Müasir dövrdə şəhər həyatı həyatlarını rəngarəng yaşamaq istəyən uşaqlar üçün həm imkan bolluğudur, həm də limitlər çoxluğu. Təsəvvür elə, yayda üzgüçülük ayrı, dəniz ayrı, dostlarla əyləncələr ayrı, futbol və rəqs ayrı, və bu qəbildən olan nə qədər fəaliyyətlə məşğul olursan. Tam 3 ay. Sonra isə məktəbə gedirsən. Müəllim üstünə qışqırır ki, düz otur, yay tapşırıqların hanı? Dərsdə niyə danışırsan? Yayda sadəcə yatmısan?! Həə bu arada tətildə həm də kefin istədiyin vaxt yatıb, istədiyin vaxt durursan. Məktəb başlayandan isə 9 da yerində olmalısan ki, səhər 7 də oyana biləsən.
İndidən artıq yorğunsan. Nə yuxun yuxu deyil, nə oyaq olanda bir şey etməyə halın olmur. Üstəlik yaydan öncə də disiplinli deyildin. Yəni bir öncəki ilin təkrarını yaşayırsan. Artıq böyüyəndə kimsə olmaq üçün oxumaq da sənə əvvəlki qədər həyəcanlı gəlmir. Çünki sosial mediada məşhur olan insanların əksəriyyətinin buna ehtiyacı olmayıb. Sən də düşünürsən ki, bəlkə mənə də lazım deyil. Mən valideynlərim kimi səhər 8 də evdən çıxıb axşam 9 da evə paket halında çatmaq istəmirəm.
Bununla bərabər mütəxəssislərdən başqa hər kəsin anında diaqnoz qoymağa maraqlı olduğu ölkəmizdə, müəllim sənə diqqət əksikliyi və hiperaktivlik diaqnozu qoyur. Sonra valideyninə tapşırır ki, bu uşaq ingilis dili və riyaziyyatdan zəifdir. Bəli sənin hələ cəmi 13 yaşın var. Üstəlik bilmədiyin şeyləri öyrənmək üçün gedirsən ora. Hazırlıqlara gəlsə, yaşıdlarına çatdıra bilərik onu. Yoxsa adam olmayacaq səndən. Üstəlik paralel olaraq psixoloqa aparın. Deyin ki, “diqqətini toplasın, müəllimə qulaq asmağı öyrətsin.”
Dərs başlayandan velosipedini yığışdırdılar. Kompüter və telefonu da ancaq valideynlərinin kefi olsa həftəsonu görə bilərsən. Gəzmək, parka getmək, əylənmək də olmaz. Dərsdən gələn kimi yemək ye, sonra otur dərslərini oxu. Halbuki beynin yorğundur. Özünə gələndən sonra yarım saata edəcəyin şeyi, yorğun olduğuna görə iki saatdır fikirləşirsən. Üstəlik əslində onları necə edəcəyini də bilmirsən. Amma digər əyləncələrin getdiyinə görə, fokuslanma probleminin artması kiməsə maraqlı deyil. Əsas olan nəticələrdir. Bu gün 5 alacaqsan. Sabah attestat, sonra diplom, sonra onların dediyi həyat yoldaşı siyahı belə gedəcək. Soruşsalar deyəcəklər ki, bizim uşağın hər şeyi var. Baxın bu otağı, bu brend mağazadan aldığımız əşyaları, bunlar brend məktəbli forması, brend yataq dəsti filan uzanıb gedir. Sən də özünü sorğulayırsan ki, sən nə nankor adamsan. Camaat uşağına heç nə etmir. Mən bu qədər imkan içində oxuya bilmirəm. Əslində özünə, özünü tanımağa vaxtın belə olmadığını unudursan. Bu hazırlıq mənim, o kurs sənin deyə yorğun olduğunu unudursan.
Bu an otağa biriləri daxil olur. Səni dərs oxumaq əvəzinə tavana baxdığı üçün danlayır. Nəyin baş verdiyini, nə hiss etdiyini, niyə tavana baxdığını ümumiyyətlə soruşmur. Sənin nəyə ehtiyacın olduğu ilə bağlı heç bir fikri yoxdur. Ancaq öz yaşından, yəni səninlə yuxarıdan danışır. Əmrlər yağdırır. Bunları edəndə səni mükafatlandırır, etməyəndə isə aqressiv şəkildə cəzalandırır, başqa uşaqları sənə nümunə göstərir, danlayır qışqırır. Sən də onlara layiqli övlad olmadığına görə, o çıxandan sonra ağlayırsan.
Düşünürsən ki, pul qazanmağa başlayan kimi evdən çıxıb gedəcəm. Çünki valideynlərindən tək bağlılığın maliyyədir. Otağın divarları üstünə gəlir. Əslində qəşəng rənglərdə boyanıb. Şəkillər asmısan. Maraqlı etmisən. Sonra anlayırsan ki, səni sıxan otaqdakı 4 divar deyil. Az öncə səni etdiyin hər şeydən soyudan, səndən sadəcə dərs oxumağı, uğurlu olmağı tələb edən 5-ci divardır. Ondan olsan da səni tanımır, çox güman ki, heç tanımayacaq da. Artıq tanımağını da istəməzsən. Çünki, divarlar sadəcə sərhədləri göstərir. Sevgi, qayğı, anlayış vermək bacarıqları yoxdur. Olsaydı verərdilər. Amma artıq əlini üzmüsən. Onlar artıq sənə divarlardan daha soyuq gəlir. Ancaq onlar hələ də israrla sənə yaxşılıq etdiyini düşünürlər. Səni itirəndə də belə…