Kuzun-Laza yay yürüşü

Mart ayında ağıllı-ağıllı danışaraq yazdığım səyahət blogumdan sonra 3 ay idi yenə harasa getməmişdim. Təbii ki, bu 3 ay öncəki 8 aydan daha qısa bir müddətdir. Amma olsun. Təbiət insan ruhunun ehtiyacıdır. Təbiətə olan ehtiyacımızı müasir dillə izah etməli olsam, telefon programlarına gələn yenilənmə kimi təsvir edərdim. Bir müddət program yenilənməyəndə telefon donur, qızır yaxud bu qəbildən olan şeylər baş verir. İnsan sağlamlığında da eyni proseslər baş verir. Amma bizim beynimiz ağıllı telefonlar kimi texniki yanaşmır məsələyə. İşin içinə hissləri də qatır. Olur qırğın-qiyamət.

Hisslər demişkən mən də hisslərdən çox danışıram yazılarımda. Arada ürəyinizə də sıxıram,bilirəm. Amma mənim qədər sizə də bunu xatırlamaq və paylaşmaq çox lazımdır. Yoxsa marşrutda yer davası edəcək qədər qəzəbli olan xalaların bir kopyası da biz olarıq. Kimsə indi yazacaq ki, kopya yox surət. Vallah burda kopya sözü daha qəşəng oturur. Nə isə, hissləri dedim. Amma bilirəm ki, arada burda öz-özümə də danışıram. Beynimiz avtomatik işləyir də. Ona görə bəzən mövzu sağa-sola gedir. Bu adətən giriş bölümlərində olur. Çətin fokuslanıram iş görməyə. Buna görə özümə beynim qaçmağa variant axtarır. Heç bir şansı yoxdur amma.

Əsəblərinizlə oynadığıma görə, səfər haqqında danışmağa keçə bilərəm.

Sübh namazından sonra hava yavaş-yavaş işıqlaşmağa başlamışdı. Normalda işə gedənə qədər təzədən yatıram. Amma bu gün yatmaq istəmirdim. Uşaq kimi tezliklə saat 7 olsun istəyirdim. Bir az vurnuxandan sonra yatmaq qərarına gəldim. Amma yenə 6 da durdum. Artıq günəş də bir az qalxmışdı. Əşyaları yığıb çıxdıq.

Beşbarmaq dağına qədər hər şey bozdur yenə də. Elə bilirsən Bakıdasan hələ də. Amma içimdə çox gözəl hisslər var. Laza-Kuzunu ilk dəfə yayda görmək, yağışlardan sonra oraların hələ yaşıl qalması, uzun müddət sonra təbiətə çıxmağım, sabahın da istirahət günü olması kimi faktorları düşünəndə bir başa ora teleportasiya olunmağım gəlirdi. Amma yol da çox gözəl idi.

Qubaya girəndən sonra ətraf yaşıllaşır. Qubadan çıxanda isə buludlar daha fərqli və daha sıx-sıx görünməyə başladı. Ən sevdiyim havalardandır. Buludlu amma yağmır, günəşli amma isti deyil. Hərçənd ki, 2 saatlıq günəş sol tərəfimi qəşəng qızardıb. Olsun. Bax indi sizə xatirə kimi danışıram. Bəlkə siz də düşünürsünüz ki, bunun da başı xarabdır. Yox əsla. Demək istədiyim əgər təbiətə gedirsinizsə hazırlıqlarınızı görüb gedin. Gözünüzün qabağındakı günəş kremini evdə qoymayın.

Qudiyal çayı keçəndən sonra öncə Qırmızı qəsəbə və çayın sol sahilinə gözəl mənzərə açılır. Buludlu havada möhtəşəm olur. Çox heyranlıqla baxdım deyə foto çəkmək yadımdan çıxıb. Lazada çəkdiklərimlə idarə edin bu səfərlik.

Daha sonra yol boyunca günəş və bulud vals oynayırdılar sanki. Əslində valsı oynayan buludlar və küləkdir. Günəş özünü çox göstərir deyə onun ayağına yazırıq yaxşı şeyləri. Bir tərəfdən də meşələri, ağacları, kolları, gülləri gördükcə içim açılırdı.

