Saat 9 dur. Axşamın qaranlığı və bədbinliyi ilə bərabər bir neçə gün işdən gec çıxmağın yorğunluğu fonunda yağan yağış təkcə binaların, yolların yox, həm də mənim yorğun, bezgin düşüncələrimin üstünə də yağır. Qulağımda son səs Linkin Parkın “ın the end” mahnısı oxuyur. Zaqatalada doğulan bir Saxurun Bakıda roka qulaq asaraq yağışda islanması bir neçə saniyəlik özümə qəribə gəlsə də, olduğum əhval diqqətimi özünə çəkməyi bacarır.
Köklərindən qopmuş insan övladı “Barbi” şəhərciydə yaşayan qaqaşlar kimidir. Hər şey sünidir. Amma heç bir şeyi dəyişə bilmir. Biləcərini keçməyi bacaranlar da Ərəfada qalırlar. Nə çöldə qala bilir, nə də içəridə hüzurlu ola bilir. Kənara çıxdığı anda cəmiyyətin boz hissəsindən fərqli olması ilə bağlı, özünə verdiyi təskinliyin də son istifadə tarixi çox tez bitir. Özü də qaçmaq istədiyi kütlədən bir nəfərə çevrilir. Hər nə qədər fərqli düşünsə də, uşaqlıq travmaları, yaşadığı ailə mühiti, ənənəçi-xurafatçı yaşlı nəsil, sağlam yuxu və yemək vərdişlərinin olmaması psixologiyasını ümumiyyətlə alt-üst edir. Üstəlik bunları toparlamaq üçün nə dəstəyi, nə də imkanı var. Ya da elə hiss edir. Depressiyası ilə barışsa da, gün keçdikcə dibə doğru düşüşünü heç bir şəkildə əngəlləyə bilmir. İnsanlar isə, “gör insanlar nə ilə əlləşir, sənin dərd elədiyin şeyə bax”, “yaxşı olacaq, ürəyini sıxma” tərzində heç bir işə yaramayan ifadələrlə onu yola verməkdədirlər. Bu da onu əlavə olaraq incidir. Bir dəfə yeniyetmələrdən biri bu vəziyyəti çox gözəl şəkildə izah etmişdi “Hər kəs məsləhət verir, amma heç kim yardım etmir.” Bəli Azərbaycan mühitində bilgili olmaq nəsə bilirmiş kimi davranmaq üçün hamıya Dədə Qorqud kimi məsləhət verməlisən. Amma bütün bunlar ona boş və mənasız gəlir. Əksəriyyəti sorğulanmamış, sorğulansa ilk anda darmadağın olacaq bu fikirlər sadəcə çox adam əzbəri sayəsində ayaqda qalır. Bədən ağrıların, içində hiss etdiyi acılarının basdırdığı bir məqamda sadəcə bütün bunlardan qurtulmaq fikri gəlir. Sonra bu fikir nə qədər qəbuledilməz olsa da, beyin qaçmağa çalışdığı üçün, acılardan qaçış olaraq həyatını bitirməyi ən məntiqli yolmuş kimi ona təqdim edir. Sanki psixoterapiya heç inkişaf etməyib, sanki heç bu xəstəliyin həlli yox imiş kimi beyin ona nəqarət olaraq intihar formalarını fotoalbom kimi təqdim edir. Karl Qustav Yung əmimiz isə deyir ki, depressiya hər zaman həyatdan bezginlik yox, çox zaman onun özünə dönməsi üçün lazım olan düşüşdür. Düşüş demişkən elə bir düşüş yoxdur ki, son nöqtəsi olmasın. Çünki biz yerin cazibəsinə məhkum canlılarıq. Üstəlik hər dibdə ən son nöqtədən sonra gedəcəyin tək yer yuxarıdır. Hansı sürətlə düşmüsənsə elə sürətlə də yuxarı qayıtmağa başlayır.
İndi səndə ən sonda olduğunu hiss edə bilərsən. Bütün bunlar gerçək də ola bilər, yaxud depressiyanın göstərdiyi çarpdırılmış məlumatlar da ola bilər. Əsas məsələ bunlardan qurtulmaq mümkündür. Bəli mümkündür. Bu bir psixoloqun sizə verdiyi söz deyil. Psixoterapiya istiqamətlərinin illərlə aparılmış araşdırma və yardım proqramları əsasında olan faktdır. Ancaq sən indi vaz keçsən heç kim sənə yardım edə bilməyəcək. Yox əgər filminin ssenarisini daha fərqli rənglərlə yazmaq istəyirsənsə əlimizdən tutmağın yetərlidir. Həyatdan, yaşamaqdan küsməyə başladığın anda arzuladıqların, alınmayacağını düşündüyün bir çox şeyi yaşayıb ömrünü tamamlamaq da mümkündür. Hər il dünyada minlərlə insan bu problemdən bir dəfəlik qurtulur. O minlərdən biri sən olsan dünya daha gözəl bir yer olacaq. Hər kəsin dünyaya gəliş səbəbi var. Sənin də indi bəlli olmasa da özünü tapacağın yerlər mütləq ki olacaq. Sadəcə olaraq yuxarı bax. Keçmişin sənə tutduğu aynadan daha çoxudur bu həyat. Tənqidi düşüncələrinin sənə dedikərindən daha çoxusan. Bacarıqsız, yetərsiz, uğursuz, sevilməyə layiq olmayan biri heç deyilsən. Sadəcə keçmiş aynan beynini asan olana yönəlməyə məcbur edir. Sən keçmişindən ibarət deyilsən. Gələcəkdəki sənə ehtiyacımız var. Bizimlə qal, özünlə qal. Hər dəqiqə bizə verilən hədiyyədir. Gəl bu hədiyyəni arzularımız üçün xərcləyək.
Artıq həyatını intihar edərək bitirən Linkin Parkın solistinin səsi qulağımda sadəcə olaraq küydən ibarət idi. Mən isə, aşacağım dağları, yazacağım kitabları, öyrənəcəyim bilgiləri, yaşayacağım maraqlı hadisələri düşünərək çoxdan bayaqkı yorğunluqlarımı unutmuşdum. İndi durmaq yox davam etmək vaxtıdır. İlk növbədə özüm üçün. Gələcəyimiz bizi gözləyir. Onu çox gözlətməyək. Bəli, “in the end” (sonunda) biz yaşamağa, qurub yaratmağa davam edəcəyik. Biz sonu qeyri-müəyyən vaxta qədər ertələyirik.