Bir günlük mərhəmət

Psixoloq olaraq tabe olduğum ekol (məktəb) düşüncə və davranış hibridi olan bir nəzəriyyəyə bağlıdır. Bu məktəbin xoşuma gələn və əksər vaxtlarda özünü təsdiq edən nəzəriyyələrindən biri də mükafatla bağlıdır. Mükafat deyəndə xüsusi qrant filan olmaq məcburiyyətində deyil. Motivasiyasımızı artıran bir nəsnədən söhbət gedir. Misal üçün indi bu bloqu yazmaq mənə emosional rahatlıq bəxş edir. Bayaqdan canvada cover şəkli hazırlayarkən əslində arxa fonda mövzunu bişirirdim. İndi hər sözü yazanda qəribə bir rahatlıq hiss edirəm. Suyunda üzən balıq kimi.

Amma biz insanların bu mükafat sevdası başqaları ilə münasibətimizdə ortaya çıxarsa, çıxardığımız hoqqalara bəzən özümüz də mat-məəttəl qala bilərik. Davranış psixologiyası ilə başınızı şişirməyim deyə düşünürdüm. İndi yadıma düşdü. Deyəsən bir balaca tələsik yadıma düşüb. Amma mövzu üçün faydalı olar deyə saxlayıram. Biz qarşılıqlı münasibətlərdə də nə isə gözləyir və ya umuruq. 90 faiz hallarda qarşı tərəfin bundan xəbəri olmasa belə onlardan bunu gözləyirik. Digər 10 faiz hallarda isə biz dilimizlə desək də, bizi saya salan olmur. Qalırıq suyumuz süzülə-süzülə.

Biz bəni-adəmlərin ən yaralı tamaşası da məncə elə bu gözləntilərlə bağlıdır. Çünki, bunlar olmayanda gəmilərimiz yelkənlərini endirir. Gözləntini qarşılamayan biçarəni də topun qabağına qoyuruq. Bu gözləntilərimizi gün ərzində çox ciddiyə almasaq da xüsusi günlərdə bunun xiffətini daha peşəkar çəkirik sanki. 14 fevralda hədiyyə müqayisələri, ad günündə olan hədiyyələrin foto kollaj hesabatları, yeni ildə heç kimə maraqlı olmayan 87 səhifəlik illik planlar, toy il dönümündə romantik sözlərlə bərabər xoşbəxt olduğunu gözə soxmaq məcburiyyəti derken səhərə qədər başınızın ətini yeyə bilərəm. Keçim sözümün mustafasına.

Avqust ayını heç sevmirəm. Yayın ən isti, mənə görə həm də ən zəhlətökən ayıdır. Qış ayları mənim üçün həmişə 2x keçir. Yayda həm istiyə dözümüm aşağıdır, həm də gün işığına qarşı gözüm həssasdır. Yayda şələ küləni yığıb dağa getməliyəm deyə düşünürəm. Amma getmirəm yenə. Avqustun digər yadda qalan tərəfi doğum günümün bu ayda olmasıdır. Bu il 30 yaşım oldu. Buna sevinmək isə ümumiyyətlə içimdən gəlmirdi. Həyatımın günləri keçir. Üstəlik istədiyim şeylərə hələ çatmamışamsa bu bir az da məni narahat edir. Deyəcəksiz, başın xarabdır, ad günü deyə bir iki gün tullanıb düşəcəksən. Camaat da məcburən sənə aldıqları ilə maksimum gülərüz olmağa çalışacaqlar. Təbii ki, səhəri gündən etibarən bu hədiyyəni hansı şəkildə sizə aldıqlarını davranışları ilə hiss etdirirlər. Ümumiyyətlə isə ad günündə hədiyyə verməyi kim çıxarıbsa, aşırı diqqətə ehtiyacı olub, deyə düşünürəm. Çünki birinin etməsi başqalarını da məcbur edir. Uşaqlıqdan ad günümə insanları çağırmaqdan çəkinmişəm. İndi isə belə bir günü keçirmək belə maraqlı deyil. Adi sıradan bir gün olaraq keçirdim. Ancaq mərhəmətli Azərbaycan xalqı sənə acıyır, yanında olduğunu göstərmək üçün ağzında lülə olan uşaqlıq şəkillərini bütün story olan şəbəkələrdə paylaşaraq səni biabır edirlər. Əlbəttə ki, bu onlar üçün təbrikdir. Amma onların sənə olan xüsusi hissləri də elə story qədər çəkir. Səhəri gün yenə sənin ətini yeməyə hazırdırlar. Çünki gün bitdi. Limitli olan sevgi və acıma da bitdi artıq.

Keçirilən xüsusi günləri könül rahatlığı ilə keçirən çox az insan var bəlkə də. Sorğu eləsək hamı xoşbəxtdir. Amma şəhərdə adi xırda məsələlər üstə bir-birinin ətini yeyəcək qədər aqressiv kütlə xoşbəxt olmadığı aşkardır. Bəlkə bir az daha sadə olaq. Məcburiyyətləri kənara qoyaq. Ürəyimizdən gəldiyi kimi davranaq. Ayrıca sevgini ifadə etmək üçün günə ehtiyac yoxdur ki. Zatən bir gündə olması problemdir. Sevdiyiniz insanlara onlara sevdiyinizi elə indi hiss etdirməkdən gözəl nə ola bilər? Bəlkə növbəti ad günündə artıq olmayacaq. Bəlkə də siz olmayacaqsız. Bundan gedim uşağıma telefon alım fikrini də çıxarmayın lütfən. Disiplin üçün olan hər bir şey zamanında olmalıdır. Amma sevgi sadəcə hədiyyə vermək deyil. Vaxt vermək, əmək vermək, hər gün mərhəmət göstərmək, anlamaq və dəstək verməkdir. Bunları bir günə sıxışdıranda çox süni olur. Etməyin, nə onlara nə özünüzə yazığınız gəlsin. Yazıq həmişə aşağıdır,kiçikdir. Xırda şeylər üçün kiçilməyin. Sonra təzədən böyümək çox çətin olur.

Bir şərh yazın