Gənc Psixoloqların yay məktəbi

Bəzən fikirləşirəm ki, psixoloq olmasaydım, özümə hansı sahəni peşə olaraq seçərdim. İlk öncə hobbilər ağlıma gəlir. Foto, turizm, kitabçılıq amma bütün bunların fonunda və hamısında olan tək bir şey var ki, onu daha çox bəyənirəm: təşkilatçılıq! Hər işi görəndə bir yerdən sonra texniki tərəfindən, idarəetmə tərəfinə keçmək məcburiyyətindəsən. Böyüməyin qaydası budur! Amma çox insan bunu çətin gördüyü üçün olduğu səviyyədə qalır. Mənim üçün təşkilatçılıq bütün hobbi və peşə fəaliyyətimdə alternativ zövq aldığım əsas sahədir.

Gənc Psixoloqlar ictimai Birliyi ilə tanışlığım təşkilatın ilk rəsmi açılış günlərindən başlayır. Bakıya ilk gəldiyim vaxt adında psixologiya olan hər şeyi araşdırmışdım. Qabağıma tam mənə görə bir təşkilat çıxmışdı. Fəaliyyəti barədə çox geniş məlumat yox idi. Daha sonra qeydiyyat formunu doldurdum. Qurultaya dəvət etdilər. Beləcə başladı mənim GPB hekayəm. Bu dəfəki söhbətim isə EFPSA konqresindən sonra (400+ qonaq) təşkil etdiyimiz ən böyük tədbir oldu. Özü də tam bir həftə! Qulağa çox asan gəlir bəli.

İki həftə öncədən Pərvin, Aytac, Zümrüd, Aytən program hazırlıqlarına başlamışdılar. Mən yaşat düşərgəsində olduğum üçün onlara dəstək ola bilmədim. Daha sonra üzv seçimlərini də yenidən onlar etdi. Təşkilatçılardan biri də mən idim. Amma onlara dəstək ola bilmədiyim üçün vicdan əzabı çəkirdim. Bir həftə öncə komanda rəhbərləri ilə görüşümüz oldu. Onlara lazımi məlumatları ötürdüm. Özüm də artıq bəzi təşkilati məsələlərlə məşğul olduğum üçün, digərlərinin haqqına girirmiş kimi hiss etmirdim.

Düşünürəm ki, komandamızın ən gözəl xüsusiyyətlərinn biri də, bir-birini kompensasiya etmək bacarığıdır. İstənilən situasiyada bu mənim işim deyil yanaşması görməmişəm bu 7 il ərzində. İndiki yay məktəbində də, eyni şəkildə davam elədik. Karantindən sonra bu komanda ilə bu qədər uzun müddətdə işləmək üçün darıxdığımın da fərqinə vardım.

Təşkilat komitəsi: soldan sağa Pərvin Süleymanova, Aytən Ağayeva, Zümrüd Əkbərova, Aytac Sahil, Orxan Oruc və mən

Öncəki tədbirlərdə təşkilatda daha çox komanda üzvümüz var idi. Hazırda bəziləri komandamızdan ayrılıblar. Layihələrdəki bir məqsədimiz də, təşkilatda bizimlə bərabər çalışacaq yeni kadrları tapmaqdır. Bu dəfəki yay məktəbində öncəki layihələrimizdə iştirak etmiş bəzi şəxsləri komanda rəhbərləri olaraq bu dəfəki yay məktəbində təşkilat komitəsinə dəvət etdik. İndiyə qədər bu qədər tez uyğunlaşan və bir-birini gözəl tamamlayan komanda görməmişəm deyə bilərəm. Cəmi 5 nəfər idilər. İlk gündən etibarən bütün işlərə canla-başla qaçmaqdan ziyadə, komanda yoldaşlarına da əllərindən gəldiyi qədər kömək edirdilər. Koordinator olaraq sadəcə gördüyüm mənzərədən zövq alırdım proses boyunca. Bu komanda seçimi üçün Aytac və Pərvinə xüsusi təşəkkür edirəm.

