Fit dağı və 40 otaq abidəsinə yaz yürüşü

Yazmaq üçün çox darıxmışam əslində. Səyahətdən yazmaq üçün isə ayrıca darıxmışam. Ancaq son dövrlərdə işlərin çoxluğunu bəhanə edərək, sevdiyim şeyləri ertələdiyimi görürəm. Bu yazı artıq sizə çatıbsa deməli özümü məcbur edib yazmışam artıq. Təbii ki, yenə yazını bitirəndə nə qədər zövq aldığımı hiss edib yaxşı ki deyəcəm. Bunun üçün özümü küncə sıxışdırdığım anlar çox olub. Necə ki, səfərdə davam etmək üçün dişlərimi sıxdığım kimi. Kəmərləri bağlayın onda, getdik.

Noyabr ayından etibarən hər hansı təbiət yürüşündə olmamışam. Mənim üçün çox uzun və çətin bir müddət oldu. Həm şəhərdəki gərginlik, həm səyahət və digər hobbilərimdən uzaq qaldığıma görə, zövq aldığım şeylər azalmışdı. Nəhayət səfərdən öncəki həftə getdim, zaldakı abunəmi yenilədim. Onu da oktyabrdan bəri ertələməkdə idim. Çox ertələməli başlanğıc oldu. Ancaq bunu yazmaqda məqsədim sizi bezdirmək yox, əksinə hər şeyin qaldığı yerdən nisbətən yavaş sürətlə davam edə biləcəyini göstərməkdir.

Səhər saat 7 də maşında idik. Bir az gözlədikdən sonra yola çıxdıq. Yolda yorğun olub yatacağımı düşünürdüm. Amma çox enerjili idim. Uşaq vaxtı harasa gedəndə üzərimdə olan həyəcana oxşar bir hiss var idi içimdə. Çoxdandır səyahətə getmirəm. Və bilmədiyim yerə, bilmədiyim qrupla gedirəm.

Saat 10:33 də artıq Sulut kəndində idik. Kənd Niyaldağ silsiləsinin ətəklərində yerləşir. Standard dağətəyi kənddir. Əhalisi çox yoxsul olduğu həyət və evlərinin şəraitlərindən hiss olunurdu. Üstəlik kənd özü baxımsız vəziyyətdə idi. Kənd arası yollarda sular axırdı. Bu da bizim üçün palçıqlı yol demək idi. Amma kefimizi belə xırda şeylər poza bilməz. Əsas məsələ təbiət, quşların səsi, mal-qara və s. idi. Sulut kəndinə getmək üçün Basqal istiqamətində Bakıdan gedərkən sağa dönməyiniz lazımdır. Yolda kənd camaatından yolun davamını soruşa bilərsiniz.

Hazırlıqlarımızı bitirdikdən sonra yürüşə başladıq. Kəndin kənarından axan çay vasitəsilə ilk öncə Buzxanaya getdik. Əslində yolumuzun üstü idi. Yol boyunca kənd camaatının torpaq sahələrindən keçdik. Yaşıl artıq bozdan hakimiyyəti almağa hazır olduğunu bildirirdi. Günəş də bu işdə ona dəstək olsa, çox daha tez bunu gerçəkləşdirə bilər. Ancaq böyük Qafqazda martda günəş görmək bir az çətin məsələdir.

Buzxana deyilən yer, yer altında sərin olması üçün tikilən saxlama kamerası tərzində bir yerdir. Üstü otla örtülüb. Kənarları nisbətən dağılıb. Şirvanşahlar dövründə tikilsə də, günümüzdə sağlam şəkildə varlığını davam etdirir. Burada fasilə verdikdən sonra 40 otaq abidəsinə yollandıq.

40 otaq yaxud, 40 qız abidəsi xanlıqlar dövrünün qalıqlarındandır. Şirvan xanı Mustafa xan tərəfindən tikilib. Rəvayətə görə bura hərəmxana kimi fəaliyyət göstərib. Daha sonra paytaxt Şamaxıya köçürüldükdən sonra bina tərk edilib. Və dağılmağa başlayıb. Hazırda maraqlı turist marşrutlarından birinə çevrilib.

