Qeyri-adi ölüm?

Yarım saat olar, bloq üçün posterim hazırdır. Özümü aldadıram ki, güya mövzunu beynimdə birləşdirirəm. Açığı hamısı dünən axşamdan hazırdır. Amma bir az cəsarətim çatmırdı yazmağa. Arada insan olduğumu xatırlamaq yaxşı təsir edir adama. Mən də özümü insan olduğumu hiss etdiyim an başladım yazmağa.

İnsan olmaq demişkən, biz bəni-Adəmlər (bəni ərəbcə övlad deməkdir) özümüz haqqında hər zaman yüksək fikirdə olan canlılarıq. Taa ki, bu canlılığımız sona çatana qədər. Fəlsəfə, min illərdir bu mövzu üzərində baş sındırır. Ancaq ortaya qoyulan nəticələr, elə o sınıq başlardır. Niyə var axı bu ölüm? Biz niyə ölməliyik ümumiyyətlə? İnsan nəfsinə həqiqətən ağır gəlir həə? İndi bildiz niyə ağzımı açmağa qorxurdum? Nə isə, yenə özümü dürtdüm mövzuya.

Bu günə qədər fərqli dinlər, fərqli fəlsəfi cərəyanlar bu məsələyə aydınlıq gətirməyə çalışıblar. Ancaq insan nəfsi heç biri ilə hesablaşmaq istəmir. Misal üçün bizim coğrafiyamızda İslam dini ən geniş yayılmış dindir. Kütlə nə qədər Xurafatları da dinə qatmağa çalışsa da, din öz təmizliyini saxlayır. Həə, ölümün İslamdakı yeri, sadəcə olaraq keçid halı olmasıdır. Yəni, universitetdən iş həyatına keçid kimi. Sadəcə bu keçid bir hesabat, eyni zamanda yığdığın hər şeyi burda qoymağı tələb edir.

Elmi tədqiqatlarda isə, ölüm sadəcə həyatın bitişini elan edən son aktdır. Elmə maraqlı olan ölümdən sonra ruha nə olduğu yox, bədənin necə çürüdüyüdür. Elə düşmüşkən sualımı da verim. Özünüzü 2 metr dərinlikdə çürüyən yerdə təsəvvür edə bilirsiniz? Mən arada çalışıram. İndi də tüklərim biz-biz oldu.

Ölümlə bağlı digər məsələmiz isə özümüzlə bağlı olan yüksək gözləntilərin şirinliyinə qapılmağımızla bağlıdır. Yaponiyanı bir az araşdıranda görəcəksiniz ki, şəhərin ortasında fərqli-fərqli yerlərdə qəbrlər var. Onlar davamlı bunu xatırlamağa çalışırlar. Bakı və Abşeron yarımadasında da, istər Şəhidlər xiyabanı, Yasamal qəbristanlığı, istər Xırdalan istər Sarayda olsun qəbristanlıqlar yüksək təpələrdədir. Yəni yaxınlıqda hər yerdən görünür. Bu çox xüsusi bir məsələdir. Insan hər yerdə sonunu xatırlayır.

Kefinizə soğan doğradım bilirəm. Amma axırına kimi buna dəydiyini görəcəksiniz. Gün ərzində o qədər tasklarımız var. Ora qaç, bura çat deyəndə axşam bitkin formada evə çatırıq. Səhər tezdən yenə özümüzü çapmaq üçün istirahət edirik. Onda da mənim kimi biri sizə belə yazı göndərib əhvalınızı korlayır.

Hər şeyə vaxtımız var. Əylənməyə, dostlarla görüşməyə, müdirə işi izah etməyə, yemək yeməyə, yatmağa. Amma həyatımızın mənasını sorğulamaq ağlımızın ucundan belə keçmir. Çünki həyatımızı sorğuladığımız anda ilk gördüyümüz şey ölüm olur. Vəssəlam. Hüseyn Bolt kimi söhbətdən qaçırıq. Halbuki, bu həm də həyatı mənalı edən, hər anı keyfiyyətli və gözəl şəkildə yaşamağa yönləndirən bələdçi ola bilər. Ölümü qəbul etmək həyatda baş verən hadisələrə xüsusi və aşırı məna yükləməyimizin qarşısını alır. Müasir dövrdə insanların ən çox əziyyət çəkdiyi məsələ stressdir. Bu stress eyni zamanda yüksək gözləntilərin nəticəsidir. Biabır olacam, yenə alınmayacaq. Bu gün mən ölsəm bu stresslərin heç bir mənası qalmayacaq. Sabah çatdıracağım işləri, mən öldükdən sonra heç kimin vecinə olmayacaq. Zatən önəmli deyildi. Onları yük halına gətirən elə özüm idim.

