Təsəvvür edin, heç sevmədiyiniz eyni zamanda sizin karyera və həyatınız önəmli olan biri ilə görüşünüz var. Ürəyiniz yerindən qopacaq kimidir. Bir yerdə qərar tuta bilmirsiniz. Üstəlik o adam sizin onu sevmədiyinizi, hətta zəhləniz getdiyini də bilir. Tər basdı həə sizi? Ay Allah necə olacaq. Görəsən bu görüşlə mənə əngəl olacaqmı? Yoxsa peşəkar davranıb sadəcə prosesə fokuslanacaq? Ağlınıza min cürə ehtimal gəlir. Əksəriyyəti də fəlakət ssenariləridir. Ya məni görən kimi görüşü sonlandırsa? Ya məni heyətin qabağında lağa qoysa?Bitmir ki, bitmir bu ssenarilər… Bunu bir az da sizin üçün çətinləşdirim. Qarşınızdakı insan sizin beyninizdən keçənləri qulağı ilə eşidə bilir. Yəni rol oynaya bilməyəcəksiniz. Karyeranız üçün olan görüşmə sizin üçün bu qədər paradoksal şəkildə baş tutacaq. Arada həyatın ironiyası elə budur deyə düşünürsünüz.
Niyə girdim ki, mən bu yazıya? Birdən-birə situasiyada hiss elədim özümü. Gərildim. Bütün sevmədiyim adamlar gözümün qabağına gəldi. Ən zəhləmgetmişi isə hələ də gözümün qabağındadır. Getmək də bilmir. Allah nəyinki məni, heç kimi ona möhtac eləməsin.
Bir az barıtını çox eləmiş ola bilərəm. Amma niyyətim təmiz idi. Həə bu sözü də nə qədər çox sevirik həə? Bütün pis işlərimizi bu sözlə maskalayırıq. Mən də elə o maskalanma və maskalardan danışmaq istəyirəm. Əslində bayaqdan danışıram. Sadəcə danışdığımı yenidən xatırladım. Biz bəzən cəmiyyət içində o qədər rol oynayırıq ki, evə gələndə hansı mənimizin gerçək, hansının süni olduğunu ayıra bilmirik. Ona görə də ayrıca üzülürük. gün ərzində bütün enerjisini yaxşı görünmək üçün xərcləyən insan günün sonunda və həyatının bir sonrakı mərhələsində özü ola bilmək üçün heç bir enerji və cəsarət tapa bilmir özündə. Belə olan insanın isə özünü sağlam qiymətləndirməsi, sağlam qərarlar qəbul etməsi, hətta sağlam ünsiyyət saxlaması belə mümkün deyil.
Son 4 ildə özünəqayğı ilə bağlı olan araşdırmalarım sayəsində insan fiziki sağlamlığının mental sağlamlığına, mental sağlamlığının isə özünəqayğı fəaliyyətlərinə bağlı olması gerçəyini bir daha özüm üçün sübut etmişəm. Ancaq özünəqayğı ilə bağlı dərin araşdırmalarda bunu qurmağın asan, onları qorumağın isə səhər tezdən Sumqayıtdan Bakıya gəlmək qədər çətin olduğunu tapdım. Səbəb isə sərhəd anlayışımızın olmamağıdır. Sərhəd? Bu delimitasiya və demarkasiya olanlarından? Axır vaxtlar bu üç söz mətbuatda bir yerdə işlənir. Mənim bəhs etdiyim sərhədlərə Paşinyanla əlaqədar deyil. Öz qohum-əqraba və dost-tanışlarımızla aramızda olan sərhədlərlə bağlıdır. Hansı ki, adicə özünüzə vaxt ayırdığınızda bunun üçün sizə vicdan əzabı çəkdirəcək qədər duyğu sömürüsü edir bu ətraf. Bu onların ilk həmləsi olur. Axı həmişə belə edəndə anında təsir altına düşüb onların istəklərini reallaşdırmaq üçün vicdani bir borc hiss edirdiniz. Bu dəfə də eynisini istəyirlər. Ancaq siz bir balaca qərarlısınız və bu məsələyə yenidən qayıtmaq istəmirsiniz. Belə olan halda onlar digər təsir vasitələrini işə salırlar. Taa ki, içinizdə sizə özünüzü xatırladacaq son güzgünü də sındırana qədər.
Siz varsanız ətrafınız var. Necə ki, siz onları olduğu kimi qəbul edirsiniz. Siz də eyni şəkildə qəbul edilməyə, sərhədlərinizə və şəxsi zonanız üçün hörmətə layiqsiniz. Əks halda isə, sizin hər zəif tərəfinizi bilən, sizin onlara möhtac olduğunu çirkin bir gülümsəmə ilə sizə bəlli edən insanlarla yaşamağa məcbur olarsınız. Seçim sizindir. Mənə nə var həmişə danışıram. ..