Bax gör Təzə nə var ?

Sakitcə oturmuşam. Kitab oxuyuram. Hava küləklidir, evə sərinlik gətirir deyə pəncərəni açmışam. Amma buna görə məhlədəki səsləri də bonus olaraq evdə eşiirəm küləklə birgə. Ona görə hər zaman fokuslanmaq üçün istifadə etdiyim musiqi qulağımdadır. Kitabın bir fəslini bitirmişəm. Növbəti fəslə keçənə qədər gözüm kiçik bir fasilə elan etdi. Elə bu an ağlıma bir sual gəldi “Telefona bax gör, kimsə nəsə yazmayıb ki?” baxdım, heç nə yoxdur. çünki yarım saat öncə sıfırlamışam mesajları. “yaxşı bir dənə də facebooka gir, bax nə var orda?” Baxdım. Bayrağa bürünmüş profil şəkilləri, gileylənən, digərlərini xain, özlərini əsl vətənpərvər elan etməyə çalışan bir kütlə görürəm. “Bura qədər gəlmisən, bir videolara da bax da. Maraqlı köhnə alətləri yeniləmə videosu, yaxud yağışlı gündə çadır qurma videoları sənin xoşuna gəlir axı.” Aha qəşəng bir video tapdım. Quzunun içinə dolma dürtürlər. Qıraqdan baxanda qəşəng görünür. Amma niyə də ? Həə niyə sualını ancaq quzu və dolmada verməyin özü absurddur əslində. Kitab oxuduğum anda telefonla, facebookla nə işim var axı? Niyə hər yerə telefon dürtməliyəm? Sonra da artistlik  edəcəm ki, vaxtım yoxdur həə? Əlbəttə. Bəs niyə bunları edirəm. Siqaret çəkən adamın siqaretin ziyanları haqqında moizəyə qulaq asması kimi oldu hə ?

Dopamin detoksu haqqında çoxlu məlumatlar var internetdə. Elmi terminlərlə başınızı ağrıtmaq istəmirəm. Sizinlə adam balası kimi iki kəlmə söhbət etmək üçün yazıram. Ona da mütəxəssis olmayanlar üçün əndrabadi sözlər əlavə etmək, “yazılarımı oxumayın” deməkdir. Bizim beynimiz bütün addımları həyatda qalmaq üçün atır. Amma xoşuna gələn nəsə olanda “mama olar, həyətə gedim?” deyən uşaq kimi sizi dəng edir ki, “mən ondan yenə istəyirəm”. Yeni bilgi də o qəbildən olan şeydir. O ki, ola sizin dəyərlər və əyləncə anlayışınıza uyğundursa. Yeni bilgi həm də bizə, önəmli olduğumuzu, bizi diqqətə aldığını da çatdırır bu cihazlarla. Oysa kitablar elə deyil. Bədii ədəbiyyat sizi xəyali səyahətə apardığı kimi akademik kitablar da nə qədər cahil olduğumuzu göstərir. Eyni effekti əslində sosial şəbəkələrdə daha çox bəyənmə toplayan, daha imkanlı, daha çox izləyicisi olan insanları görəndə də hiss edirik. Amma buna rəğmən yenə bizi təqdir edirlər axı orda. “Bax yenə istəyirəm” bu an dövriyyəyə girir. “Son statusuma neçə nəfər ürək atıb”. “Aftandilə bax, o qədər qəşəng post yazmışam, quru like atıb, utanmıre özü də.” “Axı mənim videolarıma niyə kimsə baxmır?” Beyninizin içində olan düşüncələrdən ən məşhurlarıdır. Bunlar gün ərzində neçə dəfə təkrar keçir beynimizdən. Bu təkrarlanma bir az da, sizə bağlıdır. Yəni nə qədər ora girib-çıxmağınıza. Orda nə qədər qaldığınıza. Oralar maraqlıdır. Amma orda yatıb, orda yeyirsinizsə bu düşüncələri çox zaman hiss etməyəcəksiniz də. Sadəcə davamlı özünüzü halsız, yorğun əhvalsız hiss edəcəksiz. Belə davam etmək istəyirsinizsə heç nə. Amma dəyişmək istəyirsinizsə, bir müddətlik kənara qoyun və beyninizə gələn düşüncələri qeyd edin. Vəziyyəti analiz etmək üçün sizə faydalı olacaq. Daha sonra həll yollarını özünüz tapacaqsınız. Olmasa, telefon detoksu blogumu oxuyarsınız.

“Gül kimi gəzinirdim də telefonda. Mənə lazım idi, hansısa psixiatrın keyslərlə bağlı araşdırmaları. İndi bunları yadda saxlamaq vare. Özü də mən bu xəstəliklərlə tez-tez işləmirəm axı.” Bəli, kitaba qayıtdım. İndi də oxuduğum kitablar yadıma düşdü. Həyəcanlandım. Əslində gözümdə böyütdüyüm 3 kitabı bitirmişəm bu il. Digər ikisinə də göz qırpıram artıq. Gedim əlimdəkini bitirim. İsətəsəz sizə danışaram bu kitabdan. İndi telefonu qoyun qırağa. Blog qutardı.

Bir şərh yazın