Bəzi sözlər var ki, onların eşidilməsi belə insanı həvəsə gətirir, iş görməyə vadar edir. Yuxarıda yazdığım söz də o sehrli kəlmələrdəndir. Ancaq bu sözün arxasında həm də möhtəşəm komanda və çox ülvi bir məqsəd dayanır.

Bacardım, valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə inteqrasiyası və inkişaf imkanlarının bərabərləşdirilməsi üçün çalışan bir komandadır. Komandanın təsisçiləri Günel İsakova və Fatma Qurbanovadır. Bu xanımlar ölkədə olan təhsil layihələrinin böyük bir hissəsində bir başa rol almış, bu sahədə peşəkarlaşmış insanlardır. Fatma Qurbanova KitabGəzər, qızlar oxusun kimi uzunmüddətli və geniş əhatəli layihələrin müəllifi və idarəçisidir. Hazırda digər layihələri və bütün idarəetmə sistemini cəmləşdirdiyi Təhsilə davam Platforması ilə yoluna davam edir.

Günel İsakova isə çoxlarının tanıdığı “Biz Birlikdəyik” sosial dəstək aksiyasının təsisçisidir. Eyni zamanda uşaq parkları, uşaq evlərində yaşayan abituriyentlərin inkişafına dəstək layihələri ilə davam edir.

Bacardımın necə bir şey olacağı haqqında fikirləriniz yəqin ki, yavaş-yavaş netləşməyə başlayır. Ancaq gözəl adlar qoymaq layihəni uğurlu etmir. Bunun üçün ortaya iş qoymaq və bunun nəticəsində faydalı olmaq şərtdir.




Keçən il, ilk dəfə baş tutan düşərgədən sonra, davamlı bu fokus qrupunda olan uşaqlar üçün şəhərdaxili təhsillərinə dəstək layihələri davam edib. Bu il də avqustun 31 dən, sentyabrın 5 nə qədər düşərgə Lerikdə, çox gözəl və rahat məkanda davam edir.

Keçən il bütün təşkilatı və texniki məsələlər əsas komandanın üzərində idi. Ancaq bu ildən etibarən bu fəaliyyətlər Hüseyn Həsənov və onun outsite komandasına həvalə edilib. Hüseyn müəllim də, “Bir insan, bir insan deyil” şüarı ilə birlərin gücünə inanaraq həyatını və iş fəaliyyətini təhsil yolunda sərf edən insanlardır. Qurduğu komandadakı snerji, onların uşaqlarla olan münasibəti məni həm sevindirdi. Həm də rahatladır. Çünki həm uşaqlar güvənilir və peşəkar əllərdədir. Həm də belə komanda ilə birgə çalışdığım üçün özümü çox məmnun hiss edirəm.

Gələk uşaqlara. Bu uşaqlar dərin bir dəryadır. Mənim onlarla birlikdə gəlmə səbəbim “empatiya və bullinq”, “stressimizi necə idarə edək?”, “sağlam özünüqiymətləndirmə” mövzuları üzrə təlim keçmək və ilkin psixoloji yardım göstərməkdir. Fərqli-fərqli fokus qruplarla işləsəm də, bu qrup uşaqların yeri xüsusidir mənim üçün. Ümid edirəm, ölkədə insanların bu uşaqlara olan marağı daha çox artar.

Bloqu yazmaqda məqsədim də elə bu tipdə bir fəaliyyətlə sizi tanış etməkdir. Neqativ nəsə olanda anında deyinirik. Ancaq gözəl şeyləri yaymırıq. Yaysaq çoxalacaq. Artacaq. Insanlar agah olacaq. Hər biriniz bu bloqu yaxın çevrənizlə paylaşsanız, bəlkə biri uşaqlar üçün ianə etmək istəyər, biri onlara hədiyyələr edə, yaxud onlara bildiyi sahə üzrə təcrübəsini paylaşar. Çünki bacardım da, insan və şirkətlərin ianələri əsasında həyata keçirilir.