Bir dayan, əl saxla. Bax gör hara gedirsən? Niyə gedirsən? Rahat gedirsən yoxsa, sən də 70 il yaşayacağının sözünü almış kimi davrananlardansan? Kimin harda necə öləcəyini heç bir insan bilmir. Bilməyəcək də. Allah bizi belə yaradıb. Limitli olduğumuzu qəbul etməyimiz nəfsimizə ağır gəlir. Filankəsdən daha yaxşı olacam. Filan şeyin ən yaxşısını mən edəcəm. Niyə? Heç kim səndən bunu istəmir. Həyat bir marafon deyil. Sonda sənə zeytun budaqlı çələng taxmayacaqlar. 2 metr ağ bezə büküb, aparıb basdıracaqlar. Özləri də gəlib, aşın qarası niyə azdır deyə, ehsan sahibinin gözünü çıxaracaqlar.

Həyat indiki andır. Keçmiş artıq keçdi. Onu canlı tutan tək şey bizim beynimizin yada salma ilə əlaqədar çalışan hissəsidir. Yaş keçdikcə, aldığınız informasiya çoxaldıqca qəşəng xatirələr də unudulur. Biz də unudulacağıq. Unudacaqlar. Necəki biz unutduq. Kimlər unudulmadı ki?

Koronadan sonra, “ölüm də adiləşib” deməyə başladı insanlar. Sonra müharibə, ardınca xəstəliklərlə bərabər insanlar bu sözü artıq gündəlik istifadə edirlər. Bir də gülməli gələn ani ölüm söz birləşməsidir. Ölümün xəbər verib gələni yoxdur ki. Hər kəs son nəfəsinə qədər ölməyəcəyini düşünür. Buna inanır. İnanmaq məcburiyyətindədir. Yoxsa, şüurunu belə itirə bilər. Cansız bütün nemətlərdən məhrum qalmaq çox ağır gəlir. Axşam yatanda duracağımızı, nələr edəcəyimizi düşünürük. Amma bu cəmi yüzdə əllilik bir ehtimaldır. Digər 50 faiz gələcək ehtimalda biz ölüyük. Bu hər zaman ən yaxın və gerçək ehtimaldır.

Ölümü qəbul etmək kibirimizi də yox edir. Küsdüyünüz dostunuzdan halallıq almağınıza mane olan da kibrinizdir. Yarım saat sonra öləcəyinizi bilsəz, ilk ona zəng edərsiniz amma. İnsanlarla nə qədər sorğular aparılıb. Son 24 saatınızı necə keçirmək istərdiniz deyə. Hamısı çox möhtəşəm şeylər deyib. Amma 90 faizi bunu elə orda unudub. Digərləri də, eləmədən dünyadan köçüb. İndi sizə də eyni sualı verirəm? Son 48 saatın qalsaydı, indikindən fərqli olaraq nə edərdin? Arada adam verdiyi cavabları görəndə özündən utanır. Amma üzüləcək şey utanmaq deyil. Bunları etmədən getməkdir. Çünki ölüm qeyri-adi deyil. Əksinə çox adidir. Şah damarımızdan da yaxın. Bizi nə vaxt yaxalacağını isə bir Allah bilir.

Mən son istəklərimdən birini elədim. Gecənin bir aləmi oturub ağlımdakıları yazıya tökürəm. Sevdiklərimə vaxt ayırmağı da unutmamışam bu gün. Amma səmimi olsam, özüm üçün edəcəyim çox şeyi də etməmişəm. Gedim özüm də onlardan gücüm çatanı edim. Həyat planladıqlarınla, o planlanmamışlar arasında qalan bir vaxtdır. Siz də, özünüzə, sevdiklərinizə vaxt ayırmaq üçün kiminsə sizə taymer qoymasını gözləmirsiniz yəqin ki. Çünki sabah düşünmək istəmədiyiniz 50 faiz sizi də yaxalaya bilər. Haqqınızı halal edin. Yaşasaq, davamını da oxuyacaqsız inşallah.

Bir şərh yazın