. Xüşu isə qulun Allahla dərin kontaktı deməkdir. Yəni tək öz içinə enib sakitləşmirsən. Eyni zamanda Allaha da yaxın hiss edirsən özünü.
Hər şeyin nə qədər sıradan mənasız olduğunu da hiss elədim. Gündəlik qayğıların əslində, nə qədər əhəmiyyətsiz, təşvişlərin nə qədər şişirdilmiş, düşüncələrin nə qədər realistlikdən uzaq olduğunu hiss elədim. İnsan özü ilə olmadıqdan sonra yaşadığı, etdiyi şeylərin başqasına heç bir xeyri yoxdur. Öz axirəti üçün iş görməyənin başqasının axirətinə kömək olmayacağı kimi, özünə yaxınlaşmayanın da kiməsə yaxınlaşması müşkül məsələdir.
Yaxınlaşdığını düşünə bilər. Amma yaxınlaşmaq müzakirə mövzusudur. Özümü görməyə başladıqca, Allaha daha yaxın olduğumu görürəm. İnsan daha həyalı, daha dürüst, daha səmimi olur. Özün özünlə barışmısan. Səhvlərini, düzlərini bilirsən. “Heç kəs ideal deyil. Sən heç deyilsən Murad” fikir o qədər hüzur verdi ki, mənə. Çiynimdə “etməli olduqlarım” adlı qovluqlar yerlərə saçıldı. Səsini belə eşitdim. Allah təfəkkür üçün şans verib. Bu da ayrı bir gözəllikdir.
Biz insanlar bir-birimizə məsafəliyik. Bəzən çox sevdiyimizdən, bəzən isə sevə bilmədiyimizdən. “Bəzən sevdiklərimizə, mən burdayam, sənin ən kiçik sıxıntında yanındayam” belə deyə bilmirik. Amma bilməsini də ümid edirik. Nə qədər narahat da olsaq, soruşa bilmirik. Hal-əhval tuta, dərdlərinə şərik ola bilmirik.
Allahla da məsafə eyni şəkildə bizi, həm narahat edir, həm də qopuq hiss etdirir. Yuxarıda insanlarla olduğu kimi burda da “KAŞ”lar bizi qarabaqara izləyir. Amma bu anda hiss etdiyim tək şey var. Bütün bunlar sadəcə imtahandır.
Hər kəsin tabe olduğu fərqli tip imtahanlar var. Allah bizi ondan uzaqlaşdıran imtahanlardan qorusun. Sevdiklərimizlə də, istəklərimizlə də bağlı nələrdə çətinlik çəkiriksə, imtahanı haqqıyla vermək, daha sonra “vəssəlam, bitdi!” demək əvəzinə növbəti imtahana hazırlıq görmək lazımdır.
İmtahanlar həyatda olduğumuzu, nəfəs aldığımızı, eyni zamanda hələ də şansımızın olduğunu göstərir. Yəni heç nə üçün gec deyil. Ramazan bitmədən tövbə etməyə, sağ ikən sevdiklərinə bunu hər hansısa bir yolla hiss etdirməyə, valideynlərinə təşəkkür etməyə, dostlarla aranı düzəltməyə. Sağ olduğumuz müddətdə hər şey mümkündür.
Xüşunun geridönüşü mənə tam da bu şəkildə oldu. Artıq azan verilir. Mən yatsı namazı üçün yuxarı qalxıram. Əvvəllər olsa bəlkə də o an bitməsin istəyərdim. Yarımsaatdan çox orda eləcə oturdum. Amma ondan sonra təravihə getmək, xüşunun davamına işarədir. Allah günahlarımızı bağışlasın, ibadətlərimizi qəbul eləsin. Amin.