Ölmək istəmədiyin yerdə olma!

İkinci dünya müharibəsindən sonra, istər psixoloji ədəbiyyatda, istər siyasi arenalarda, istərsə də sosial-iqtisadi münasibətlərdə humanistik (insani) yanaşma geniş yayılmağa başladı. Bunun sayəsində insanlar bir-birinə daha tolerant, səbrli olmaqla bərabər sülhün gətirdiyi rifahla həzzlərinə daha çox düşkün bir canlıya çevrildilər. Belə olan halda bu həzzlərin bitməsi isə müasir insan üçün ən böyük faciədir. Bu faciəni gətirəcək olan isə, hamının bir nəfər kimi üzləşəcəyi ölümdür. Yəni bu həzzlər bir gün mütləq ki, bitəcək. Həyat bitəcək, sevdiklərimiz əlimizdən uçub gedəcək, bizdən geriyə bir neçə şəkil, səs yazısı qalacaq.

Bəli, bu bizə çox ağır gəlir. Ölümü təsvir etdiyim iki cümlə ilə əhvalınızı korlamış ola bilərəm. Axıra qədər oxusanız düzəltmək üçün bir şansınız olacaq. 2 il öncə 24 saatlıq telefon detoksu etmişdim. Ağlıma gəlməyən dostlarım, yazmalı olduğum mesajlar, varlığını unutduğum insanlar üçün darıxmaq kimi hallarla müşayiət olunan 24 saat ərzində beynimə hakim kəsilən əsas düşüncə isə” mən olmayanda bütün işlər qarışacaq” idi. Bəli, heç də elə olmadı. Heç kimin vecinə belə olmamışdım. Yəni yoxluğumu heç kim hiss etməmişdi. Qəbul etməyim bir neçə günümü aldı. İlk öncə insanları günahlandırdım. Axı onlar mənim kimi özəl şəxsiyyəti necə gözdən kənara qoymuşdular? Sonra özümü aşırı qiymətləndirdiyimin şahidi oldum. Dünyada kimin yeri boş qalır ki?

Tolstoyun “İvan İliçin ölümü” adlı əsərində baş qəhrəman ölməmiş ailəsi və dostları ondan qalanları bölüşdürmək həşirinə düşürlər. Onu isə nəfəs alarkən görməzdən gələrək ölümə tərk edirlər. Bu dünyada hər gün daha yaxşı bir həyat bəxş etmək üçün çalışdığı ailəsi, işlərini onlara özünün öyrətdiyi dostları, sadəcə olaraq ölməyini gözləyirdilər. Yəni etdiklərinin hamısı boşuna idi. Özündən başqa hamı üçün çalışan bu adam dünyadan köçəndə özünə aid heç nə buraxmadan getdiyinin şahidi olur.

Tolstoyun İvanından bizə nə? Deyirsiniz bilirəm. Bəlkə biz elə İvandan betər vəziyyətdəyik? Düşünmüsən bu barədə? Heç ölməyəcəkmiş kimi, yaxşı işlərin hamısını ertələyirsən bəlkə? Yeni bir dil öyrənməyi, Səyahət etməyi, özünə qıymadığın o ayaqqabını almağı, ehtiyac sahibinə əl tutmağı, qocalar evində könüllü işləməyi, ailənə, sevdiklərinə vaxt ayırmağı, xəyalındakı işi qazanmağı, futbol oynamağı, idman zalına yazılmağı, yeni kitab oxumağı, valideynlərini axtarmağı, dostlarına təşəkkür etməyi… Daha sayımmı? Bəs indi nə edirsən? Ölmədən öncə sosial mediada qurdalanmaq, Netfliksdə kinoya baxmaq, siqaret çəkmək, son anlarını içkili formada keçirmək, dəyərlərindən uzaqda keçirmək istərdiniz? Əlinizdəki telefonu möhkəm sıxıb, Yooooox deyirsiniz hə? Bəs etdiyiniz davranışlar da bunu deyir? Bu gün özünüz üçün nələr etmisiniz? Sevdikləriniz üçün, hobbiləriniz üçün, sağlamlığınız üçün, gələcəyiniz üçün, ölümdən sonrası üçün nələr etmisiniz?

Bu suala cavabınız yoxdursa sabah üçün plan qurun, sabaha çıxsaq mütləq edəcəyiniz dəyərli işləri qeyd edin. Gününüzün necə keyfiyyətli keçdiyini hiss edəcəksiniz. Həyatdan zövq almaq istəyirsiniz? Həyatı mənalı edən elə ölümün özüdür. Ölüm son hədddir. Limitdir. Bəli limitli varlıqlar olan insanların son limiti. Ona görə etdiklərimizdən zövq ala bilirik. Sevdiklərimizin həmişə yanımızda olacağından arxayın olsaq onlara elə indi vaxt ayırardıq? Bəs onda niyə həmişə olacaq kimi davranırıq?

#dəyərlərləqalın

Bir şərh yazın