Psixologiya pislikləri leqallaşdırır?

“Psixologiya çıxdı, mərdlik pozuldu”
“Psixologiya pisliklərə haqq qazandırır”
“Hər kəs öz pis xislətinə bir xəstəlik adı qoyub”

Son dövrlərdə bu tərzdə yazı və başlıqları tez-tez görürəm. Əksər lazımlı şeylər kimi Psixologiya da ölkəmizdə, yanlış şəkildə mənimsənilir. “Psixoloqlar adamın beynini oxuyur”, “61 saniyədə insan tanımaq”, “Psixoloqun özünün psixoloqa ehtiyacı varsa o necə psixoloqdur?” tərzində yanaşmalar məsələyə ağ-qara baxdığımızın göstəricisidir.

Əslində isə Psixologiya insan inkişafını, hamiləlik dövründən etibarən, ölümünə qədər izləyən, orada baş verən prosesləri, həm fərdin daxili, həm sosial-iqtisadi, mədəni və irsi əsaslarla analiz edib, yardım təklif edən sağlamlıq xidmətidir. Cümlə uzun və qarışıqdır. Psixologiya da, eynən bu cümlədən daha qarışıq və dərindir. İnstagramda gördüyümüz reels videolarındakı kimi narsist analizi ilə məşğul deyilik. Hər hansı məsələ ilə bağlı fikir bildirərkən onun bütün sferalarda doğru olmasına diqqət etməyimiz lazımdır.

Misal üçün Psixologiyanın məşhurlaşması ilə, bütün oğlan uşaqlarına “hiperaktiv” diaqnozu qoyulur. Hansı ki, hərəkət etməyən oğlan uşaqlarına görə narahat olmaq lazımdır. Hərəkət edənlər üçün yox. Özü də mütəxəssislər tərəfindən yox, valideynlər, müəllimlər, qonşu xalalar, babalar tərəfindən. Uşağın hərəkətsiz qalmasını kim istəmirsə onlar yəni. Eyni adlandırmanı Psixologiya üçün də edirlər. Halbuki diaqnozu qoymaq üçün mütəxəssis olmaq, bununla bərabər şəxsin o diaqnozun əsas və köməkçi simptomlarını göstərməsi lazımdır.

Son olaraq Psixologiya bizə səbəb və nəticələri göstərir. Ancaq davranışları edən biz insanlarıq. Hər davranış isə bir seçimdir. Yəni etdiyimiz hər davranışın məsuliyyəti bizdədir. Əgər siz davranışlarınızın məsuliyyətini dərk edib qəbul etmək istəmiriksə, hər zaman belə bəhanələrə sığınmaq məcburiyyətində qalacağıq Psixologiya isə bizə terapiya ilə həyatımızı  idarə etdiyimiz, bizə uyğun bir həyat üçün dəstək təklif  edir. Təbii ki, məsuliyyətini qəbul ediriksə.

Bir şərh yazın