Mistik Qobustan – Torağay vulkanı və Cingirdağ yürüşü

Gecə oyaq olmağıma sevinsəm də, səhər tez durmaq məcburiyyəti bu sevincimə gözyaşardan olmasa da soğan doğrayırdı bir az. Ötən yürüşdə bir az gecikmişdim. Bu dəfə də geciksəm, Toğrul pis vəziyyətdə qala bilərdi. Üstəlik yürüş iştirakçıları də 25+ nəfər idi. Bu qədər insanı gözlətmək onlara da hörmətsizlikdir.

Toğrul Cəfərov

Səhər 8 də oyandım. Ramazan ayı olduğu üçün sadəcə əlavə paltarlarımı çantaya qoyub çıxdım evdən. 8:29-da maşının yanında idim. Evdən yaxın olduğu üçün piyada getdim. Bir az yuxum da dağılmış oldu beləcə. Avtobusa çatanda Farizi gördüm. Dünən axşam danışanda gedəcəyi barədə nəsə deməmişdi. Sən demə özü də bilmirmiş. Fariz son dövrlərdə tanıdığım, diqqətimi çəkən maraqlı insanlardan biridir. Dağda tanış olan insanlarla əvvəllər hamısı ilə səmimi olurdum. İndi isə xüsusi diqqət edirəm. Fariz isə tamam fərqli cəhətləri ilə diqqətimi çəkmişdi. Danışdığı maraqlı hekayələr, bunlara qatdığı yumor, xarakterli davranışları diqqət edilməyəcək kimi deyil. Nə yaxşı ki, tanıdım deyə düşündüm. Özünə demədim təbii ki. İndi yazanda xatırladım. Heç birlikdə fotomuz belə yoxdur. Gələn yürüşdə olar inşallah.

Sonra Toğrul gəldi. Bir az gözlədik. Həmin müddətdə yenə dağ söhbətlərimizə davam elədik. Ortamda olduğuma görə, əyləncə parkında olan uşaq sevinci ilə sevinirdim. Avtobusa minəndə yataram deyə düşünmüşdüm. Amma burda yatmaq günah olardı. O qədər maraqlı marşrutlar, dağ səfərləri müzakirə olunurdu ki, Dağçılıq kursu olsa, bunlar premium dərs paketinə daxil olardı.

Yolda bizə fotoqraf Əli Rza da qoşuldu. Kadro tamamlandı. Əli ilə axşamdan danışmışdıq ki, qrupdan ayrılaq, o foto çəkəcək, mən də fərqli yerlər görəcəm. Ikimiz üçün də maraqlı bir yürüş olacaq. Çünki, qrup yavaş gedir. Tur programda isə Cingirdağın üstünə çıxış yoxdur. Biz ordan mənzərəni görmək üçün daha sürətli gedəcəyik.

İlk öncə Toğrul xırda palçıq vulkanları olan hissəyə apardı bizi, orada palçıq vulkanları haqqında məlumat verdi, aktiv xırda vulkanları göstərdi. Daha sonra bir az da avtobusla gedib, Torağay vulkanının bir neçə kilometrliyində düşdük.

Buradan ayrı gedəcəyimizi Toğrula bildirdikdən sonra yola başladıq. Günəş gah buludların arxasında gizlənir, gah da “gününüzü burnunuzdan gətirərəm haa” deyirdi. Amma günün sonunda bu dəyişikliklər sadəcə olaraq davam etdi. Nəticədə xüsusi mənzərələri görməyimizə şərait yaratdı.

Torağaya qədər insan xarakterindən, ölkədən, dünyadan hər şeydən danışıb düşündükcə müzakirələrin keyfiyyəti barəsində fikirləşirdim. Deyir, “yol yormursa, yoldaşdandır.” Əli də o yoldaşlardandır. Ara sıra mənzərə fotoları ilə bərabər mənim də fotolarımı çəkirmiş. Mən sadəcə gəzir, ya danışır, ya da mənzərələri seyr edirdim. Dağın zirvəsinə yaxın, mən də o çəkəndə xüsusi şəkildə dayanmağa çalışdım. Çox möhtəşəm fotolar çəkib. Təbiət yürüşlərində heç belə fotolarım olmamışdı.

