İkiüzlü Bakı – şəhərin görünən, baxılmayan yerlərinə yürüş

Səhər 8:37. Dik atıldım yerimdən. Dedim vəssalam. Gecikdim. Çünki Toğrul demişdi ki, 8:45 toplanışdır. Mən isə bundan 8 dəqiqə öncə hələ də yerimdəyəm. Zəng elədim. O da həmin vaxt çıxırmış. Bir az rahatladım. Çantanı yığıb taksini sifariş elədim.

Onlar mən çatmadan yürüşə başlamışdılar. Mən İçərişəhər metrosundan üzü prezident aparatına tərəf, Toğrulun atdığı canlı məkanı izləməklə BMT binasının yanında onlara çatdım. Pəəəəhhh nə görsəm yaxşıdır. Toğrulla bərabər fotoqraf Əli Rza və Geoloq İlqar Cəfərov. İçimdə dedim ki, “bu gün qəşəng gün olacaq.”

Şəhidlər məscidinin yanından keçib, şəhidlər xiyabanı ilə yuxarı qalxdıq. Oradan ara cığırlarla Teleqüllənin yaxınına qədər irəlilədik. Bu müddət ərzində Əli yenə öz ampluasında, başına gələn sərgüzəştlərdən danışır, Toğrul məkanla bağlı məlumat verir, İlqar ara-bir söhbətlərə qoşulur, tanımadığım 3 oğlan isə heç yadlıq çəkmədən, sanki illərdir tanışıq kimi yollarına davam edirdilər.

Bu yürüşdə hər dəfə arxaya baxanda teleqülləni fərqli rakurslardan görməyim xoşuma gəlirdi. Açığı içindən baxanda ətrafını bu qədər maraqlı hiss etməmişdim. İndi ətrafında gəzirəm, sanki heç kəsin görmədiyi şeyləri görürəm. Hansı ki, bunları öncədən də görmə şansım var idi.

Bayıl və 20-ci sahənin üzəri ilə davam etdiyimiz yolda hər 3 evdən ikisinin qırmızı rəngli dam örtüyünə təəccüblənməklə keçirdim. Bir tərəfdən ahəng olması mükəmməlliyətçi tərəfimi oxşayır. Digər tərəfdən də, səbəbini düşünürdüm. Uşaqlar isə öz aralarında yenə nəyisə müzakirə edirdilər. Həə, deyəcəksiz ki, “tanış adamları görüb sevinirdin. Bir yerdən sonra yenə öz dümyana çəkilmisən.” Mənim üçün yürüşlərin əsas məqsədi özümlə qala bilməkdir. Xüsusi maneələr olduğuna görə, beyin sadəcə indiki ana fokuslanır. Planlı şəkildə beynin sağqalma rejimini aktivləşdiririk. Daha sonra isə bu anda qalma bir vərdişə çevrilir. Səfər boyunca rahat olan yerlərdə də, beynimdəki digər şeyləri daha aydın şəkildə düşünə bilirəm.

Maneələr demişkən, Bayıl və Badamdarda tikilən yeknəsəq və heç bir estetikası və arxitekturası olmayan villalar, demək olar ki, piyada yoluna ən böyük əngəldir. Nəzərə alsaq ki, ərazi həm də sürüşmə zonasıdır. Yaşıllaşdırma işləri buna görə aparılıb. İnsanların lüks adına həyatlarını təhlükəyə atmaqları çox qəribə gəldi mənə. Bununla bərabər utanmadan öz zibillərini də bu yaşıllaşdırılan ərazilərə atmağa utanmayıblar heç.

Bununla belə, yoldan açılan mənzərə nəyə desən dəyər. İstər qayalıqlar, istər yaşıllıqlar, istərsə də sirrini bir şəkildə tapa bilmədiyim qırmızı dam örtükləri fonunda görünən dəniz kefimi açmaq üçün yetərlidir.

Sevindirən ikinci məqam isə, vaxt keçdikcə ayaqların deyinməyə başlaması idi. Çünki bu mənə səfərdə olduğumu, sevdiyim işlərdən birini gördüyümü xatırladır. Bazardüzünə, Qızılqayaya, Samalitə, Xalaxeyə eyni anda gedib gəlirəm beynimdə.

Bibiheybətə çatmamış Toğrul fasilə elan elədi. Onsuzda planlanandan daha sürətli gedirdik. Ona görə hündür və rahat olan bir yerdə oturub mənzərənin dadını çıxardıq. Oruc olmayan yoldaşlar da nahar etmək fürsəti tapdılar. Hava xəfif küləkli, buludlu olduğu üçün, tam gəziləcək ortam vardı. Doğru zamanda, doğru yerdə olduğumu hiss edirəm.

Daha sonra 30 dəqiqə qədər davam etdikdən sonra Bibiheybət mayakanı gördük. Buradan şəhərə giriş-çıxış edən hər şey görünür. Yazda gəlib burda çadırda qalmaq olar. Səhər tezdən gün şüaları ilə saralan dənizi görmək çox xüsusi olar. Təbii ki, yatıb qalmasam onda da.

Buradan baxanda bir tərəfdə köhnə dəniz limanı, yenə hikmətini tapa bilmədiyim qırmızı dam örtükləri, bu dəfə Bibiheybət evləri üzərində gözəl mənzərə olaraq qaeşıma çıxır. Bibiheybətin içində gəzsəm də, məscidin də olmaq qismət olmamışdı. Üstəlik günorta namazının da vaxtıdır.

Bibiheybətə düşəndə, Əli ilə həyatdan və onun sonu olan, içindən keçdiyimiz qəbristanlıqlar barədə danışırdıq. Qəbir daşları üzərindəki fotoların ötürdüyü auralar, həyatımızın qaçılmaz olaraq burada bitməsi hüzünlü deyil, olmalı olan bir gerçək kimi təsir edir mənə.

Gün ərzində nə qədər fərqli düşüncə və hisslərim olsa da, əsas hiss etdiklərim hüzur və maraq idi. Qəbristanlıqdan məscidə düşəndə yaxşı ki, bu gün gəldim dedim içimdə. İndi qalır dəstəmaz almaq, namaz qılmaq və yola davam etmək.

Dəstəmaz üçün girəndə Toğrul dedi ki, “Nə gözəl, isti su da var”. İndiyə qədər dəstəmaz aldığım yerlərdə isti su ilə qarşılaşmamışam. Ya da, isti tərəfini yoxlamaq ağlıma gəlməyib. Nəticə etibarilə, yorğun ayaqlar və bədən üçün kiçik bir istirahət oldu həm də.

Məscidin içi maraqlı şəkildə bölünmüşdü. Xeyli qadın və kişi ortadakı türbə tərzi yerin ətrafında toplanmış, kim isə də ucadan Yasin surəsi oxuyurdu. Daha sonra solumda qapıdan içəridə, kişilərin namaz qıldığını gördüm. Öncə gözucu ətrafı analiz elədim. Namazdan sonra isə bir iki foto çəkib çıxdım məsciddən.

Bu gün həm də Bakıda nə qədər maraqlı yerlərin olduğunu, bunları nə üçün gəzmədiyim barədə düşündüm. Tipik şəhər əhalisi kimi, sadəcə standart yerlərə gedir, standart şeyləri edirmişəm. Rutindən çıxmayanda insan analiz qabiliyyəti zəifləyir. Ona görə çalışım tez-tez səfərlərə çıxım. Bu günlük bu qədər. Növbəti ətalətdən çıxışıma qədər. Xüsusi marşrut üçün Toğrula xüsusi təşəkkür edirəm. Növbəti səfərlərdə oxunanadək

Bir şərh yazın