Yarpaqsız ağaclara oxşayan biz

Payız vaxtı səhər tezdən parkları gəzməyi çox sevirəm. Yayda nə qədər yaşıl və yer isti olsa da göydəki isti, adamı kondisioner əsiri edir deyə çölə burnunu belə çıxarmaq belə istəmirsən. Üstəlik mənə elə gəlir ki, yay insanların sadəcə yola verməyə çalışdıqları fəsildir. Hamı axşamı, sərin olmasını gözləyir. Eyni zamanda yağacaq yağışı, sərin payızı. Həə, yaydan zəhləm getməsini bəzədiyimə görə mövzuya qayıda bilərəm. Mən kənddə böyümüşəm. İndi desəm ki, kənddə çox şey təbiidir. Deyəcəksiz şəhəri bəyənmirsən Murad, bunu da bəzəməyə çalışırsan. Yox, yox burda artıq bəzəmirəm. Məncə burda bəzənən şəhərin özüdür. Bu qədər maliyyə, yollar, parklar, zibil qabları, əyləncə yerləri, bahalı tikililər, lüks restoranlar, hər qapı ağzında təhsil və səhiyyə mərkəzləri, bahalı və məntiqini bilmədiyimiz cürbəcür tədbirlər, incəsənət fetişi, heyvansevərlik adına təbiətindən qoparılıb, özümüz yetmirmiş kimi heyvanları da 4 divara həbs etməyimiz belə bizi xoşbəxt etmir. Mənim kimi şəhərin “bug”ını tapanlar dağ və təbiət yürüşlərinə qaçanlar üçün şəhər-kənd müqayisəsi göz önündə olan bir məsələdir. Ordakı insanlar, yaşayışları, məşğuliyyətləri, münasibətləri insana elə doğma gəlir ki, şəhərdəki mühitin süni olduğunu düşünmək belə istəmirsən.

Qayıdım yenə ağaclara. Bir dəfə lap tezdən çıxmışdım. Saat hardasa 6 radələri olardı. hava təzə açılırdı. Ancaq həmişə pənəcərələrdən gördüyüm təmizlik işçiləri düz gözümün qabağında idi. Ancaq bir neçə addım getdikdən sonra onlardan qıcıqlanmağa başladım. Düşünürsünüz ki, yekəxanalıqdan onları bəyənmirsən Murad. Yox qətiyyən, işini haqqıyla görən hər insana hörmətim çox böyükdür. Onlar da özlərinə tapşırılanı edirdilər. Amma mən qıcıqlandım. Çünki, yerdəki xəzəli yığırdılar. Bəli, təbii bir prosesi obsessiv bir zehniyyəti olan idarəetmənin qərarı ilə, şəhəri təmiz tutmaq adı altında pozurdular. Bundan sonra şəhərdə hamısı eyni rəngdə, eyni forma və stildə heç bir memarlıq dəyəri olmayan tikililərin niyə var olduğunu da başa düşdüm. Hələ də ikiölçülü düşünürük. Sovetdən çıxmışıq. Amma sovet bizdən çıxmayıb. Deyəcəksən ki, xəzəl yığmağın sovetə nə dəxli? Bəlkə də bir başa yoxdur. Amma əkin sahəsinə qədər asvalt çəkilən ölkədə yaşayırıq. Həmin vaxt mən bu hadisəni özümdən asılı olmayaraq şəhərdəki insanlarla əlaqələndirdim.

Təsəvvür edin, ən xoşbəxt gün olan toydan, ən üzgün günümüz yasa qədər hər şey göstəriş üzərində qurulub. Əgər biz öz potensialımızı nəzərə almadan, xüsusi qaydalara əsasən nələrisə sevməsək də etməyə özümüzü məcbur hiss ediriksə, özgüvən əskikliyindən əziyyət çəkirik. Üstəlik bu davranışları təkrarladıqca özümüzə olan hörmətimiz də aşağı düşür. Özümüzə olan hörmət hissimiz aşağı düşdükcə, bu kimi yalançı uğur və xoşbəxtlikləri təkrar etmək ehtiyacımız artır. Bir növ çıxılmaz bir üçbucağın içinə düşürük. Cəmiyyət olaraq natamamlıq kompleksindən əziyyət çəkirik. Hər kəs tələb olunanı edir. Ona görə hər şey standarddır. Hər şey binalar kimi rəngsiz və bozdur. Hər kəs görünən xəzəlləri yığmaqla məşğuldur. Payızına baxmır. Havanın soyuyacağını, vaxtında ağacına ediləcək qulluğu, qış üçün lazımi önləmlər almağı ağlından belə keçirmir. Əsas məsələ bizim natamamlığımızı görməsinlər. Əsas bilsinlər ki, bizdə hər şey əladır. Düşmənimizi sevindirək ? Güclü görünək, bizdən qorxsunlar. Bəli bunlar bütün bunlar müdafiə mexanizmləridir. Nə qədər ki, bunlarla yaşayırsınız xoşbəxt ola bilməyəcəksiniz. Çünki hələ də özünüzü müəllimdən təqdir almağa çalışan ibtidai sinif şagirdləri kimi aparırsınız. Siz böyüdükdən sonra uşaqlıqda olanların unudulduğunu düşünürsünüzsə yanılırsınız. Onlar da bizimlə böyüyür. Bunlarla başa çıxa bilmirsinizsə mütəxəssis dəstəyi alın. Nə qədər ki, bunu qəbul etməyəcəksiniz, hər zaman təqdir almadığına görə valideynləri, yaxınları tərəfindən azarlanan uşaq kimi hiss edəcəksiniz. Tək fərqi var, indi azarlayanların hamısı artıq içinizə yerləşib. Sizə isə elə gəlir ki, bunlar sizin fikirlərinizdir. Özünüzə dediyiniz sözlərə ən çox kimlər sizə deyirdi? deyə sual versəm, içinizə oturan bu sözlərin qaynağını asanlıqla görə bilərsiniz.

Bilirəm son abzası çox ağır yazmışam. Ancaq bunun anlaşılması və hərəkətə keçmək üçün mütləq ki, gerçəklə qarşılaşmağımız lazımdır. Qəbul etsəniz mütləq ki,həyatınızda yaxşıya doğru nələrsə olacaq. Yox əgər “Muraddı da, başı xarab olub ağlına gələni yazıb” deyə düşünsəniz, indiki həyatınızı özünüzə zindan etməyə davam edəcəksiniz. Fərqində və anını yaşadığınız bir həyat arzu edirəm sizə.

Bir şərh yazın