Doğulduğu andan etibarən, “biz səni istəmirdik, nənən qoymadı abort etdirməyə”, “biz oğlan gözləyirdik”, “3 oğlandan sonra qız istəyirdik”, kimi fikirlərlə böyüdüyünüzü düşünün. Ya da düşünməyin, bəlkə də artıq yaşamısınız. Belə bir mühitdə olan uşağın ilk hiss etdiyi şey nədir? Təbii ki, dəyərsizlik. Mən heç kimə lazım deyiləm. Heç bir işə yaramıram. Sevilməyim üçün onların istədiyi nələrsə etməliyəm. Daha sonra “Sən dərs oxumadığına görə səni cəzalandırıram.” Sən filan şeyi mənim istədiyim kimi etmədiyin üçün yenə səni cəzalandırıram”. “Sən nə pis uşaqsan.” “Ağıllı olsan sənin də istədiklərini edərdim” şəxsiyyətin yetişmə prosesində bu fikirlərlə üzləşən uşaqların da hiss etdikləri yenə eynidir. “Dəyərsizlik” Sevilmək üçün çabalamalıyam. Ancaq uşağın sevilmək üçün çabalamasını görən valideyn adətən sevilmə şərtlərini artıq bir az daha çətinləşdirir. Qardaşına dərs öyrət, ev işləri gör, yemək bişir, alış-veriş et və s. Yaş artdıqca sevilməyə olan ehtiyac da artır. Üstəlik uşaq zehninin belə bir xüsusiyyəti var ki, valideynin dediyi hər şey 100 faizlik gerçək kimi qəbul edir. “Sən yaramazsan” deyildiyində həqiqətən bunu mütləq gerçəklik kimi qəbul edir. Sonra nə olur ? Bəlkə bilirsiniz, bəlkə hiss edirsiniz, bəlkə görüb-eşitmisiz. Mükəmliyyətçi, “insanlar nə deyər” deyə ödü qopan, istəklərini dilə gətirməyi ağlına belə gətirməyən, başqalarını hər zaman məmnun etməyə çalışan, maddi imkanları, həyat standardları yaxşı olan amma yaxınlarının “nəyin çatmıree sənin” dedikləri, əslində isə 3 yaşlı uşaq kimi nəvaziş görəndə özünü itirən, bunu təkrar almaq üçün 1000 cür oyundan çıxan birinə çevrilən minlərlə insan var. Üzr istəyirəm, bəlkədə milyonlardır.
İşin digər maraqlı tərəfi isə, bu insanlar normal sevgi, diqqət hörmət gördükləri mühit və insanlarda gizli niyyət və alt məna axtarışına çıxırlar. “Mən işləyirəm deyə üzümə gülürlər, kim bilir arxamca nə danışırlar.”, “Mənim qayğıma qalır, yəqin məndən nəsə istəyəcək”, “Məni təqdir elədilər, çünki təqdir olunanda daha yaxşı işləyəcəyimi bilirlər”. Bununla bərabər, “Sevilmək üçün cazibədar(Kişilər xarizmatik, fit), ağıllı, daha çalışqan, başqalarının istəklərinə daha həssas və s” olmalıyam. Özünə qoyduğu qaydalar o qədər çoxdur ki, az qala sevilməsi, dəyərləndirilməsi üçün everestə çıxmalı olduğunu belə düşünə bilir. Çünki, ona verilən sevgi nəyinsə qarşılığı olub. O hər zaman bunun üçün nə isə etməli olub. İndiki insanların davranışları onun öyrəndiyi sturuktura uyğun gəlmir. Ana-ata dünyanı təmsil edir uşaq üçün. Onların sözləri bir müddətdən sonra uşaqların daxili səsinə çevrilərək onları yönləndirir. Belə olan halda isə onun kiminsə onu sevməsini gözləmək sadəlövhlük olardı. Çünki bu insanlar sevilə biləcəyinə, sadəcə var olduğuna görə dəyərləndirilə biləcəyinə İNANMIR! Onlara sevgini izah etmək, ateistə Allahı izah etmək kimidir. Açığı ateistə Allahı tanıdanda iman gətirə bilər, ancaq “Sevmə əngəllilər” üçün inandıqlarından vaz keçmək demək olar ki, mümkün deyil.
Ola ki, bu insanlar bu problemlərinin fərqinə varalar, oxuduğu kitablar yaxud, aldıqları təlim yaxud terapiya sayəsində, ilk yaşadıqları emosiya olur. Bilirsiniz də, özü də kimə? Yox əşi, daha özünə yox. Bunun səbəbkarlarına! Valideynlərinə.Davamlı beynini qurdalayan “Niyə axı” sualı və onunla gələn yüzlərlə fərqli sual. Üstəlik, həyatında sadəcə bunu kompensasiya etmək üçün çalışdığı üçün duyulan böyük bir peşmanlıq. Bir növ insan aldadıldığını düşünür. Ancaq eyni zamanda bu yeni bir həyatında başlanğıcıdır onun üçün. Artıq kimisə məmnun etməsinə ehtiyac hiss etmir. Ətrafındakılara yox deməyin o qədər də faciəli olmadığını görür. Axşam iş vaxtına az qalmış əlavə iş verən müdirinə bunu sabah həll edə biləcəyini dediyi təqdirdə, işdən atılmadığını görür. Bir müddət bunlara çaşqınlıqla öyrəşməyə davam etsə də, proses ərzində artıq məsuliyyət sahiblərindən də istəməsə də uzaqlaşmağa davam edir. Bu onu nə qədər incitsə də, onlarla münasibətin onu yenə əvvəlki çərçivəyə saldığını görür. Azadlıq isə, bir dəfə hiss edildikdən sonra vazkeçilməzə çevrilir. Əgər bu kimi hallar içindəsinizsə, mütəxəssis dəstəyi alın. Yox əgər valideynsinizsə ,şaqlarınızın sizi sevməsini, sizə yaxın olmalarını istəyirsinizsə, onları tanımağa çalışın. Onlara öz standartlarınızı yükləməyə, öz arzularınızı gerçəkləşdirəcək aktyora çevirməyə çalışmayın. Onların öz həyatları var. Əslində, sadəcə tanımağa çalışmanız bıs edəcək. Ondan sonra nə qədər dəyərli bir şəxsiyyət olduğunu görəcəksiniz zatən…