Kuzuna çatanda artıq 11 idi. Günün əslində isti vaxtı idi. Amma külək çox gözəl dirijorluq edirdi buludlara. Çantalarımızı hazırlayıb yavaş-yavaş yürüşə başladıq. Indi sizi yol boyunca gördüyüm möhtəşəmliklərlə baş-başa buraxıram. Şəkillər bitəndə görəcəksiz ki, yenə danışıram.

Yaşıllığı düşünürdüm. Amma bu qədər yaşıl yox. Güllər, çiçəklər hələ təzə açırdı. Sanki iyunda deyilsən, mayın əvvəlindəsən. Düzdür tam 2 il öncə bu gün Bazardüzünə çatanda zirvədə qar yağırdı. Nə qoyub nə axtarırsan? Dedim öz-özümə. Çox fikirləşmədən təzədən daldım mənzələrə.

Mənzərələri gördükcə, gəzdikcə beynimin hər gün nə qədər təkrar və əzbər işlədiyini görürəm. Bu gün də onları xatırlamağım və bura qətiyyən uyğun olmaması çox qəribə hiss etdirir adamı. Şəhər qayğılarından uzaqlaşan bədən, sanki beyni şəhərdə qoyub. Ancaq xoşbəxtlikdən bu çox qısa çəkdi. Çünki təbiətdə artıq hər addımına diqqət etməlisən. Ya ayağını burxa, zəhərini səninlə paylaşmaq istəyən səxavətli bir ilana hədiyyə edə bilərsən.

Əsas keçid yerimizə oturub Nəzrinin süzdüyü çayı əlimə almışdım ki, yağış çayın bir başa içinə yağmağa başladı. Oysa ki, nə xəyallar vardı. Yaxşı ki iyirmicə dəqiqə yağdı. Ona görə qrupdan qabağa keçib, onlar gələnə qədər yenə yeməyimizi yedik. Burdan da Lazaya möhtəşəm mənzərə açılırdı. İndi aşağı düşməli və sonra yenidən Lazaya yaxın yuxarı çıxmalıyıq.

Çoban yatağından keçəndə alaçığı gördüm. Düşünə biləcəyiniz standard çoban çadırı. Digər tərəfdən isə yuxarıda bu mənzərəni tam görən otel kottecləri. Həyatın ironiyası kimi gördüm bunu. Yuxarıdakılar qısa müddətdə bu lüksü satın alıb mənzərəni izləyirlər. Ancaq çoban lüks olmadan hər gün təbiət qoynundadır. Yuxarıdakılar kimi uzaqdan da baxmır. Tam içindədir.

Qoyun yatağından keçəndən sonra çay kənarında fasilələr verdik. Növbəti çayımızı artıq içində yağış qarışımı olmadan burada içdik. Sübhanallah, necə gözəl bir sistemdir. Daşın içindən həm ağac çıxır, həm də su damır. Çoxdandır bu qədər yavaş qrupla tur getmirdim. Amma işimə yaradı. Dayanıb baxmağa çox vaxtımız olurdu. Ona görə də yaşadığım həzz birə-beş artıq oldu.

Lazaya çatanda yağış yağmağa başladı. Ona görə kəndin içinə qədər dayanmadan getdik. Bir tərəfdən də, Bakının bürkülü istisindən sonra çox xoş gəlirdi. Narın yağış, bir tərəfdə qara buludlar, digər tərəfdə gün işığı. Kəndin içində ağsaqqalların oturduğu balaca bir yer var. Orda həmişə stol və oturacaqlar olur. Bu dəfə də var idi. Arxamızdakılar çatana qədər burda gözlədik. Onlar da gələndən sonra bu möhtəşəm səfəri, kənd mənzərəli yeməklə taclandırdıq. Artıq hava sərin deyildi, soyuq idi. Hiss elədim ki, maşına çatan kimi yatmamaq üçün heç bir bəhanəm yoxdur.

İndi siz də qayıdın Bakıya. Blog bitdi. Tur boyunca təmkinli və sakit, tövrünü pozmadan hər şeyi idarə edən bələdçimiz Ülviyə xüsusi təşəkkür edirəm. Çox xoş aura ilə ayrıldım. CampSİZlə növbəti turum da maraqlı və bir o qədər zəngin yekunlaşdı. Gələn səyahətlərdə görüşənədək. Günəş kremini unutmayın hər ehtimala qarşı.

Bir şərh yazın