Təhsilin əlçatan olması bərabərində imtahan anlayışını da gündəlik qida rasionumuza daxil edib. Hər gün kimsə imtahan verir, kimisi kəsilir, kimisi balı az oldu deyə, kəsilənlərin onu sakitləşdirməsini gözləyir, digər kəsim isə bu imtahanlardan keçməyini şad-xürrəm qeyd edir. Daha fərqli bir kəsim də var ki, onlar verdikləri imtahanı o qədər də düşünmür. Ona görə nə ona görə ağlayır nə də özlərini sevinmə haqqı görürlər.
Azərbaycanlılar olaraq imtahan mövzusu İslamın ölkəmizdə yayılması ilə bərabər ciddi bir mövzu olaraq həyatımıza daxil olmuşdu. Ancaq bu ciddiyəti, təhsil və digər məsələlərlə bağlı kiçik imtahanlara ötürmüşük sanki. Yəni Allahın imtahanı ilə qullarının bizə olan imtahanını qarışdırmışıq. Hətta bir çox hallarda qulların qarşısında əl-ayağımız daha çox dolaşır.
İslam bir həyat tərzi olduğu üçün, imtahanı da bu həyatın bir parçası olaraq görür. Qul nə qədər çox imtahan edilirsə, imtahanı təqvası və Allaha olan inancı ilə keçməyə çalışırsa, Allah qatında dərəcəsi o qədər yüksəlir. Ancaq bizim hər il verdiyimiz bu imtahanlar bizim dərəcələrimizə hansı şəkildə təsir edir? Təbii ki, həyat standartları və daxili mənimizlə bağlı olan dərəcəni soruşuram. Yoxsa bunlar hamısı dil mərkəzlərinin bizi soymaqları üçün azad gələcək nağılları ilə satdığı bir məhsuldur?
Bu imtahanlara nə qədər həyəcanlanırıq. Hər gün hər saat. Gecələr yuxularımız ərşə çəkilir. Səhərlər baş ağrıları və halsızlıqlar. Hazırlıq prosesində imtina etdiyimiz amma əslində davam edən həyat.
Yuxarıda dediyim kimi biz imtahan sözünü eşidən kimi əlimiz-ayağımız dolaşır bir-birinə. Sonra psixoloqlara gedirik ki, sən canı buna bir çarə tap. Valideynlərimiz də, bu işdə yanğına közlə gedirlər. İmkanlı olanlar benzinlə. İmtahan vaxtı nəfəs almaq və dərs oxumaq xaricində hər şey qadağandır. “Sonra da bu oğlan niyə evlənmir, münasibətləri niyə alınmır?”, “Bu qız niyə özünə iş tapa bilmir?” “Bu uşaq niyə insanlarla ünsiyyət qura bilmir?”kimi cavablarının da özlərində olduğu suallar verirlər.
Cavabı isə elə o an yaşanmayan həyatlarıdır. Vaxtında formalaşmayan bacarıqlar, sonrakı mərhələdə əksiklik olaraq həyatımızda qalıcı iz buraxır.
İmtahan bir andır. Həyatımızın bir anı. Nə sevdiklərinizi, nə uşaqlarınızı, nə dostlarınızı bu imtahanın nəticələri ilə mühakimə etməyin. Çünki, sabah sizin hansı imtahanla üz-üzə qalacağınız bəlli deyil. Sizin ondan aşırı gözləntiləriniz, onları sadəcə həyəcanlandırır. Sonra isə imtahanda beyninin donmasına səbəb olur. Gəlin onları bu həyəcandan qurtaraq. İcazə verək istədikləri kimi hazırlaşsınlar. Çünki bu onların imtahanıdır.
Biz isə öz imtahanımıza baxaq. Ailəmizlə, iş yoldaşımızla, həyatla, Bakı ilə olan imtahanımıza. Bəlkə vaxt tapsaq əsas imtahanımız olacaq ölümə.
Ölümdən baxanda etdiyimiz nə qədər şey dəyərli olaraq qalır? Əgər bu suala ciddi bir cavabınız yoxdursa, insanların həyəcanlarına, öz həyəcanınıza yenidən baxın. Çünki, ehtiyacınız olmayan şeylər üçün həyəcanlanmaqda ola bilərsiniz.