Bayaqdan ancaq özündən danışırsan, bəs hanı Torağay vulkanı deyə bilərsiniz. Haqlısınız da. Amma bilirsiniz ki, mən səyahət yazılarımda orda gördüklərimlə bərabər orda düşündüklərimi də yazıram. Çünki mənzərələri yadda saxlamaq üçün bu xatirələrə ehtiyac var.

Qobustana ilk dəfə elə Əli ilə gəlmişdim. 3 il öncə, ciddi karantin rejimində şəhərdən qaçıb, Otman-Bozdağ palçıq vulkanına gəlmişdik. Onda günü çox möhtəşəm gün batımı ilə bitirmişdik. İndi elə şansımız yoxdur. Çünki gün uzundur.

Bu dəfəki səfərdə isə Qobustana valeh oldum. İlahi necə mistik və əzəmətlidir buralar. Dağlar, daşlar, sarı torpaq, vulkanlar. Dağa baxanda deyirsiniz bax budure, lap yaxında. Amma saatlarla gedirsiniz çatmaq bilmirsiniz. Sanki təbiət sizin qavrayışınızla oyun oynayır.

Bu boz torpaqlarda indidən bitən yaşıl otlara, vulkanın yanında formalaşan göllərə, vulkanda olan geniş qara torpağa, ordadan görünən dağlara sadəcə heyranlıqla tamaşa elədim gün ərzində.

Torağay vulkanı dünyanın ən hündür palçıq vulkanıdır. Dəniz səviyyəsindən hündürlüyü 402 metrdir. Vulkan hazırda sönmüş sayılır. Ətrafında Böyük Kənizdağ, kiçik Kənizdağ vulkanlarını, Cingirdağ və Qələndər dağlarını görə bilərsiniz.

Vulkanın zirvəsindən sonra qrupu orada qoyub, daha sürətlə Cingirdağa doğru yol aldıq. Bu dəfə bizə jurnalist Bəxtiyar bəy də qoşuldu. Yürüşü qrupla tamamlamaq üçün daha sürətli şəkildə getməyimizə ehtiyac vardı. Elə də etdik. Çox uzun məsafədə aşağı endik. Xeyli hündürlük itirdik. Amma aşağı düşdükcə dağın ətəklərində olan mənzərələri görəndə gözlərim parıldadı. Yenə Allahın fərqli möcüzələri. Sadə sarı torpağın şəkildən-şəklə keçidi və bunları həzm etməkdə aciz olan insan beyni.

Əli buralarda çox olduğuna görə, bələdçimiz o idi. Toğrulla Fariz digər qrupla gəlirdi. Əli deyəndə ki, “7 oğul istərəm” “axırıncı aşırım” filmləri burada çəkilib. Düşündüm, Abbasqulu bəy Şadlinski indiki Azərbaycanı və bizi görsə necə reaksiya verərdi. Hələ Kərbəlayi. Bu müqayisənin bura nə dəxli var deyə bilərsiniz. İnsan beyni belə bir varlıqdır. Tam da youtube playlisti kimi, siz Ludovico Einaudidən qoyarsınız musiqini, 10-cu musiqidə artıq Balabəy ilə Pərviz hövsan toyunda deyişdiyini görürsünüz. Mənim də, sizin də beyniniz hadisələr arasında əlaqələri bəzən belə mənasız tərəfdən qurur.

Tam aşağı düşdükdən sonra bir tülkü gördük. Təbii ki, bizi görən kimi ildırım sürəti ilə yox oldu. 7-ci sinifdə olanda əmimin fermasına getmişdik. Qışlaqda tülkü görmüşdük. Əmioğlu ilə birgə əlimizdə tüfəng gedib yuvanın ağzında dayandıq. 10 dəqiqə sonra 5-6 km uzaqlıqdakı başqa yuvadan çıxıb qaçdı. Çobanlar da bizə baxıb gülmüşdü. Həmin an o tülkünü xatırladım yenə.

Sonra vəhşi atlar. Bu atları da Əlinin öncəki səfərində çəkdiyi fotolarında görmüşdüm. Bu dəfə çox yaxınlarına qədər gedə bildik. Amma tam yaxınlaşa bilmədik. Sürünü idarə edən at, davamlı atları bizdən qorudu.