Komanda rəhbərləri: soldan sağa Nərgiz Nəcəfzadə, Atlas Cəfərova, Əli Abbasov, Nihad Kazımlı, Ramiz Orucəliyev

Bir tərəfdən özümü danlayan tərəfim mənə deyirdi ki, Murad bax uşaqlar erkən yaşlardan nələrlə məşğuldurlar. Ancaq tələbə olduğum Gəncə mühitində də özümə dərnək və mərkəzlər tapa bilmişdim deyə özümü sakitləşdirdim. Bəzən də fikirləşirəm Bakıda oxuyası olsaydım da yenə psixologiyaya balım çatacaqdımı? Bəlkə fə yox. Bunu nəyə görə düşünürəm, Gəncədə vaxt itirdiyimi düşünürəm hərdən. Ancaq indiki universitet müfrədatlarına (dərs programı) baxanda görürəm ki, dərslər aşağı-yuxarı eynidir. Ancaq biz praktikada daha çox olmuşuq. Ancaq Bakıdakı ortamlardan məhrum olduğum gerçəyini dəyişmir. Sonra bütün bu fikirlərin sonunda yenə gəldiyim qənaət budur ki, keçmişdə nələr itirdiyin önəmlidir. Ancaq onlara ilişib qalsam indini də itirəcəm. Ancaq mən son 7 ili daha sağlam bir keçmiş inşa edə bilmişəm özümə. Təbii ki, özümü evimdəki qədər rahat hiss etdiyim bu ortam sayəsində.

İlk addımlar çox önəmlidir. Başlanğıc olaraq peşə fəaliyyətinə başlayanda yol göstərənlərim Respublika psixi sağlamlıq mərkəzi əməkdaşları və Gənc Psixoloqlar ictimai birliyinin kollektivi olub. Həə bəzən bununla qürur da duyuram. İşin əhli olmağı, peşəkar yaşanmaları, etik prinsiplərə əməl etməyi bu iki mühitdə öyrənmişəm. Bəlkə mən də heç bəyənmədiyiniz 100 minlərlə izləyicisi olan, ona müraciət edənlərin fotolarını profilində paylaşan, hər yerdə onlardan danışan biri olacaqdım. Çox şükür ki, olmadım. İndi isə təşkilat olaraq digər bir məqsədimiz fotoda gördüyünüz gəncləri peşəkar mütəxəssis olaraq yetişdirməkdir. Bir həftə ərzində bunu bacardığımızı demək çox iddialı olar. Ancaq indi ən azından necə başlayacaqlarını, işin texniki tərəflərini, hansı şəkildə öyrənə biləcəklərini, mental sağlamlıqlarını necə qoruyacaqlarını, supervayzerlə necə çalışacaqlarını, özlərini necə mütəxəssis kimi təqdim edə biləcəklərini və psixoloq kollektivi ilə işləməyi öyrəniblər artıq.

Burada gördüyünüz 55 nəfər gənc növbəti nəsillər üçün bu məlumatların mənbəyi olacaq. Təşkilat qurulanda heç 10 nəfər deyildi. İndi isə bir tədbirdə bu qədər insan var. Üstəlik 300 ə qədər müraciət içindən müsahibə yolu ilə seçiliblər. Digər qoşula bilməyənlər də, yəgin ki, Bakıda olan layihələrimizdə bizimlə olacaqlar.

Yəqin ki, blog deyəndə hesabat tipli uzun sıxıcı yazılar gözləyirdiniz. Hər günün hesabatını instagram səhifəmdə paylaşmışam.

Ümumi videonu isə Youtube kanalımdan izləyə bilərsiniz. Bu blog isə, gənc psixoloqlar birliyinə gələn bilgisiz bir gəncin illər sonra bu tipli tədbirdə koordinator olaraq çalışdığı üçün özünə verdiyi bir təşəkkür idi. Mənimlə birgə olduğunuz üçün təşəkkür edirəm. Növbəti layihələrdə görüşənədək!

Bir şərh yazın