Şəkər portağalı

Yazı yazmaq hər zaman insanı komfortunun kənarına çıxaran bir fəaliyyətdir. Ordakı obrazları hiss etmək üçün dərin empatiya bacarığının olması şərtdir. Yaxud da, olmayan şeyləri yazmaq üçün xəyal gücünün genişliyi tələb olunur. Adətən bütün yazarlar müəyyən yaşa çatmış, həyat təcrübəsi olan insanlar haqqında yazırlar.

Bu kitabdakı qəhrəmanımız isə 5 yaşında uşaqdır. Bütün şərhləri də elə uşaq öz dilindən verir. Bu qədər içdən hiss edərək oxuduğum son kitab “kitab oğrusu” olmuşdu. Artıq şəkər portağalı birinci səviyyəyə yüksəldi mənim üçün. Amma niyə yüksəldi? Bax burası bir az mürəkkəbdir.

İlk öncə müəllif uşaq psixologiyasına hakim olduğunu üstünə basa-basa hiss etdirir. Daha sonra yaşayış yerindəki hadisə və insanları izah etdiyi andakı detalçılığı çox xoşuma gəldi. İçimdən mən də gələcək də belə bir əsər yazsam nə xoş olardı deyə düşündüm. Ayrıca hekayəni sadəcə bir uşaqla kifayətləndirməyib. Başqa uşaqların da yaşayışlarını müqayisəli şəkildə göstərib.

İkinci məsələ isə, sosial rifah səviyyəsinin insan və dolayısı ilə uşaq inkişafına necə təsirli olduğunu göstərir. Atanın rolunu icra edib etməməsi, ananın övladlarını şəfqətindən məhrum etdiyində nələr baş verə bildiyini də bizə xatırladır.

Ən əsas məsələ isə valideynlərin valideyn olaraq kimliklərini yanlış yöndə istifadə etmələri və övladlarına haqqı olan sevgini vermədikdə, onların necə hiss etdiyini və gələcəkdə nələr ola biləcəyini çox gözəl şəkildə gözümüzə soxur. Gözümüzə soxur, çünki bunları kimsə gözümüzə soxmasa görmək istəmərik. Uşaqdır da, “qanmırlar, böyüyəndə yaddan çıxacaq, məni onsuzda sevəcək” tərzində olan yanaşmanın verdiyi arxayınlıqla onlara hər cür zərəri verə bilirik. Unutmayaq ki, cəmiyyətdəki bu qədər problemli insanların əsas səbəbkarları elə onların valideynləridir. Yəni onlar da bir gün uşaq idilər. Sabahın insanlarının necə olması bir az da bizim özümüzə bağlıdır. Onlara necə davrandığımıza daha doğrusu.

Kitab icmalında balta hansı ara mənim başıma dəydi deyə düşünə bilərsiniz. Ancaq kitab sırf uşaq dünyasından elə böyüklərin nə qədər yanlış davranışlar içərisində olduğunu da göstərir. Buna görə Zezeyə təşəkkür edirəm. Sizə də şiddətli şəkildə olmasa da kitabı oxumağı tövsiyə edirəm. Baxın da yenə bunlarla üzləşmək, dəyişmək istəmirsinizsə oxumayan bilərsiniz. Amma məsuliyyətinizi icra etmədən gileylənməyə haqqımız yoxdur. Xoş mütaliələr. Kitab haqqında şərhlərinizi aşağıda yaza bilərsiniz. Hələlik.

Bir şərh yazın