Daha sonra Cingirdağın ətəyindəki qəbristanlığa baxdıq. Bir az istirahət edib, günorta namazımı qıldım. İndi Dağa çıxmağa hazırıq.

Ətəkləri sərt olduğunundan nisbətən uyğun olan bir yerdən qalxmağa başladıq. Ziq-zaq qalxsaq daha asan olardı. Ancaq elə bir şansımız yoxdur. Buradakı daşların bolluğu və estetik şəkildə düzülüşü çox möhtəşəm görünürdü. Təəssüf ki, fotolar bunu tam ötürə bilmir. Burada minilliklər öncə insanların yaşadığını, ovla məşğul olduğunu düşünəndə adamın tükləri biz-biz olur.

Burda həm foto çəkəcək, həm də foto çəkdirəcək çox möhtəşəm yerlər tapdım. Hamısı dəyərləndirdim. Ordan görünən mənzərələrə tamaşa edəndə, 2 gün çadırla, ərzaqla gəlib burda qalmağı düşündüm. Mobil şəbəkə də işləmir zatən. Tam istirahət. Amma sabah işdəyəm.

Cingirdağı hər daşını analiz edərək gəzdik. Uzaqdan qəbristanlıq tərəfə gələn kiçik qrupları görürdük. Ona görə yavaş-yavaş biz də aşağı enməyə qərar verdik. Burada da, dağın ətəyində çox gözəl bir aralıq vardı. Hansı ki, dağla yanındakı təpənin arasında gizlənmişdi sanki.

Aşağı düşəndən 5 dəqiqə sonra qrupda gəldi bizə çatdı. Cingirdağın aşağısından yürüşümüzə davam edib, Qaval daşının olduğu yerə gəldik. Buradan dağın görüntüsü tamam fərqli görünür. Növbəti dəfə gələndə bir az daha çox vaxt keçirəcəm burada. Çünki açılan mənzərələrlə gün batımını izləmək çox maraqlı olacaq.

Qaval daşını test edib, bir az da köhnə qaya rəsmlərinə baxdıqdan sonra yavaş-yavaş avtobusa doğru getdim. Artıq yorğunam. Qəşəng yuxum gəlir. Gecə məndən qaçan yuxum, indi vaxtsız bir şəraitdə mənə gəlib. Avtobusda süst şəkildə evə çatıb yorğun halda özümü yatağa atmaqdan başqa heç nə istəmirdim. Ancaq Fariz iftara dəvət elədi.

Toğrul, mən, Fariz, Əli Sahil qəsəbəsində avtobusdan düşdük. Qəsəbə məscidində ikindi namazını qıldıqdan sonra, restorana getdik. Restorana çatanda Xanlar bəy də artıq gəlib çatmışdı. Dünən bir başqa dost qrupumla iftarda idim. Bu gün isə, tamam başqa dostlarla. İftarı açana qədər yorğun halım davam elədi. Ta ki, yemək arası gedib, soyuq su ilə dəstəmaz alana qədər.

Axşam evə gələndə Fariz yolda düşdü avtobusdan. Toğrulla mən 28-ə qədər gəldik. Metrostansiyanın girişində ayrıldı. Mən avtobusa, o metroya. Çox möhtəşəm gün və təşkilatçılıq üçün Toğrula ordaca təşəkkür elədim. Toğrulla bərabər Fariz və Əliyə də günümü çox xüsusi etdikləri üçün təşəkkür edirəm. Belə insanlarla ünsiyyət, yol yoldaşı olmaq həqiqətən çox böyük nemətdir.

Ruhum dincəlmiş, ürəyim yeni yerlər kəşf etməyin sevincini yaşayaraq evə döndüm. Tək narazı olan ayaqlarım idi. Onlar da, evə çatandan sonra vəziyyətlə barışdı.

Bu günki möhtəşəm səfərin təşkili və bizə sərbəst gəzmək imkanı tanıdığı üçün Toğrula, yol yoldaşım, fotoqrafım və bələdçim Əli Rzaya, təşkilatçılıq və xüsusi iftar üçün Farizə təşəkkür edirəm. Allah sizdən razı olsun. Bu qədər yazdığım yazının formalaşmasında, hər hər hərfində əməyiniz var. Bu günlük bu qədər. Növbəti səfərlərdə oxunanadək.

Bir şərh yazın