Üstəlik yazın xəbərçiləri olan çiçəklər xalça kimi yola döşənmişdi.

Daha sonra yenə meşədən çıxıb, çayın digər qolunu da keçdik. Kino elə burda başlayır. Tutqun olan hava dumanla əvəzləndi. Artıq yolumuz daha dik və ziqzaqvari idi. Üstəlik də meşə içi ilə gedirdik. Bəzən durub geri baxırdım. Çox epik bir görüntü formalaşmışdı. Bir tərəfdən xoşuma gəlir, marşrut və yoldan zövq alırdım. Digər tərəfdən isə bütün insanlar kimi bir an öncə zirvəyə çatmaq istəyirdim.

Saat 1 radələrində artıq nahar fasiləsi üçün dayandıq. Burda bildim ki, yol hələ uzundur. Yoxsa bələdçi naharı zirvəyə saxlayardı. İlk dəfə Babəklə yola çıxırdım. Onu sosial mediadan və dostların danışdığı səfər xatirələrindən tanıyırdım. Rəhbərliyi çox rahat şəkildə edirdi. Komanda onu çox yormadan bütün tapşırıqları çox rahat icra edirdi. Bu mühit tur iştirakçılarına da sirayət etmişdi. Yolda deyinən, mızıldanan heç kim yox idi.

Yuxarı qalxdıqca duman getdikcə qatılaşırdı. Demək olar ki, 10 metr uzaqlıqdakı obyekti görməkdə çətinlik çəkirdik. Üstəlik bədən də yorğun düşürdü. Ancaq bu yorğunluq üçün belə darıxmışam desəm yalan olmaz. Növbəti fasilədən sonra artıq bir çox üzdə yorğunluq qarışıq məmnuniyyət vardı.

Son fasiləni isə zirvənin lap yaxınlığında elədik. Artıq son dəfə enerjimizi yeniləyib yola davam etmək lazımdır. Yuxarı qalxanda çox qalın geyinməsəm də tamamən tərləmişdim. Hava soyuq və dumanlı olsa da hərəkət etmək temperaturu yüksəldir. Buna oxşar vəziyyətlər üçün hər zaman ehtiyat paltar götürürəm. Çünki dumanlı və soyuq yerdə tərli otursam, gələndən sonra yaşadığım gözəl anları qızdırmamın qalxması və xəstə yatmağımla burnumdan gələcək. Təbiətlə zarafat olmaz. Orda artıq qaydalara uymaq məcburiyyətindəyik. Bu həm də təbiət qarşısında nə qədər aciz olduğumuzu xatırladır. İnsanın sanki zavod parametrləri yenilənir. Bu da bizi daha hüzurlu edir. Ehtiyacımız olan fiziki stressi hiss etdiyim üçün bədənim çox daha rahatdır. Yorğunluq əlbəttə var. Ancaq ağrılar demək olar ki, yox olmuşdu. Onu da qeyd edim ki, Fit dağı dəniz səviyyəsindən 1800+ metr yüksəklikdə yerləşir. Zirvə yürüşülərinə hazırlaşanlar üçün yaxşı təcrübə olar.

Dincəlib, çayımızı içdikdən sonra sürətli şəkildə geri qayıtmağa başladıq. Artıq duman nisbətən çəkilirdi. Gəldiyimiz yolların əslində nə qədər gözəl mənzərələri olduğunu da görmüş olduq. Geriyə qalır kəndə çatmaq və maşında yuxulamaq.

Bu şəraitdə olan yuxu nə qədər narahat olsa da, bir o qədər şirin olur. Bəzən bir neçə dəqiqə çəkir. Amma sanki bütün yorğunluğunu səndən alıb aparır. Bu hissləri təkrar yaşayanda artıq bir səyahətin də sonuna gəldiyimi hiss edirəm. Artıq dincəlmək vaxtıdır. Gələn səyahətlərdə görüşənədək.

Bir şərh yazın